AZ EN RU

Türkiyə Prezidenti Özbəkistana rəsmi səfərə yola düşüb

Martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana rəsmi səfərə yola düşüb.

Bu səfərlə iki ölkə arasındakı strateji əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatması gözlənilir.

Səfər çərçivəsində Türkiyə ilə Özbəkistan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İkinci Toplantısı keçiriləcək.

Hər iki ölkə prezidentinin sədrliyi və Daşkənddə müvafiq nazirlərin iştirakı ilə keçiriləcək Şura Toplantısında strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Özbəkistan münasibətləri nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Qeyd edək ki, Özbəkistanın ən çox xarici ticarət apardığı ilk beş ölkə arasında yer alan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci ildə iki ölkə arasındakı ticarət həcminin 5 milyard ABŞ dollarına çatacağı gözlənilir. Türkiyə keçən il Rusiya və Çindən sonra Özbəkistanda ən çox şirkət quran üçüncü ölkə olub. Belə ki, 2022-ci ilin yanvar ayına olan məlumata görə, Özbəkistanda fəaliyyət göstərən türk kapitallı şirkətlərin sayı 2123-ə çatıb ki, onların da 407-si 2021-ci ildə qurulub.

Nəşr edilib : 29.03.2022 15:07