AZ EN RU

Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu ilə görüş

    Diplomatik xidmət müddəti başa çatmaqda olan Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kirazın Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində təhsil alan tələbələrlə görüşü olub. 
    Türkiyənin muxtar respublikadakı Baş Konsulluğu ilə universitet arasındakı səmərəli əməkdaşlıqdan bəhs edən rektor Elbrus İsayev iki qardaş ölkənin timsalında regionda inkişaf etmiş iki güclü dövlətin birliyinin bu ölkələrin müxtəlif sahələrinə, o cümlədən təhsil sahəsində informasiya və təcrübə mübadiləsinə təsirindən danışıb. “Azərbaycanın Türkiyə ilə qonşuluq siyasətində sərhədyanı bölgə olan Naxçıvanda bu təsir daha çox hiss olunur və universitetlərarası əlaqələrin inkişafında mütəmadi səfərlərin və görüşlərin keçirilməsi ilə Qərb təhsil sisteminin öyrənilməsi və mənimsənilməsi baxımından böyük təcrübi imkanlar əldə olunub”, – deyə rektor bildirib.  
    Tarixən Azərbaycan və Türkiyə dövlətlərinin çiyin-çiyinə mübarizəsindən, birlik və bərabərlik siyasətindən danışan Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz hələ XII əsrin əvvəllərindən etibarən son dövrlərədək baş vermiş hadisələrə nəzər salaraq, bütün bu proseslərdə Türkiyə Cümhuriyyətinin ölkəmizə qarşı qardaşlıq mövqeyinin dəyişməzliyini bir daha diqqətə çatdırıb. Konyada XV əsrə məxsus Baba Nemətullah Naxçıvani türbəsinin timsalında qarşılıqlı münasibətlərin dərin milli köklərə dayandığını bir sıra tarixi faktlarla vurğulayan diplomat, hələ sovet dönəmində Azərbaycanın Türkiyədə açılan səfirliyindən və ilk səfiri Ordubad sakini İbrahim Əbilovun səmərəli fəaliyyətinin əlaqələrin inkişafına müsbət təsirindən danışıb. Sonrakı dövrlərdə də davam edən iqtisadi, ticari, nəqliyyat və dövlət səviyyəli digər əməkdaşlıqların qazandırdığı nailiyyətlərin hər iki ölkə üçün faydalı olduğu diqqətə çatdırılıb. Baş konsul muxtar respublikada uğurlu diplomatik fəaliyyətinə yaradılan şərait, göstərilən qayğı üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Görüş zamanı tələbələrin suallarını cavablandıran Baş konsul təcrübəli diplomat olmaq üçün qarşıya qoyulan vəzifə və yerinə yetirilməli tapşırıqlar barədə onlara faydalı məsləhətlər verərək beynəlxalq münasibətlərdə və xarici əlaqələrdə diplomatiyanın müharibəni dayandıra biləcək gücə malik olduğunu bildirib. Çıxışının sonunda türkiyəli qonaq “Türk şəhid diplomatlar” adlı ikicildlik nəşri və “Atatürk və Türkiyənin xarici siyasəti” adlı kitabı universitet kitabxanasına hədiyyə edib. 
    Sonda xatirə plaketi və universitet tələbələrinin keramikadan hazırladığı əl işi sənətini türk diplomata təqdim edən rektor məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 02.11.2022 20:06