AZ EN RU

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir

    Türk xalqının alnıaçıq, üzüağ çıxdığı “seçki imtahanında” – 28 may 2023-cü il tarixli prezident seçkilərində parlaq qələbə qazanan Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfərinin ardınca, iyunun 12-də axşam saatlarında Azərbaycana gəlişi ilə tarixi ənənələrə söykənən qardaşlıq bağlarının möhkəmliyini, əlaqələrin müasir təntənəsini bir daha regionun siyasi elitasına nümayiş etdirdi. Səfər çərçivəsində hər iki ölkə rəhbəri arasında təkbətək və geniştərkibli görüşlər keçirildi, görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirəcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, dünya siyasi arenasına bir sıra mühüm mesajlar verildi...
    Səfərin əhəmiyyətinə, görüşlərin nəticələrinə toxunmadan öncə onu bildirməliyik ki, hər iki dövlət başçısının seçkilərdən sonra ilk səfəri məhz bir-birinin ölkəsinə etmələri artıq ənənə halını alıb. Xatırladaq ki, 2013 və 2018-ci illərdə prezident seçkilərindən sonra cənab İlham Əliyev də ilk rəsmi səfərini məhz Türkiyəyə etmişdi. İyunun 12-13-də baş tutan rəsmi səfərə gəldikdə isə ölkə rəhbərləri tərəfindən mətbuata verilən bəyanatlardan aydın olur ki, görüşlərdə masaya yatırılan məsələlər sırasında Şuşa Bəyannaməsi, Zəngəzur dəhlizi, gələcək işbirliyi proqramı, müdafiə və müdafiə sənayesi sahəsində gələcək planlar, enerji yönündə, istər TANAP, istərsə də TAP ilə bağlı görülən işlər, həyata keçiriləcək birgə layihələr, xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Türkiyə-Azərbaycan Universitetinin yaradılması və digərləri yer alıb. Prezident cənab İlham Əliyev bu müzakirələri belə qiymətləndirmişdir: “...Bir sözlə, qeyd etdiyim bütün bu və digər məsələlərlə, – çünki gündəliyimiz kifayət qədər genişdir, – bağlı fikir birliyi, vəhdət, mövqe birliyi var, belə də olmalıdır. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir...”
    Mətbuata verilən bəyanatlarda səsləndirilən fikirləri analiz etdikdə diqqətimizi çəkən, düşündürən ən mühüm məsələlərdən biri, deyərdim ki, birincisi kimi Zəngəzur dəhlizini, Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərin, ticarət əlaqələrinin daha da güclənməsində mühüm rola malik Naxçıvana yolun açılmasını qeyd edə bilərik. Prezident cənab İlham Əliyev bir daha qətiyyətlə bildirdi ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Rəcəb Tayyib Ərdoğan isə, öz növbəsində, vurğuladı ki, üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İqdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Ümumilikdə, hər iki dövlət başçısının  səsləndirdiyi bu fikirlər Zəngəzur dəhlizinin açılmasının, mühüm nəqliyyat qovşağına çevriləcək Naxçıvanın inkişafına təkan verəcək iqtisadi-ticari əlaqələrin qurulmasının mühümlüyünü və qaçınılmazlığını bir daha ortaya qoymaqla məsələnin həlli prosesinin artıq bir addımlıqda olduğunu deməyə əsas verir...
    Geniştərkibli görüşə nəzər yetirdikdə ilk diqqətçəkən amil 2023-cü il fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlərlə bağlıdır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışına başlayan kimi öncə qardaş ölkədə baş verən məlum təbii fəlakət zamanı Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirərək dedi: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”. Bu xüsusda onu qeyd etmək lazımdır ki, həmin zəlzələlərin baş verdiyi ilk andan etibarən ölkə­mizin əsl qardaşlıq, dostluq münasibətinin, həmrəyliyinin göstəricisi kimi Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda çevik xilasetmə dəstələri, tibbi heyət, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlar, maddi yardımlar göndərildi. Dövlətimizlə yanaşı, xalqımız da həmin ağır, çətin günlərdə türkiyəli qardaşlarını tək buraxmadı, ölkəmizin hər yerindən yüzlərlə, minlərlə insan əlindən gəldiyi qədər, könlündən qopanı ilə evsiz-eşiksiz qalanlara öz köməkliyini əsirgəmədi, könüllü gənclər zəlzələ bölgəsində xəsarət alanlara yardım məqsədilə qardaş ölkəyə yollanaraq orada öz mənəvi borclarını layiqincə yerinə yetirdilər. Ümumilikdə, qardaş