AZ EN RU

Türkiyə Cümhuriyyətinin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub

Martın 16-sı səhər erkən media nümayəndələri olaraq “Şərq qapısı” qəzeti redaksiyasının önünə toplandıq. Çox həyəcanlı idik. Axı əsrlərin ağır sınaqlarına sinə gərərək öz təbiət gözəlliyini, tarixiliyini qorumağa müvəffəq olan  bu doğma diyarı fotolar vasitəsilə qardaş ölkədə sərgiləyəcəkdik. Uzun yola şirin söhbətlərlə körpü salırıq. İğdır şəhərinə fotosərgi üçün getdiyimizi bilən Sədərək gömrük-keçid məntəqəsinin əməkdaşları uğurlu yol arzulayıb keçidimizi sürətləndirdilər. Azərbaycanın Türkiyə ilə yeganə quru sərhədi olan Dilucu sərhəd-keçid məntəqəsindən keçərək 14 nəfərlik heyətlə İğdıra doğru yol alırıq. Bu yolu həm ticarət, həm səyahət məqsədilə dəfələrlə getmişik. Amma budəfəki gedişdə daha sevincli və qürurlu idik.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq “Naxçıvan fotolarda” adlı sərgi Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunmuşdu. Nəhayət, sərginin açıldığı ünvana yetişirik. İğdır Azərbaycan Evi bu dəfə Naxçıvan ab-havasına bürünmüşdü. Dağlarımızın əzəmətini, şəlalələrimizin gözəlliyini, çaylarımızın şaqraq səsini, düzənliklərimizin gülünün, çiçəyinin ətrini canlandıran 57 foto sərgilənirdi.

Fotosərgidən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Türkiyənin İğdır vilayətinin valisi Ercan Turan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin rəisi Vüsal Ələkbərli, İğdırın millət vəkili Cantürk Alagöz, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, İğdır Azərbaycan Evinin rəhbəri və Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acar çıxış edərək bu kimi tədbirlərin iki qardaş ölkənin mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə olduğunu qeyd edib, Naxçıvanın zəngin turizm potensialının təbliği baxımından əhəmiyyətli olduğunu bildirdilər.

Təəssüratlarını bizimlə bölüşən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya “Naxçıvanı tanımayan iğdırlı, İğdırı tanımayan naxçıvanlı qalmasın!” devizi ilə bundan sonra da keçiriləcək tədbirlərin mədəni əlaqələrin daha sıx qurulmasına xidmət edəcəyini bildirdi. İğdır və Naxçıvanın oxşar və yetərincə kəşf edilməmiş turizm ehtiyatlarının olduğuna diqqətçəkən Baş konsul perspektivdə təhsil və turizm sahəsində həyata keçiriləcək tədbirlərin iqtisadi ticarət əlaqələrinə də mühüm töhfə verəcəyini  qeyd etdi.

“Şərq qapısı” qəzetinin fotomüxbirləri – Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanın təbiətini, mətbəxini, zəhmətkeş insanlarını əks etdirən fotolarından ibarət sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı. “Gurbulaq şəlaləsi”, “100 illik muxtar respublikanın yaşı bilinməyən yadigarları – Haçadağ və Araz çayı”, “Ordubad şəhərinin qədim evləri”, “Naxçıvan qovurması”, “Naxçıvan dağlarının bahar gözəlliyi”, “Naxçıvanın ən uzunömürlü ailəsi”, “Naxçıvan balıqçıları” adlı fotolarla  iğdırlılar qiyabi olaraq qədim Nuh yurduna səyahət etdilər.  Haçadağın əzəmətinə heyran olduğunu bildirən İğdır vilayətinin valisi Ercan Turan belə tədbirlərin davamlı keçirilməsinə töhfə verməyə hər zaman hazır olduqlarını bildirdi. İki millət bir dövlətin Naxçıvanla İğdırın timsalında ən bariz şəkildə təcəssüm etdiyini vurğulayan İğdır valisi Ercan Turan Haçadağın gündoğumundakı və günbatımındakı fotolarından çox duyğulandığını dilə gətirdi. Naxçıvana səfərində bu qüdrətli dağa qalxacağını bildirən vali fotosərginin Naxçıvanın tanıtımında əhəmiyyətli olduğunu qeyd etdi.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş fotosərginin son olmadığını və  ilboyu İğdırda müxtəlif səpkili tədbirlərin reallaşacağını, həmçinin fotolardan ibarət broşür hazırlanacağını diqqətə çatdırdı.

 “Şərq  qapısı” qəzetinin baş redaktoru Sara Əzimova muxtar respublikanın 100 illiyinə həsr olunan və Naxçıvanın tanıtımı məqsədi daşıyan fotosərginin Bakı şəhərində  və Türkiyənin başqa şəhərlərində də keçiriləcəyini bildirdi.

Fotosərgi Naxçıvan Televiziyası, “APA” və “Baku TV” internet televiziyaları və Türkiyənin media qurumları tərəfindən geniş tamaşaçı auditoriyasına çatdırıldı.

İğdırdan yüksək təəssüratlarla geri döndük. Naxçıvan fotolarla iğdırlı tamaşaçıların alqışını qazana bilmişdi. Təbrik edirəm, əziz həmkarlar! Ulu Naxçıvanımızın təbliğatında bundan sonrakı fəaliyyətinizdə də  uğurlar arzulayıram.

Ruhiyyə RƏSULOVA

Naxçıvan Televiziyasının baş redaktoru

Naxçıvan-İğdır-Naxçıvan

Nəşr edilib : 29.03.2024 18:26