AZ EN RU

Türkiyə Prezidenti İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşüb

Martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşüb.

Görüşdə Türkiyə Prezidenti hər iki tərəfə müraciət edib.

Nümayəndə heyətlərini salamlayan Türkiyə Prezidenti belə kritik bir zamanda heyətləri qəbul etməkdən və sülhün bərqərar olması üçün səylərə töhfə verməkdən məmnunluq hissi duyduğunu ifadə edib.

Türkiyə Prezidenti deyib: “Arzu edirəm ki, görüşləriniz və danışıqlarınız ölkələrinizə, regionumuza və bütün bəşəriyyətə faydalı olsun. Liderlərinizin göstərişləri əsasında həyata keçirdiyiniz danışıqlar prosesi sülhə ümidləri artırdı və bütün dünyanı həyəcanlandırdı”.

Bir an əvvəl atəşkəsin elan edilməsinin hər kəs üçün faydalı olacağını vurğulayan Türkiyə Prezidenti böhran başladığı gündən etibarən ölkəsi tərəfindən aparılan diplomatik səylərdən danışıb: “Xüsusən aramızdakı dostluğu, qonşuluğu, insani yaxınlığı yerinə yetirməyə çalışdıq. Şəxsən mən çox həmkarlarım, xüsusən də hörmətli dövlət başçılarınızın iştirakı ilə gərgin diplomatik iş aparmışam. Xarici işlər nazirimiz, milli müdafiə nazirimiz və baş müşavirim daim ölkələrinizlə əlaqə saxlayırdılar. Biz söz sahibi olduğumuz bütün beynəlxalq platformalarda hər iki tərəfin hüquqlarını, qanunlarını və həssaslıqlarını qoruyan və onlara əməl edən ədalətli yanaşma nümayiş etdirdik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı problemin aradan qaldırılması istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda böhran tərəfləri olmaqla 20-dən çox dünya lideri ilə dəfələrlə telefon danışıqları aparıb, görüşlər keçirib.

Nəşr edilib : 29.03.2022 11:17