AZ EN RU

Türkiyə Cümhuriyyətinin Zəfər Tarixi türk xalqlarının vətənpərvərlik və qəhrəmanlıq dastanıdır

     Hər millətin tarixində olduqca önəmli günlər vardır. Avqustun 30-u Türkiyə tarixinin önəmli günlərindən sayılan – Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günüdür. Bu şanlı gün özündə böyük bir tarix daşıyır. 
    1920-ci ildə Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsini bir çox qərb dövlətləri imzalanmış bir müqavilə ilə tamamilə parçalamaq istəyirdi. Bu qərara qarşı böyük iradə, qəhrəmanlıq göstərən, güc toplayıb bütün bunların  qarşısını alan türk xalqının öndəri Mustafa Kamal Atatürk oldu. Bu böyük rəhbər öz silahdaşları ilə birgə düşmənlərə qarşı savaşa qalxdı, müharibə apardı, nəticədə, çoxlu şəhidlər verildi, ancaq türk xalqı böyük Zəfər çaldı. Beləliklə, Türkiyə əleyhdarları olan dövlətlər 1922-ci ildə qəbul etdikləri qərarlardan imtina etdilər və böyük Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə Cümhuriyyəti və Türkiyənin Silahlı Qüvvələri yarandı. Böyük Zəfərdən iki il sonra Qazi Mustafa Kamal Atatürk 1924-cü il avqustun 30-da Dumlupınarda Cümhuriyyət tarixi baxımından çox mühüm bir çıxış edərək şanlı Zəfəri belə qiymətləndirmişdi: “Şübhə olmamalıdır ki, yeni türk dövlətinin, gənc Türkiyə Cümhuriyyətinin təməli burada möhkəmləndirildi. Onun əbədi həyatı burada taclandırıldı. Burada tökülən türk qanları, bu səmada uçan şəhid ruhları dövlət və cümhuriyyətimizin əbədi qoruyucularıdır. Buradakı “Şəhid əsgər” abidəsi o ruhları, onların qazi dostlarını, fədakar və qəhrəman türk millətini təmsil edəcək. Bu abidə türk vətəninə tamah salanlara, türklərin 30 avqustda atəşə, süngüyə, hücuma qüdrət və iradəsindəki şiddəti xatırladacaq”.  İlk dəfə 1924-cü ildə Afyonda Ali Baş Komandanın Zəfəri kimi qeyd olunan 30 avqust, 1926-cı ildən Türkiyədə rəsmi olaraq “Zəfər Günü” kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev bu əlamətdar tarixi günü belə dəyərləndirmişdir: “Zəfər bayramı türk xalqının… tarixində çox əlamətdar və tarixi gündür. Birinci Dünya müharibəsindən sonra…Türkiyəni hər tərəfdən dağıtmağa, parçalamağa çalışdılar. Ancaq türk xalqı bunların hamısına sinə gərdi, öz qəhrəmanlığını göstərdi və türk əsgəri nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”.
    İki dövlət arasındakı sarsılmaz dostluğun, qardaşlığın ifadəsi kimi köklərimizin, dilimizin, dinimizin, mədəniyyətimizin, adət-ənənələrimizin bir olduğu, bir sözlə, keçmiş, bu gün və gələcək taleyimizin bir-birinə  sıx  tellərlə  bağlılığı tarixin sınaqlarından keçərək təsdiqini tapmış həqiqətdir. Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini müəyyən edən, Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq bağlarını əbədi və daimi edən əvəzsiz formuldur. Bu mənada, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi, inkişafı və qorunub saxlanmasının əsas memarı olmuşdur. Dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə – 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə isə qardaşlıq münasibətləri daha da genişləndirilmiş, Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirilmişdir. Təsadüfi deyil ki, bu gün qardaş Türkiyənin bir çox şəhərlərində Ulu Öndərimizin əziz xatirəsinə ehtiram, dəyər, hörmət nümunəsi olaraq parklar, küçələr salınır, bir çox məktəb və liseylər açılır, Türk dünyasının bu böyük oğlunun yüzillik yubileyi qardaş ölkədə də möhtəşəm silsilə tədbirlərlə qeyd olunur. Eynilə də ölkəmizdə Mustafa Kamal Atatürkün adına parkların salınması, müxtəlif şəhərlərdə heykəllərinin ucaldılması bu böyük öndərə olan sevginin, məhəbbətin rəmzidir. Bu gün ölkə başçısı, Ümummilli Liderimizin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkiyə birliyi daim yüksələn xətlə inkişaf edir. 
