AZ EN RU

Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu AMEA Naxçıvan Bölməsinin qonağı olub

    AMEA Naxçıvan Bölməsində Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz ilə diplomatik xidmət müddətinin başa çatması münasibətilə görüş keçirilib.
    Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Türkiyə və Azərbaycan arasındakı etnik, tarixi, mədəni əlaqələrdən, qardaşlıq və dostluq münasibətlərindən danışıb. Bu münasibətlərin, xüsusilə XX əsrin əvvəllərində həyati əhəmiyyət daşıdığını diqqətə çatdıran akademik 1918-1920-ci illərdə Qafqaz İslam Ordusunun yaradılmasından, Bakının düşmən işğalından azad edilməsində qardaş ölkə­nin rolundan, Türkiyənin istiqlal müharibəsində, Çanaqqala döyüşündə azərbaycanlıların Osmanlı Türkiyəsinə dəstəyindən bəhs edib. Naxçıvanın Azərbaycanın tərkibində saxlanması məsələsində Türkiyənin mövqeyindən, Qars müqaviləsinin əhəmiyyətindən danışan bölmə sədri bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu rəsmi olaraq tanıyan ilk dövlət qardaş Türkiyə Cümhuriyyəti olmuşdur. Vurğulanıb ki, ərazi bütövlüyümüzün bərpası uğrunda Azərbaycanın haqlı mübarizəsinə hər zaman dəstək olan Türkiyə Vətən müharibəsi zamanı da öz dəyişməz mövqeyini nümayiş etdirmişdir. İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi də bu dostluğun hərbi, siyasi, iqtisadi cəhətdən müttəfiqlik səviyyəsində təsbitidir.
    Çıxışda digər sahələrlə yanaşı, elm, təhsil və mədəni əlaqələrin də yüksək səviyyədə inkişafında Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun, eləcə də diplomatik xidmət müddəti başa çatmaqda olan Məhmət Emin Kirazın səmərəli fəaliyyətini qeyd edən akademik AMEA Naxçıvan Bölməsinin Türk Tarix Qurumu, Türk Dil Qurumu, İqdır Universiteti ilə əlaqələrindən danışıb. İsmayıl Hacıyev nəzərə çatdırıb ki, hər iki ölkə alimlərinin elmi əməkdaşlıqda fəal iştirakı təqdirəlayiq hal olmaqla yanaşı, həm də düzgün qurulan əlaqələrin nəticəsidir.
    Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin milli birlikdən qaynaqlandığını diqqətə çatdırıb. Baş konsul, xüsusilə XX əsrdən günümüzədək mövcud olan qardaşlıq münasibətlərini dövrlər üzrə xarakterizə edib. Sovet hakimiyyəti dönəmində dövrün siyasi rejimi çərçivəsində iki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran qonaq bu faktı milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Məhmət Emin Kiraz bölgədə sülh və əmin-amanlığın, milli dəyərlərin qorunmasında və təbliğində vacibliyini qeyd edib. Baş konsul çıxışının sonunda Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində əməkdaşlığın inkişafına göstərilən diqqətə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
    AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Tofiq Əliyev, Fəxrəddin Səfərli, dosentlər Firudin Rzayev, Elxan Məmmədov və Emin Şıxəliyev tədbirdə çıxış edərək Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətinin tarixi və mədəni əsaslarından danışıblar, Məhmət Emin Kiraza gələcək fəaliyyətində uğurlar arzu ediblər.
    Sonda akademik İsmayıl Hacıyev və Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz qarşılıqlı olaraq kitab hədiyyə ediblər.

AMEA Naxçıvan Böməsinin mətbuat xidməti

Nəşr edilib : 11.11.2022 20:17