dəstəyi kimi ölkəmiz tərəfindən 669 xilasedici, 111 həkim, tibb və inzibati personal, 150 könüllü olmaqla, 930 nəfər Türkiyədə fəlakətin böyüməsinin qarşısının alınmasında, fəsadların aradan qaldırılmasında fəal iştirak etdi. 16 təyyarə, 448 TIR, 25 vaqonla 5320 ton humanitar yardım zəlzələ bölgəsinə çatdırıldı. Əlli mindən çox insanın həyatını itirdiyi zəlzələnin törətdiyi dağıntıların altından Azərbaycan xilasediciləri tərəfindən 53 nəfər sağ çıxarıldı, 780 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verildi, səhiyyə personalımız 3 mindən artıq xəsarət alan vətəndaşa tibbi xidmət göstərdi. Qardaşlığın önəmi barədə danışdığımız zaman xatırlatmaq yerinə düşər ki, Şuşada təşkil olunması nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət-fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari il martın 16-da Türkiyədə keçirildi, bu Zirvə görüşü Türk dövlətlərinin, eləcə də türkdilli xalqların həmrəyliyi istiqamətində yeni mərhələnin əsasını qoydu. 2023-cü il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalı çərçivəsində isə Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu. Festivalda iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev geniş nitqində tərəfdaşlıq, müttəfiqlik əlaqələrinin inkişafından söhbət açaraq bu qardaşlıq münasibətlərini Türk dünyasının dahi öndərləri –  Mustafa Kamal Atatürk və Heydər Əliyevdən sonra mükəmməl ifadə edən daha bir tarixi kəlamla yeni tezis irəli sürdü: “Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”
    İyunun 13-də keçirilən geniştərkibli görüşdə diqqətçəkən daha bir məsələ isə müttəfiqliyin rəmzi mənası sayılan Şuşa Bəyannaməsinin əhəmiyyətinin gündəliyə gətirilməsi oldu. Bu tarixi hadisə barədə söhbət açarkən 44 günlük Vətən müharibəsində qardaş ölkənin dəstəyini xüsusi vurğulamamaq mümkünsüzdür. Elə dövlət başçımız da mətbuata bəyanatında bir daha həmin məqama diqqəti çəkərək Azərbaycan xalqı adından İkinci Qarabağ savaşı dönəmində göstərilən qardaşlıq, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürünü çatdırdı... İki il bundan öncə, 2021-ci il iyunun 15-də Şuşada imzalanan, iki qardaş ölkə arasında tarixi münasibətləri yeni tarixi mərhələyə yüksəldən həmin bəyannamə isə müharibədən sonrakı mərhələdə sülhə, tərəfdaşlığa xidmət edən mühüm akt kimi qısa zamanda öz nəticələrini göstərdi. Belə ki, ölkələrimiz arasındakı siyasi dialoqlar, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən müttəfiqlik əlaqələri rəsmi formada daha da genişləndirildi. Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru hesab olunan bu tarixi sənədin müddəaları, eyni zamanda Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır ki, bu da yaxın gələcəkdə gerçəkləşəcək hadisələr düşünülməklə zamanında atılan mütərəqqi addım kimi diqqəti çəkir. 
    İyunun 13-dəki görüşdə Azərbaycan Lideri Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə bir daha toxunaraq qeyd etdi ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq bu iki dövlət uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdi, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması, təbii ki, rəmzi xarakter daşıyır. 
    Türkiyə Prezidenti isə, öz növbəsində, bildirdi ki, qarşı tərəf Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində qərarlıdır. Türkiyə Şuşadakı baş konsulluğunu istənilən vaxt açmağa hazırdır. Baş konsulluğun açılması, təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.     Ümumilikdə, mətbuata verilən bəyanatlardan da aydın olur ki, səfər çərçivəsində keçirilən həm təkbətək, həm də geniştərkibli görüşlərdə hər iki ölkənin ortaq maraq dairəsində olan, tərəfdaşlığa, müttəfiqliyə söykənən, Türkiyə-Azərbaycan birliyi, xalqlarımız, Türk dünyası üçün önəmli rola malik regional məsələlərə toxunulub, mühüm məsələlər müzakirə edilib. Fikrimizcə, ölkə Prezidenti cənab İlham Əliyevin geniştərkibli görüşdə vurğuladığı bir cümlə səfərin yekun nəticəsinin nidasına çevrildi: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir”.

Nail ƏSGƏROV

Nəşr edilib : 14.06.2023 10:26