    Türkiyəyə olan  münasibətini təkcə sözdə deyil, əməlləri ilə də təsdiq edən ölkə başçısı cənab İlham Əliyevin 2014-cü ildə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, 2016-cı il iyulun 15-də  legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdi zamanı Azərbaycan dövlətinin və xalqının  ilk dəqiqələrdən haqqın-ədalətin, beynəlxalq hüququn müdafiəçisi kimi qardaş ölkəyə dəsək göstərməsi,  Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqq işinə daim dəstəyi,  xüsusilə də 2020-ci il sentyabrın 27-dən bəri tarixi, əzəli torpağımız Qarabağ uğrunda başlanan Vətən müharibəsində Türkiyənin ölkəmizə birmənalı dəstəyi, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş. Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi  iki ölkə arasındakı birlik və həmrəyliyin təntənələridir. Prezident cənab İlham Əliyev 2020-ci il oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibəsində demişdir: “Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”. Sarsılmaz müttəfiqlik münasibətləri 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə daha da yüksəldi. Hər iki ölkə başçısının 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını nümayiş etdirərək imzaladıqları Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafı təmin edən sənəddir. Bəyannamədə müdafiə, hərbi sənaye sahələrində əməkdaşlıq məsələləri də əksini tapıb. Həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilib.  
    Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə bütün sahələrdə – siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, təhsil, nəqliyyat, enerji, ticarət və sair uğurla inkişaf etdirilir. Müdafiə sahəsində olan işbirliyi isə sülh və təhlükəsizliyin əsas  qarantı rolunu oynayır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsi, nəqliyyat sahəsində birlikdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu hər iki ölkənin iqtisadi gücünün göstəricisidir. Bu gün Azərbaycan-Türkiyə beynəlxalq platformalarda da eyni mövqedən çıxış edir. Niyyəti, amalı Türkiyəni və Azərbaycanı daha da gücləndirmək olan hər iki dövlətin atdığı bütün addımlar dünya üçün nümunə rolunu oynayır.
    Azərbaycan-Türkiyə arasındakı hərbi əməkdaşlıq əlaqələri isə ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr  yazır. Hər iki ölkə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Bakıda, Naxçıvanda və digər bölgələrimizdə birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi möhkəm və sarsılmaz birliyimizin növbəti nümunəsidir. Xatırladaq ki, qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad, Naxçıvan şəhərində  keçirilən iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq” birgə döyüş atışlı taktiki təlimləri “iki dövlət - bir ordu”  modelinin əməli nümunəsi olmaqla  hərb tariximizə uğurları ilə yazılıb.  Ölkə başçısı demişdir: “Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz”. Keçən müddətdə Ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atılan addımlar bu gün dünyanın ilk ən güclü 50 ordusu sırasında özünə yer alan milli ordumuzun gücünə güc qatır. Dünyada sülhün, təhlükəsizliyin, inkişafın, əməkdaşlığın əsasını təşkil edən bu birlik və bərabərlik dostlarımız üçün qürur mənbəyi, düşmənlərə isə göz dağıdır.    
