AZ EN RU

Türkiyə Gənclik Vəqfi İqdır İl təmsilçisi Cəmaləttin Cantəpə: “Naxçıvana növbəti dəfə fərqli proqramla, daha geniş layihə ilə gələcəyik”

    Türkiyə Gənclik Vəqfi (TÜGVA) tərəfindən türkiyəli gənclərin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi və Heydər Əliyev Muzeyi, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün büstü, “Xan Sarayı” Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi ziyarət edilib. Qonaqlar  Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Dövlət Universiteti ilə tanış olub, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda naxçıvanlı gənclərlə görüşdə iştirak ediblər. Görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun direktoru Cəbi Quliyev və Türkiyə Gənclik Vəqfi  İqdır İl təmsilçisi Cəmaləttin Cantəpə çıxış edərək iki ölkə arasındakı qardaşlıq əlaqələrindən, Türkiyə və Azərbaycan Gənclər fondlarının bu günədək birgə həyata keçirdiyi layihələrin əhəmiyyətindən, hər iki ölkə gənclərinin ortaq maraqları əsasında davam edəcək sıx əməkdaşlıq və planlardan söz açıblar. Görüşün sonunda konsert proqramı olub. Naxçıvan Musiqi Kollecinin instrumental ansamblı tərəfindən təşkil edilən konsert qonaqlara xoş ovqat bəxş edib. Türkiyəli qonaqlar “Şərq qapısı” qəzetinə müsahibə verib.

    Türkiyə Gənclik Vəqfi (TÜGVA) İqdır İl təmsilçisi Cəmaləttin Cantəpə: – Biz Türkiyə Gənclik Vəqfi olaraq Türkiyə gəncləri ilə Azərbaycan, xüsusən də naxçıvanlı gənclərin yaxşı əlaqələr qurmasını istəyirik. Buna Naxçıvana yaxın olan İqdırdan da dəstək vermək istədik, İqdır Universitetində təhsil alan gənclərlə belə bir tur keçirməyi  qərara aldıq. Düşündük ki, həm onlar, həm də buradakı gənclər üçün gözəl başlanğıc və yaxşı proqram olacaq. Naxçıvandakı aid təşkilatlarla da əlaqə saxladıq və müsbət cavab aldıq. Nəticədə, gənclərimizlə bugünkü gözəl səfəri təşkil etdik. Səfərimiz olduqca maraqlı keçdi. Gənclərimiz bir-birlərini daha yaxından tanıdılar, fikir mübadiləsi etmək imkanları oldu. TÜGVA İqdır İl təmsilçisi kimi məqsədimiz gənclərə ən gözəl və ən yaxşı xidməti göstərməkdir. Naxçıvana olan səfərimizlə də bunu təmin etdiyimizi düşünürəm. İqdıra çox yaxın şəhər olsa da, ilk dəfədir, Naxçıvandayam. Buraya gəldiyim üçün çox şadam. Qonaqpərvərlik gözəldir, insanlar mehribandır, indiyədək bura gəlmədiyimiz üçün təəssüfləndik. Naxçıvana növbəti dəfə fərqli proqramla, daha geniş layihə ilə gələcəyik. Bunun üçün təkcə İqdırda deyil, Türkiyənin müxtəlif bölgələrində daha böyük tədqiqatlar aparmağı planlaşdırırıq.

    Onu da qeyd edim ki, Naxçıvana gənclərimizin marağı böyükdür. Keçən il Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi təşkil edilmişdi. Burada gənclər çox gözəl əlaqələr qurublar, razı qalıbar. Naxçıvanda olan gənclər buraya yenidən gəlmək istəyirlər. Əminəm ki, bu gün burada iştirak edən gənclərimiz də onlar kimi düşünəcək.  Biz naxçıvanlı gəncləri də İqdırda qonaq etmək istəyirik. Yalnız İqdırda deyil, müxtəlif bölgələrimizdə də onları qarşılaya bilər, onlar üçün əlimizdən gələni edərik. 

