AZ EN RU

Türkiyə investisiyaları ölkə üzrə ikinci, muxtar respublika üzrə birinci yeri tutur

Bu gün iqtisadi sahədə aparılan islahatlar, innovasiyayönümlü sosial-iqtisadi siyasətin davam etdirilməsi Azərbaycan iqtisadiyyatını yeni mərhələyə çıxarıb və ölkəmiz xarici investisiyalar üçün cəlbedici məkana çevrilib. Dövlət başçısının 2020-ci il 7 avqust tarixli Sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatlarının davamlı xarakter daşıması, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilməsi bu istiqamətdə nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu yeniliklər isə Dünya Bankının “Doing Business” reytinqində ölkəmizin ilk iyirmiliyə daxil olması ilə nəticələnib.

Təsadüfi deyil ki, Dünya Bankı ekspertlərinin fikrincə, ölkəmizin belə müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı  bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır. Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlıq baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Digər tərəfdən Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Bundan əlavə, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması kimi məsələlərin diqqət mərkəzində saxlanılması da bu işə öz töhfəsini verib.

Təsadüfi deyil ki, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Həmçinin, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda sazişlər imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. Görülən bütün bu işlərin nəticəsində cari ilin birinci rübündə Azərbaycan investorlarının xarici ölkələrə yatırdığı birbaşa investisiyalar üzrə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz, qeyri-neft-qaz sahəsi üzrə qoyulan birbaşa investisiyalardan əldə edilən gəlirlər isə 92 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, xarici investorların Azərbaycana yönəltdiyi birbaşa xarici investisiyalardan əldə olunan gəlir əsasən neft-qaz sektorunu əhatə edib. Bu dövrdə xarici investorlar ölkəyə yatırılan birbaşa investisiyalardan 837,3 milyon ABŞ dolları məbləğində gəlir əldə ediblər ki, bu məbləğin 93,8 faizi xam neft və qaz şəklində repatriasiya vasitəsilə əldə olunub. Cari ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Habelə cari ilin ilk rübündə birbaşa xarici investisiyaların ÜDM-ə nisbəti 8,8 faiz, qeyri-neft-qaz birbaşa xarici investisiyaların qeyri-neft-qaz ÜDM-ə nisbəti isə 1,7 faiz təşkil edib. Buna baxmayaraq qeyri-rezidentlərin yerli iqtisadiyyata yatırdığı birbaşa xarici investisiyalar üzrə xalis maliyyə öhdəlikləri 358,7 milyon ABŞ dolları azalıb. Birinci rübdə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın 12,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

Bu dövrdə ölkəmizə ən çox birbaşa xarici investisiyanı Birləşmiş Krallıq 443,2 milyon ABŞ dolları, Türkiyə 261,4 milyon ABŞ dolları və Birləşmiş Ərəb Əmirlikləri 190,7 milyon ABŞ dolları  yatırıb. Naxçıvan Muxtar Respublikasında isə hazırda fəaliyyət göstərən xarici sərmayəli şirkətlərin 78 faizini Türkiyə şirkətləri təşkil edir.  Rəsmi məlumata görə, bu ilin yanvar-aprel aylarında qardaş Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub və Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon  dollar olub ki, burada da Türkiyənin payı 52,7 faiz təşkil edib. Buradan da məlum olur ki, cari ilin birinci rübü üçün Türkiyə investisiyaları ölkə üzrə ikinci, muxtar respublika üzrə isə birinci yeri tutub.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.06.2024 12:37