AZ EN RU

Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

    Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Türk Tarix Qurumu sədri və nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub.
    Qonaqlar öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki əzəmətli abidəsini ehtiramla ziyarət edib,  önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün büstünü və Şəhidlər xiyabanını ziyarət ediblər. AMEA Naxçıvan Bölməsi ilə tanış olan qonaqlar bölmə əməkdaşlarının əsərlərindən ibarət sərgiyə, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və etno­qrafiya muzeyindəki eksponatlara baxıblar. Daha sonra Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi  arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

    Mərasimi açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq ulu öndər Heydər Əliyevin 2002-ci il  7 avqust tarixli Sərəncamına əsasən təsis olunan bölmənin fəaliyyəti, əldə olunan elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bölmənin tərkibinə 6 elmi-tədqiqat müəssisəsi, elmi kitabxana və arxiv, Nəbatat bağı, Batabat Astrofizika Rəsədxanası və başqa elmi-tədqiqat müəssisələri daxildir. Naxçıvanın hərtərəfli tədqiqi məqsədilə yaradılan bölmədə bu günədək bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi mühiti, dil xüsusiyyətləri və digər sahələrin tədqiqi ilə bağlı araşdırmalar aparılır, araşdırmaların nəticələri müxtəlif kitab və monoqrafiyalarda, elmi jurnallarda, eləcə də mətbuatda əksini tapır.
    Akademik vurğulayıb ki, Türk Tarix Qurumu ilə imzalanacaq əməkdaşlıq müqaviləsi hər iki elm müəssisəsi arasındakı akademik əməkdaşlığı təsis etmək, gücləndirmək və inkişaf etdirmək üçün lazımi platformanın hazırlanması məqsədi daşıyır. 
    Türk Tarix Qurumunun sədri, professor Birol Çətin çıxış edərək Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Qurumun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor diqqətə çatdırıb ki, qurum 90 ildən artıq dövr ərzində türk tarixinin hərtərəfli araşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirmiş, bu sahədə çoxsaylı uğurlar əldə olunmuşdur. Xüsusilə son illər arxeologiya sahəsində aşkar olunan elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Tarixin bütün sahələrində böyük irəliləyişlərin əldə olunduğunu söyləyən qurum rəhbəri qeyd edib ki, Türk Tarix Qurumu göstərdiyi səmərəli və çoxşaxəli fəaliyyəti ilə  tarixçilər üçün əsl məktəbə çevrilmişdir.
    Birol Çətin müasir dövrdə fakt və həqiqətlərin dünyaya çatdırılmasında tarix elminin əvəzsiz xidmətini vurğulayıb, xüsusilə gənc nəsildə bu elm sahəsinə artan həvəsi olduqca sevindirici hal kimi qiymətləndirib. Yeni imzalanan əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün gələcək perspektivlər vəd etdiyini, bu münasibətlərin həm rəsmi, həm də dostluq müstəvisində inkişafının mühümlüyünü qeyd edib.
    Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və Türk Tarix Qurumunun sədri, professor Birol Çətin müqaviləyə imza atıblar. Müqavilədə birgə elmi araşdırmaların aparılması, beynəlxalq simpoziumların, konfransların və tədbirlərin təşkili, elmi əsərlərin müəllif hüquqlarının və tərcümələrinin dəstəklənməsi, nəşr edilməsi və yayılması, Türkiyə və Azərbaycan arxeoloqlarının birgə iştirakı ilə arxeoloji qazıntıların aparılması, elmi və mədəni görüşlərin birgə təşkili, elm adamlarının, doktorant və mütəxəssislərin mübadiləsi, hər iki ölkədə doktorantura tələbələri üçün yay məktəblərinin təşkili və başqa mühüm işlərin icrası nəzərdə tutulub.
    Professor Birol Çətin gətirdiyi hədiyyə və kitabları bölmə rəhbərinə təqdim edib. Akademik İsmayıl Hacıyev 3 cildlik “Naxçıvan tarixi” kitabını qonağa bağışlayıb.
    Tədbirdə AMEA Naxçıvan Bölməsi haqqında sənədli film nümayiş olunub, sonra Naxçıvan adının mənşəyi, mənası, Nuh Peyğəmbərlə bağlılığı haqqında müzakirə aparılıb, icrası nəzərdə tutulan işlər təhlil olunub.
    Qonaqlar səfər çərçivəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Naxçıvanqala Tarix-Memarlıq Kompleksini, Nuh Peyğəmbərin məzarüstü abidəsini və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzini ziyarət ediblər.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 24.05.2022 19:54