    Songül Meriç – İqdır Universitetinin İlahiyyat fakültəsinin tələbəsi: – Naxçıvana gəldiyim üçün sevinirəm. Naxçıvan ilk baxışdan gözəldir. Bu mənada, binaları, xüsusilə tarixi binaları, muzeyləri, abidələri qeyd edərdim. Burada bir çox yerləri gəzdik. Heydər Əliyev Muzeyində bu dövlətin qurucusunu bir daha  yaxından tanıdıq. Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün büstünü ziyarət etdik, duyğulandıq, qürurlandıq. Çox sevindik ki, Naxçıvanda da bu böyük türk sərkərdəsinin xatirəsi yaşadılır, əziz tutulur. Xan sarayının naxçıvanlı xanların yaşadığı bir yer olduğunu öyrəndik. Bu, həqiqətən də, maraqlıdır. İstərdim ki, digər türk gənclər də gəlsinlər, bu cür tarixi yerləri gəzsinlər. Axı bizim dədə-babalarımız buradan keçib, burada döyüşüblər, yaşayıblar. Bəli, türk tarixi ilə bağlı bilginizi zənginləşdirmək, ruhunuza xitab edən yerlər görmək üçün Naxçıvan ideal yerdir. Biz Naxçıvanı çox sevdik. 
    Asiyə Avcı – İqdır Universitetinin Aşbazlıq bölməsinin tələbəsi: – Əvvəlcə mən bu səfəri təşkil edənlərə, Naxçıvana gəlməyimiz üçün bizə şans yaradanlara təşəkkür edirəm. Buradakı insanlar mehribandır, qayğıkeşdir. Bizi çox yaxşı qarşıladılar, heç nəyimiz əskik olmadı. Naxçıvan bir elm, mədəniyyət ocağıdır.  Buradakı tarixi-dini abidələr Naxçıvan haqqındakı düşüncələrimizi zənginləşdirdi. Möminə xatın türbəsi eşitmişdim ki, bir qadının şərəfinə ucaldılıb, amma belə gözəl memarlıq üslubu olduğunu bilmirdim. Bu memarlıq nişanələri türk xalqının zəkasının nə qədər dərin olduğunu, necə bir-birinə yaxın və qardaş olduqlarını bir daha göstərir. Naxçıvan mətbəxinin zəngin olduğunu eşitmişəm. Bu mövzuda da öyrənəcəklərim oxuduğum peşə üzrə mənə çox yardımçı olacaq. Naxçıvana belə səfərlərin daha çox olmağını istəyirəm. Naxçıvan gəzdikcə daha çox öyrənəcəyimiz bir yerdir. 
    Zilan Təkinalp – İqdır Universitetinin İlahiyyat fakültəsinin tələbəsi: – Bu il universitetdən məzun oldum. Türkiyə Gənclik Vəqfinin dəstəyi ilə təşkil edilən bu səfərdə iştirakımdan  çox məmnunam. Naxçıvanı bir çox xüsusiyyətlərini bəyəndim. Açığı, ilk gözümə dəyən şəhərin çox təmiz olmasıdır. Ekoloji baxımdan çox xoşuma gəldi. 
    Tarixi nöqteyi-nəzərdən, siyasi gündəmdə də iki xalqın bir-biri ilə bağlılığının həmişə şahidi olmuşuq. Bu bağlılığın muzeylərdə sənədləşdirildiyini görməkdən böyük zövq aldım. Bununla da beynimizdəki tarixi bağlılığı bir daha yenilənmiş olduq. Adı müqəddəs kitabımız olan “Qurani-Kərim”də də keçən Əshabi-kəhfi ziyarət etdik. Uca dağlarla əhatəli bu yerin aurası ilk baxışdan insanı özünə cəzb edir. Allah sanki bu yerlərə bir möcüzə bəxş edib. Oranı yaxşıca gəzdik, dualarımızı etdik. Bu dini abidə çox böyük heyrət hissi yaşatdı. Naxçıvan səfəri bizim üçün əla keçdi. 
    Mustafa Gözəl – İqdır Universitetinin Səhiyyə Xidməti Məslək Yüksəkokulunun tələbəsi:  – Mən Türkiyənin Şanlıurfa bölgəsindənəm, İqdırda təhsil alıram. İlk dəfədir ki, Naxçıvana gəlirəm. Bir çox yerləri gəzdik. Öncə deyim ki, şəhər memarlıq cəhətdən mükəmməl qurulub. Oxuduğum ixtisas üzrə Duzdağ mənim diqqətimi daha çox çəkdi. Duzdağ Fizioterapiya Mərkəzi şəfaverici xüsusiyyəti ilə seçilir. Səhiyyə turizmi yeri kimi Duzdağ tanınır və buraya bir çox ölkələrdən  insanlar müalicə üçün gəlirlər. Burada öyrəndiklərim mənim üçün əhəmiyyətli idi və mənimlə birgə təhsil alan digər dostlarıma da bu barədə danışacağam. Əminəm ki, Naxçıvan onların da diqqətini çəkəcəkdir. 
