AZ EN RU

Türkiyə MN Ermənistanı Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməyə çağırıb

“Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün səmimi səylərini davam etdirir: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”.

Həmçinin, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin mina və partlamamış sursatlardan təmizlənməsi istiqamətində dəstəyini davam etdirir.

Qeyd edək ki, bu gün, həmçinin Türkiyə MMN mənbələrindən bildirilib ki, Ermənistan bölgədə atəşkəsi pozmaqla yanaşı, həm də yeni səngərlər qazır, istehkamlar qurur, əraziyə silah-sursat daşıyır: “Ermənistan təxribatları dayandırmalı, əməkdaşlığa köklənməlidir. Regional sülhə və sabitliyə gedən yol sülh müqaviləsinin imzalanmasından keçir. Bunun üçün Zəngəzur dəhlizinin açılması müstəsna əhəmiyyətə malikdir".

Nəşr edilib : 14.09.2023 14:16