AZ EN RU

Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü muxtar respublika paytaxtında bayram tədbiri ilə qeyd olunub

    Oktyabrın 30-da Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu, İqdırdakı Araz doğa və Azərbaycan kültür dərnəyi və Naxçıvan şəhərindəki “Cahan” AVM-in təşkilatçılığı ilə muxtar respublika paytaxtındakı İstirahət və Əyləncə Mərkəzində Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Cümhuriyyət bayramının qardaş ölkə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təntənə ilə qeyd olunmasından məmnunluğunu ifadə edib. Baş konsul bildirib ki, eyni soykökə, dilə, mədəniyyətə malik Türk və Azərbaycan xalqları tarixboyu qardaşlıq, dostluq münasibətləri şəraitində yaşayıblar. Müasir dövrdə bu münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilir, dostluq, qardaşlıq münasibətlərinin gələcək inkişafı üçün geniş imkanlar yaradılır. Məhmət Emin Kiraz Cümhuriyyətin ildönümü ilə əlaqədar təbriklərini çatdırıb, bayram tədbirinin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

    Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov qardaş Türk xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan-Türkiyə arasında müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlıq münasibətləri dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Türkiyənin yaxın bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələr uğurla inkişaf etdirilir. Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən bu bayram tədbiri qardaşlıq, dostluq münasibətlərinin bariz ifadəsi olmaqla yanaşı, həm də mədəni əlaqələrimizin inkişafından xəbər verir. 
    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev çıxışında hər iki ölkənin gənclərinin iştirakı ilə il ərzində keçirilən müxtəlif tədbirlərdən danışaraq bildirib ki, son illərdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə Türkiyə Gənclik Vəqfi arasında yaradılan əlaqələr hər iki ölkə gənclərinin birgə hərtərəfli inkişafına, tariximizin, mədəniyyətimizin, turizm potensialımızın öyrənilməsinə, təbliğinə yönəldilib. Birgə keçirilən tədbirlər sırasında 44 günlük Vətən müharibəsindən sonra Naxçıvan şəhərində təşkil olunan “Azərbaycan-Türkiyə Gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi”ni və Türkiyə Respublikasının Qaziantəp şəhərində reallaşan “Azərbaycan-Türkiyə Gənclərinin II Beynəlxalq Zəfər Düşərgəsi”ni xüsusi qeyd etmək olar. Qardaşlıq, dostluq prinsiplərinə əsaslanan belə tədbirlər bundan sonra da uğurla həyata keçiriləcək.
    Sonra Türkiyə Respublikası İqdır vilayətinin valisi Hüseyn Engin Sarıibrahimin həyat yoldaşı Haticə Sarıibrahim və Araz doğa və Azərbaycan kültür dərnəyinin rəhbəri Sərpil Önal tərəfindən bayram münasibətilə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimova və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyevə simvolik hədiyyələr təqdim olunub. 
    Bayram tədbirində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa edilib, İqdırdakı Araz doğa və Azərbaycan kültür dərnəyinin “4 Tip” musiqi qrupu tərəfindən konsert proqramı təqdim olunub. Sonda bayram tədbiri müddətində Cümhuriyyətlə bağlı rəsmlər çəkən uşaq və gənclərə bayram hədiyyələri verilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.10.2022 21:33