    Sərdar Öztürk – İqdır Universitetinin İlahiyyat fakültəsinin doktorantı: – Müxtəlif şəhərlərin tarixi, mədəniyyəti məni çox maraqlandırır. Lakin Naxçıvana olan marağım bir başqadır. Bu gün biz Naxçıvanın bir çox gəzməli, görməli yerlərində olduq.  Duzdağ Fizioterapiya Mərkəzi və Əshabi-kəhf ziyarətgahı isə mənim üçün ən yaddaqalan məkanlardan oldu. Türkiyədə də Duzdağ və Əshabi-kəhf var. Lakin buradakı Duzdağ da, Əshabi-kəhf də çox fərqlidir. Naxçıvandakı Duzdağda insanlar üçün yüksək səviyyəli səhiyyə xidməti üçün hər cür şərait yaradılıb. Bu, Naxçıvanda insanların sağlamlığına necə böyük diqqətlə yanaşıldığını göstərir. Yerin altında belə gözəl müalicə mərkəzi yaratmaq və xəstələrinin təbii yolla müalicəsinə nail olmaq düşünürəm ki, mükəmməldir. Türkiyənin Mərsin və Diyarbəkir şəhərlərində də Əshabi-kəhf mağaraları var. Ancaq bu ziyarətgahın daha fərqli bir mənəvi təsiri vardır. Onu da deyim ki, biz orada başqa ölkələrdən də Əshabi-kəhfə ziyarətə gələnlər olduğunu gördük. Bu ziyarətgah əsl dini turizm mərkəzinə çevrilib. Bu, xalqın dini inanc yerlərinə dövlətin diqqət və ehtiramının nişanəsidir. Görülən işlər milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə yanaşı, əxlaqi keyfiyyətlərin də burada üstün tutulmasının göstəricisidir. 
    Şəfa İşlər – İqdır Universitetinin Bədən Tərbiyə və İdman Yüksəkokulunun tələbəsi: – Bir çox böyük şəhərlərdə olmuşam, bu şəhərlərin yüksək müasirliyini, inkişafını Naxçıvanla müqayisə etsəm, yəqin ki, heç bir fərq tapa bilmərəm. Naxçıvan da hər yer yaşıllıq, al-əlvan gül-çiçək içərisindədir. Getdiyimiz məkanlar o qədər təmizdir ki, inanın, bu təmizliyi başqa şəhərlərdə görmək mümkün deyil. Bütün bunlar insanların zəhmətkeşliyindən, gözəlliyə vurğunluğundan xəbər verir. Burada infrastruktur elə qurulub ki, heç bir nöqsan yoxdur. Diləyirəm ki, bu diyar gündən-günə çiçəklənsin, onun mədəniyyətinin, təhsilinin, elminin yeni-yeni nailiyyətləri bizi daha da sevindirsin. 
    Mehriban Özdəmir – İqdır Universitetinin Fənn ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı məzunu: – Naxçıvana ilk dəfədir, gəlirəm. Bu səfər məni çox sevindirdi. Çünki Naxçıvanın turistik yerləri ilə internet üzərindən çox maraqlanmışam. Hər zaman buraya gəlmək arzusunda olmuşam. Şəkillərdə gördüyümdən daha gözəldir bu şəhər. Xüsusilə də memarlıq üslubu mənim çox diqqətimi çəkdi. Ziyarət zamanı Naxçıvan Gənclər Fondu və Turizm Departamentinin əməkdaşları bizi müşayiət etdilər. Bizi çox gözəl qarşıladılar. Buranın insanları, doğrudan da, çox istiqanlı, kömək etməyi sevəndirlər.  Bir çox gəzməli-görməli yerləri ziyarət etdik. Ən təsirlisi Əshabi-kəhf ziyarətgahı idi. Burada insan o qədər saflaşır, paklaşır ki, sanki dünyaya yenidən gəlir. Naxçıvan, mən deyərdim ki, mədəniyyət mirasıdır. Və mən bütün yaxınlarıma belə asanlıqla gedə biləcəyimiz bu yerləri gəlib görməklərini tövsiyə edirəm. Arzum budur ki, iki ölkənin dövlət başçıları arasındakı dostluq və xalqlarımız arasındakı qardaşlığı gənclər olaraq davam etdirək, azərbaycanlı gənclərlə əlaqələrimiz daha da möhkəmlənsin. 

Gülcamal TAHİROVA
 Güntac ŞAHMƏMMƏDLİ 
​​​​​​​

Nəşr edilib : 07.06.2022 21:29