AZ EN RU

Türk-müsəlman dünyasını milli oyanışa çağıran böyük demokrat ədib

    1906-cı ilin 7 aprelində “Molla Nəsrəddin” jurnalında bütün Türk dünyasına “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım”, – deyərək fikirlərini səsləndirən Cəlil Məmmədquluzadənin idealları dövrün ziyalıları tərəfindən böyük maraqla qarşılandı. Yaradıcılığı ilə türk-müsəlman xalqının mövcud problemlərinə qarşı, milli təfəkkürün oyanması uğrunda mübarizə aparan Mirzə Cəlil bu gün də ədəbiyyatşünaslarımız tərəfindən xalqının, türk-müsəlman dünyasının istiqlal mücahidi, istiqlal ədəbiyyatımızın sərkərdəsi kimi dəyərləndirilir. Mirzə Cəlil yaradıcılığında türkçülüyün nə qədər əhəmiyyətli olduğunu öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalının ardıcıl tədqiqatçılarından olan İman Cəfərovla həmsöhbət olmaq qərarına gəldik. Cəlil Məmmədquluzadə ilə bağlı bir kitabın, 60-dan çox elmi məqalənin müəllifi olan İman müəllimə ilk sualı belə ünvanladıq:

    – İman müəllim, sizcə, Cəlil Məmmədquluzadə yaradıcılığında Türk dünyası mövzusu nə dərəcədə yer tutur?
    – Azərbaycanda bolşevizmin hakimiyyətdə olduğu dövrdə Cəlil Məmmədquluzadə yaradıcılığı, o cümlədən “Molla Nəsrəddin” jurnalı hakim ideologiyaya qadın azadlığı uğrunda, mövhumata, cəhalətə, elmsizliyə qarşı mübarizə üçün lazım olmuş, böyük Mirzə Cəlilin sənət dünyası, əsasən, məhz bu istiqamətlərdən öyrənilmiş, hətta Cəlil Məmmədquluzadə Azərbaycanda yaşayaraq Turançılıq ideologiyasını təbliğ edən Əli bəy Hüseynzadə kimi qüdrətli fikir adamları ilə qarşıdurmada tanıtdırılmışdır. Halbuki “Molla Nəsrəddin”in birinci sayında Cəlil Məmmədquluzadənin “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” müraciəti, əsasən, türk-müsəlman dünyasına ünvanlanmışdır. Qəti şəkildə deyə bilərik ki, böyük ədibin hər bir əsərində türk ruhunun təntənəsi ilə qarşılaşırıq. Cəlil Məmmədquluzadə bütün varlığı ilə Türk dünyasına bağlı olmuş, Türk dünyasının qlobal problemlərindən cəsarətlə söz açmışdır. 
    – Bəs, Mirzə Cəlil Türk dünyasının daha çox hansı problemlərini işıqlandırmışdır? 
    – O öz əsərlərində, əsasən, Türk dünyasının taleyüklü məsələlərindən söz açmışdır. “Molla Nəsrəddin” jurnalının ilk sayından başlayaraq türk dilinin saflığı uğrunda mübarizəyə başlamışdır ki, bu da təsadüfi deyildir. Mütəfəkkir ziyalı Türk dünyasının sabahını türk xalqlarının birliyində gördüyündən bu birliyi şərtləndirəcək bütün amilləri nəzər nöqtəsinə çəkir, belə bir mövqedən çıxış edirdi ki, türk xalqlarının birliyini təmin etmək üçün, ilk növbədə, türk dillərinin saflığına nail olmaq lazımdır. Yenə də təsadüfi deyildir ki, “Molla Nəsrəddin” məcmuəsinin ilk sayındakı “Sizi deyib gəlmişəm” yazısı bu cümlələrlə bitir: “Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi... 
    Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!” 
    Bəli, Cəlil Məmmədquluzadəni Türk dünyasının tarixi, mövcud vəziyyəti və sabahı ciddi şəkildə düşündürmüşdür. Xüsusən də Türkiyə ilə bağlı hər bir ciddi məsələyə operativ və obyektiv münasibət bildirmiş və bu məqamda birmənalı olaraq türk xalqlarının mövqeyindən çıxış etmiş, öz qələmi ilə Türk dünyasının müdafiəsində dayanmışdır. 
    – İman müəllim, “Molla Nəsrəddin” jurnalında hansı felyetonu, yaxud məqaləni Türkiyədən bəhs edən ilk müstəqil mətbu əsər kimi dəyərləndirə bilərik və həmin yazıda Cəlil Məmmədquluzadə hansı problemi gündəmə gətirib? 
    – Qeyd etdiyimiz kimi, ozamankı Türkiyə dövlətinin problemləri Mirzə Cəlili həmişə ciddi şəkildə düşündürmüşdür. Xüsusən də Osmanlı Türkiyəsində II Əbdülhəmidin müstəbidliyi, ölkədə söz azadlığının yoxluğu “Molla Nəsrəddin” jurnalında müxtəlif felyetonlar daxilində daim nəzər nöqtəsinə çəkilmişdir. Bununla belə, fikrimizcə, məcmuədə Osmanlı Türkiyəsindən bəhs edən ilk müstəqil yazı jurnalın 18 noyabr 1907-ci il tarixli 43-cü sayında getmiş “Batdağ” felyetonudur. Düşünürük ki, felyetonun “Batdağ” adlandırılması da müəyyən bir estetik məram daşımaqdadır. Əslində, felyetonda bütünlüklə Sultan Əbdülhəmidin azadlıq düşməni olmasından söz açılır. Cəlil Məmmədquluzadə aydın şəkildə bildirir ki, Əbdülhəmid rejimi Türkiyəni məhvə sürükləməkdədir. Əlbəttə, Mirzə Cəlili düşündürən heç də hansısa hökmdarın müstəbidliyi deyildi. Böyük Cəlil Məmmədquluzadə Türk dünyasının digər aydınları kimi, Türkiyəyə bütün türklərin ümid yeri kimi baxır, bu səbəbdən Türkiyədəki hər bir hadisəyə ciddi şəkildə münasibət bildirirdi. 
