AZ EN RU

Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Şuşa Bəyannaməsinin parlamentdə təsdiqlənməsi üçün müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında müzakirə olunub.

TBMM-in sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini, eləcə də ortaq milli maraqları özündə ehtiva edən tarixi sənəd kimi dəyərləndirilib.

Xarici İşlər Komissiyasının sədri Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən iclasda deputatlar, hökumətin təmsilçiləri və ekspertlər Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran və başqaları diqqətə çatdırıblar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə dövləti və xalqı haqq işində hər zaman Azərbaycanın yanında olub. Bildirilib ki, Şuşa Bəyannaməsi mövcud beynəlxalq geosiyasi vəziyyətdə qəbul edilmiş ən düzgün tarixi sənəddir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət bütün tərəflər üçün tarixi şans kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə şanlı Vətən müharibəsində olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaqdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini özündə tam dolğunluğu ilə əks etdirir.

Çıxışlarda qeyd olunub ki, Şuşa Bəyannaməsinə söykənərək Ermənistanla normallaşma, Zəngəzur dəhlizinin açılması, regionda çoxtərəfli əməkdaşlıq məsələlərində ortaq addımlar atılacaq.

Müzakirələrdən sonra TBMM-in Xarici İşlər Komissiyası Şuşa Bəyannaməsinin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib.

Nəşr edilib : 03.02.2022 15:05