    Böyük türk lideri Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan isə sarsılmaz qardaşlıq və dostluq əlaqələrində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı ordu quruculuğu, iqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Xüsusilə ordu quruculuğu sahəsindəki bu əməkdaşlıq ilbəil genişləndirilir. Ənənə halını almış birgə hərbi təlimlər uğurlu əməkdaşlığın nəticəsidir. Onu da qeyd edək ki, 2020-ci il fevralın 25-də Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında digər məsələlərlə yanaşı, Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmir yol nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə də sənədlər imzalanmışdır ki, bu da Naxçıvanın regionda geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından  mühüm əhəmiyyət kəsb edir.
    2023-cü il iki ölkə arasında qarşılıqlı əməkdaşlıq cəhətdən xüsusilə uğurlu sayıla bilər. Bu il fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ xalqımızı dərindən sarsıtdı, bu çətin zamanlarda ürəyimiz qardaş Türkiyə üçün döyündü, xalqımız könüllü olaraq doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələn köməyi göstərdi. Prezident cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verərək dedi: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.” Dövlətimizin başçısı fevralın 25-də İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdü, Türkiyə Prezidenti Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi. Ölkə başçısı martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşündə çıxışı zamanı dedi: “Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir”. Aprelin 29-da Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasına işgüzar səfəri iki ölkə arasında birliyin, qardaşlığın növbəti təzahürü oldu. İstanbulda keçirilən növbəti “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edən Prezident cənab İlham Əliyev dedi: “Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır”. Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycan və Türkiyənin birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəklərinə dair niyyət protokolu imzalanması, həmçinin festivalda dövlətimizin başçısının Türkiyənin müdafiə sənayesində qazandığı  uğurlara toxunaraq Türk Ordusunun bu gün dünya çapında ən öndə olan orduların sırasında olduğunu bildirməsi, Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılacağını elan etməsi, ölkə başçısının “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” bəyanatı Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin əbədiliyini bir daha təsdiqlədi.  
    Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun – “Bir çoxlarımız bu müttəfiqliyin Türkiyədə seçkilərin nəticəsindən asılı olmayaraq, davam etməsinə və daimi xarakter almasına əmin olmaq istəyirik...” sualına ölkə başçısı cavab verdi ki, gələcəkdə hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib... İyunun 3-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirakı “Türkiyə yüzilliyi”nin inşasında Azərbaycanın qardaş ölkənin yanında olacağına, əlaqələrimizi daha da möhkəmləndirmək üçün birlikdə çiyin-çiyinə çalışacaqlarını göstərir. İyunun 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra xanımı Əminə Ərdoğan  ilə ölkəmizə dövlət səfəri dostluğun, qardaşlığın daha bir  nümunəsi oldu. İyunun 13-də Prezident cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxışda bir çox sahələrdə, eləcə də müdafiə və müdafiə sənayesi sahəsində görülən tədbirlərdən, bu sahələrdə gələcək planlardan danışdı, Azərbaycan Ordusunun bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcəyi, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının bütün ölkələr üçün yeni imkanlar açacağı və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəyi qeyd olundu, Şuşa Bəyannaməsinin müddəalarının bundan sonra da uğurla həyata keçiriləcəyi vurğulandı. 
    İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyev bəyan etdi ki: “... Növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir...”
    Bu gün Türkiyə xalqı haqlı olaraq Vətənlərinin düşmən tapdağından azad edilməsini, türk millətinin müstəqilliyini müjdələyən 30 avqust Qələbəsini böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir. Bu tarixi Zəfər Türk xalqının dövlətə, bayrağa bağlılığını, öz gücünə inamını, milli birlik və həmrəyliyini göstərir. Qardaş Türkiyənin Zəfər bayramını səmimi qəlbdən təbrik edirik, Türk torpağını qanı və canı ilə Vətən edən müqəddəs şəhidlərimizi və qazilərimizi rəhmət və hörmətlə anırıq. Zəfəriniz mübarək! Güclü və məğrur Türk xalqına yalnız Zəfər, qalibiyyət yaraşır!.. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 29.08.2023 20:06