AZ EN RU

Türkiyə Prezidenti: BƏƏ-yə səfərim zamanı Azərbaycanın tanınmış sənətçilərini dinləmək imkanım oldu

Birləşmiş Ərəb Əmirliyinə səfərim zamanı ziyarət etdiyimiz “EXPO 2020-Dubay” sərgi ərazisində Türkiyə Milli Günü tədbirində iştirak etdik. Gənclərlə görüşümüz zamanı ümid və həyəcan dolu yüksək enerjili söhbətimiz oldu. Sonra Azərbaycan pavilyonuna baş çəkmək və burada Azərbaycanın tanınmış sənətçilərini dinləmək imkanım oldu.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfərdən dönərkən media nümayəndələrinə açıqlamasında deyib.

Birləşmiş Ərəb Əmirliklərinə ikigünlük səfəri barədə məlumat verən Türkiyə Prezidenti Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed ilə çox səmərəli görüş keçirdiyini, Türkiyə-BƏƏ münasibətlərinin daha da inkişaf etdirilməsi üçün atılacaq birgə addımların müzakirə olunduğunu bildirib.

Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu deyən Prezident Ərdoğan bununla bağlı 13 müqavilənin imzalandığını, səfər zamanı keçirilən görüşlər zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığını qeyd edib.

İsrail Prezidentinin mart ayına Türkiyəyə nəzərdə tutulan səfərinə toxunan Rəcəb Tayyib Ərdoğan deyib: “Səudiyyə Ərəbistanı ilə müsbət dialoqumuzu davam etdiririk. Qarşıdakı dövrdə konkret addımlarla irəliləmək istəyirik. Biz Səudiyyə Ərəbistanı ilə bu prosesi müsbət istiqamətdə inkişaf etdirmək niyyətindəyik. İsrail Prezidenti İshaq Hersoqla müsbət telefon danışıqlarımız olub. İsrail Prezidentinin mart ayında ölkəmizə səfəri gözlənilir. Təbii ki, biz bu səfəri müsbət qarşılayırıq. Uzun fasilədən sonra belə bir addımın atılması Türkiyə-İsrail münasibətləri baxımından faydalı olacaq”.

Rusiya-Ukrayna böhranına toxunan Prezident Ərdoğan qeyd edib ki, bu ölkələrin rəhbərləri ilə İstanbul və ya Ankarada üçtərəfli görüş keçirilə bilər.

Nəşr edilib : 16.02.2022 17:12