    – İman müəllim, fikrinizcə, Cəlil Məmmədquluzadənin Turançılıq ideyasına münasibəti necə olub? 
    – Bilirsiniz, Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının ən qüdrətli nümayəndələrindən biri idi və ədəbiyyata da məhz tənqidi realizmin prinsiplərindən yanaşır, qeyri-real romantik ədəbiyyatı gərəksiz sayırdı. Eyni səbəbdən o, təfəkkürlərin zamanı çatmamış Turançılıq ideyası ilə məşğul edilməsinin əleyhinə idi. Bəli, əsərlərində Cəlil Məmmədquluzadəni türk təəssübkeşliyinin böyük nümayəndəsi kimi də görürük. O hesab edirdi ki, Türk dünyasının birliyinə gedən yol ayrı-ayrı türk dövlətlərinin inkişafından keçir. Bu səbəbdən böyük yazıçı istər Osmanlı türklərinin, istərsə də Orta Asiya türklərinin problemlərindən eyni narahatlıqla söz açırdı.
    – Cəlil Məmmədquluzadə Türk dünyasını təmsil edən hansı şəxsiyyətlərin həyat və fəaliyyətlərini, mübarizə və yaradıcılıqlarını daha yüksək qiymətləndirirdi?
    – Qeyd edək ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslığı, əsasən, Mirzə Cəlilin rus və Avropa müəlliflərinin əsərlərindən təsirləndiyi qənaətində olmuş, onun Qoqol, Puşkin, Tolstoy haqqında söylədiyi müsbət fikirlər təhlil obyektinə çevrilmişdir. Halbuki Mirzə Cəlilin yaradıcılığında Türk dünyasını təmsil edən böyük şəxsiyyətlərdən ürəkdolusu söz açıldığını görürük. Fikrimizin təsdiqi üçün “Türkiyə məşrutəsinin keçmişindən” məqaləsinə diqqət yetirmək kifayətdir. “Zaqafqazye” qəzetinin 13 iyul 1907-ci il tarixli 137-ci sayında getmiş həmin məqalədə Türkiyə dövlətçilik tarixində Sultan Səlimin xidmətləri yüksək dəyərləndirilməklə yanaşı, Türkiyə dövlət adamı Midhət paşadan da ehtiramla söz açılmışdır. Hətta təsadüfi deyildir ki, Cəlil Məmmədquluzadə böyük oğlunun adını Midhət qoymuşdur. Mirzə Cəlil, eyni zamanda Türk dünyasının ozamankı vəziyyəti haqqında da düşünən, türk xalqlarının inkişafına, birliyinə çalışan qüdrətli zəka sahiblərinin xidmətlərinə də laqeyd qalmamış, “Molla Nəsrəddin”in müxtəlif saylarında həmin böyük şəxsiyyətlərin xidmətlərindən ayrı-ayrı məqamları diqqət mərkəzinə çəkilmişdir. Məsələn, XIX əsrin sonu və XX əsrin əvvəllərində Türk dünyasının birliyinə nail olmağa çalışan zəka sahiblərindən biri də İsmayıl bəy Qaspıralı idi. 1851-1914-cü illərdə yaşayıb-yaratmış İsmayıl bəy Qaspıralı da ömrü boyu Türk dünyasının tərəqqisi uğrunda mübarizə aparmış, hətta 1983-cü ildən nəşr etdirdiyi “Tərcüman” qəzetini 1912-ci ildən “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə oxuculara təqdim etmişdir. Cəlil Məmmədquluzadə bəzi məsələlərə münasibətdə İsmayıl bəy Qaspıralı ilə razılaşmasa da, bu böyük türk oğlu dünyasını dəyişdikdə onun nekroloq şəklini “Molla Nəsrəddin”in birinci səhifəsində vermişdir. Ümumiyyətlə, Türk dünyası tarixində türk oğlu türklərin sırasında Cəlil Məmmədquluzadə birinci cərgədə yer tutmaqdadır. 
    Aldığımız müsahibədən və araşdırmalarımızdan məlum olur ki, böyük ədib, görkəmli publisist Cəlil Məmmədquluzadənin redaktorluğu ilə işıq üzü görən Şərqin ilk satirik jurnalı “Molla Nəsrəddin” nəşr olunduğu  birinci sayından etibarən (1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb)  nəşri boyu – müəyyən fasilələrlə işıq üzü gördüyü 25 il ərzində milli ideyalar – Azərbaycançılıq, milli dirçəliş və intibah kimi fundamental məsələləri ana məramına çevirmiş, bu ideyaları türkçülük və Turançılıq kontekstində götürmüş, bütünlükdə, türk-müsəlman dünyasının inkişaf və tərəqqisi uğrunda mübarizə aparmışdır. Məhz buna görə də bu satirik jurnal ümumbəşəri, milli ideyaları ilə hər zaman öz aktuallığını qoruyub saxlamaqda, müqəddəs məramı ilə milli jurnalistikamızın yoluna işıq salmaqdadır.

Bülbül QULİYEVA

Nəşr edilib : 19.04.2023 19:06