AZ EN RU

Türkiyə-Azərbaycan tandemi beynəlxalq münasibətlər sisteminə universal əməkdaşlıq modeli kimi təqdim olunmalıdır - Politoloq

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilmiş Rəcəb Tayyib Ərdoğanın möhtəşəm andiçmə mərasimini hamımız izlədik. Seçkilər artıq tarixə qovuşdu və Azərbaycan xalqının mütləq əksəriyyətinin səmimi simpatiyasını qazanmış Rəcəb Tayyib Ərdoğan heç də asan keçməyən bu seçkilərdə qalib gəldi. Azərbaycan əhalisi tərəfindən seçkilərə göstərilən maraq o dərəcədə böyük idi ki, hətta seçkilərin ölkəmizdə keçirildiyini də zənn etmək olardı. Ənənəvi mətbuat, sosial şəbəkələr, hətta “küçədə dolaşan” şayiələr belə müxtəlif “siyasi proqnozlarla” zəngin idi. Demək olar ki, Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə şübhələr yox idi, əsas mübahisə predmeti faizlər ətrafında idi. Əlbəttə ki, seçkilərin nəticələri məlum olandan dərhal sonra analitiklərin ənənəvi “mən demişdim” ifadələrinə də şahidlik etdik.

Ümid edirəm ki, ölkəmizin aidiyyəti qurumları, o cümlədən elmi təsisatlar lazımi təhlilləri aparır və müvafiq analitik arayışlar da hazırlanır. Əks halda, sözün əsl mənasında seçki nəzəriyyəsi üzrə dərs sayıla biləcək Türkiyə seçkilərindən lazımi “dərsləri” çıxara bilməyəcəyik.

Bu fikirləri politoloq A.Adil açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, əhəmiyyətli təhlillərin əsasən aşağıdakı istiqamətlər üzrə aparıla bilər: “Türkiyə seçkilərində Azərbaycan faktoru”, “Azərbaycanın artan beynəlxalq statusu: Türkiyədə keçirilmiş seçkilər fonunda”, “Effektiv siyasi əməkdaşlıq modeli: Türkiyə və Azərbaycan prezidentlərinin diplomatik tandemi”, “Müxalifətin kirli texnologiyaları və xalqın dəstəyi”, “Qərbin siyasi texnologiyalarının dövlət rəhbərinə olan ümummilli rəğbəti ilə mübarizəsi” və s. Heç şübhəsiz ki, sadalanmış hər bir istiqamət üzrə aparıla biləcək təhlillər həm nəzəri, həm də tətbiqi əhəmiyyət daşıyacaq.

Əlbəttə ki, Türkiyənin seçkiqabağı kampaniyasından danışarkən dərhal bizim bəla-müxalifətimizin siyasi spekulyasiyaları yada düşür. Bəziləri elə düşünürdü ki, Türkiyədə seçkilər bizim müxalifətdə kiçik ümidlərin yaranmasına səbəb olmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, sözügedən mövzu da tədqiqat baxımından heç də az maraqlı deyil. Bu mənada, bizim bəla-müxalifətimizi Türkiyədəki müxalifət ilə qərəzli və əsassız müqayisə edənlər nəzərə almalıdırlar ki, müasir rəqəmsal texnologiyalarla 1990-cı illərin əvvəllərində saralmış kağız üzərində yazılmış təlimatlar arasında uçurum fərqi mövcuddur və bu cür fərqli düşüncə paradiqmalarının hətta müqayisəsi belə mümkünsüzdür. Siyasəti şüar səsləndirilən məkan zənn edənlər zamanla həqiqətdən uzaqlaşmış olurlar və şüarların əsirinə çevrilirlər.

“Bəli, cənab Ərdoğana səs vermiş türk xalqının səmimi sevincini bölüşürük, ancaq bizim beyin mərkəzlərimiz, habelə aidiyyəti digər qurumlar yaradılmış bu gözəl fürsətdən faydalanmalı və lazımi analitik təhlilləri masa üzərinə qoymalıdırlar. Türkiyə-Azərbaycan tandemi mütləq olaraq müasir beynəlxalq münasibətlər sisteminə universal əməkdaşlıq modeli kimi təqdim olunmalıdır. Etiraf olunmalıdır ki, bu gün beynəlxalq münasibətlər sistemində etibarlılıq böhranı yaşanır. Bu mənada iki ölkənin dövlət başçılarının nümayiş etdikləri münasibət modeli müasir beynəlxalq sistemin son humanitar ümidi kimi də dəyərləndirilə bilər, - deyə A.Adil bildirib.

Qeyd edilib ki, Azərbaycan-Türkiyə əlaqələri kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsi də mütləq təhlil olunmalıdır. Ermənistanın baş nazirinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməsi sadəcə əlamətdar hadisə deyil, bu, bütün regionun gələcəkdə dünyada yeni super güc mərkəzinə çevrilməsi ehtimalının vədidir.

Əlbəttə ki, Türkiyədə keçirilən seçkilər kontekstində Azərbaycan faktoru haqqında beynəlxalq mətbuatda söhbətin açılması faktına da fərqli münasibət bəslənə bilər. Ancaq sözügedən fakt birmənalı olaraq ölkəmizin artan nüfuzunun, habelə bu nüfuzun beynəlxalq ictimaiyyət tərəfindən etiraf olmasının göstəricisidir.

“Bəli, regionumuzun yeni geosiyasi xəritəsi cızılır. Burada Böyük Qələbədən sonra Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş növbəti fikrin xatırlanması yerinə düşər: “Azərbaycan regionda yeni reallığı yaradır”. Bu səbəbdən də ehtimal edə bilərik ki, Azərbaycan xalqının böyük Qələbəsi də məhz yeni reallığın və cızılan yeni geosiyasi xəritənin ayrılmaz və əsas parçalarındandır.

Konteksti inkişaf etdirərək Prezident İlham Əliyevin dövlət siyasətinin digər strateji istiqaməti olan yeni siyasi konfiqurasiyanın formalaşdırılması siyasəti də qeyd olunmalıdır. Təxmin edə bilərik ki, yeni siyasi konfiqurasiya Azərbaycanın formalaşan yeni reallığa hazırlanması prosesinin tərkib hissəsidir. Odur ki, Azərbaycan regionun lideri statusunu nəinki qoruyur, bu statusunu bərkidir və beynəlxalq münasibətlər sistemində rəsmiləşdirir. Unutmayaq ki, bu cür siyasət sadəcə illər tələb etmir, bu cür siyasətin illər ərzində davam edən hazırlıq prosesi də olur.

Bu cür strategiya ölkədə milli həmrəylik mühitinin mövcudluğunu şərtləndirir. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyev ölkəmizdə milli həmrəylik və siyasi dialoq mühitinin qorunmasına prinsipial diqqət ayırır: “... ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var” (YAP-ın VII Qurultayı, 05.03.2021). Milli həmrəylik isə hər birimizdən bütün dağıdıcı tendensiyalara qarşı fəal vətəndaş mövqeyinin nümayişini tələb edir”, - deyə politoloq A.Adil vurğulayıb.

Nəşr edilib : 06.06.2023 17:22