AZ EN RU

Türkdilli dövlətlərin məktəbliləri arasında müsabiqə-festivalın region mərhələsi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə dekabrın 16-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının region mərhələsi keçirilib. Müsabiqə-festivalın məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, dahi şairin əsərlərinə musiqi bəstələmiş Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək, onlara dahi Nizami Gəncəvi irsini sevdirmək və tanıtmaqdan ibarətdir.

Müsabiqə-festival muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri və liseylərin 11-17 yaş arası istedadlı şagirdləri (11-14 yaş və 15-17 yaş) arasında iki yaş qrupunda təşkil edilib. Müsabiqələrdə muxtar respublika üzrə 39 məktəb olmaqla, ümumilikdə, 125 şagird iştirak edib. 

“Xəmsə” musiqidə” müsabiqəsində iştirakçılar Nizami Gəncəvinin əsərlərinə yazılmış operalardan parçalar, onun əsərlərinə bəstələnmiş mahnılar, instrumental ifaları canlı təqdim ediblər. Qiymətləndirmə zamanı ifaların mövzuya uyğun olması, müddəti və kollektiv üzvlərinin sayı kimi meyarlar əsas götürülüb. “Xəmsə” bədii qiraətdə” müsabiqəsində şagirdlər Nizami Gəncəvinin şeir və əsərlərindən parçalar ifa ediblər. Bu zaman iştirakçılar gözəl səs, iti yaddaş və səlis diksiyadan əlavə, aktyorluq qabiliyyəti və sözün qüdrətini hiss etdirmələri kimi meyarlar əsasında qiymətləndiriliblər. “Xəmsə” dramda” müsabiqəsində iştirakçılar səhnə tərtibatı, əsərlərdəki dövrlə səsləşən geyimlər və rekvizitlərdən istifadə edərək “Xəmsə” obrazlarını səhnədə təcəssüm etdiriblər. “Xəmsə” təsviri sənət və dekorativ-tətbiqi sənətdə” müsabiqəsində mövzuya uyğun məzmunu tam əks etdirən işlər təqdim olunub. “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” inşa müsabiqəsində isə şagirdlər mövzuya uyğun olaraq inşa yazılarını təqdim edib. Bu müsabiqənin qiymətləndirilməsi zaman isə fikirlərin aydın ifadə edilməsi, faktlarla və şəxsi mülahizələrlə əsaslandırılması, ədəbi dilin normalarına, orfoqrafiya və punktuasiya qaydalarına əməl olunması halları əsas götürülüb. 

Münsiflər heyəti tərəfindən qiymətləndirmə aparıldıqdan sonra müsabiqənin yekun nəticələrinə əsasən I yerə layiq görülən iştirakçılar müəyyənləşdirilib. Region mərhələsində hər iki yaş qrupu və nominasiyalar üzrə I yeri tutmuş iştirakçılar final mərhələsinə vəsiqə qazanıblar. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2022 22:52