AZ EN RU

“Türk Əsri”nin Azərbaycanı Beynəlxalq nüfuz, etibarlı tərəfdaş imici, tranzit ölkə və gələcək inkişaf

    Azərbaycanın beynəlxalq arenada artan nüfuzu dünya ölkələri ilə əməkdaşlıq platformasının genişləndirilməsinə, eyni zamanda mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə imkan verir. Bu mənada, Türk dövlətləri ilə münasibətlərin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu aspektdən yanaşdıqda Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü ölkələr arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və yeni müstəviyə daşınması üçün diqqətçəkən məqamlarla zəngindir.

    İlk öncə onu qeyd edək ki, Azərbaycan bütün ərazisi üzərində suverenliyini tam təmin etməsi ilə “Türk Əsri”nə damğasını vurdu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında “Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur” çağırışı dəyişən reallıqlara Türk dünyasının uzatdığı sülh əlinin də yenidən bəyanı oldu. 
    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir” fikrindən yanaşdıqda, bu görüşün, xüsusilə Azərbaycanın bütün ərazisi üzərində tam suverenliyini təmin etdikdən sonrakı tarixə təsadüf etməsi, Türk birliyinin dünyaya mesajlar verməsi ilə yaddaqalan oldu. O cümlədən Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə hörməti və bu prinsiplər üzərindən hərəkət etməsinin qeyd olunması ölkəmizin nüfuzu, etibarlı tərəfdaş imici, müasir inkişafı və hərbi qüdrəti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb” sitatı kontekstindən olduqca maraqlı səslənir. 
    Türkiyə lideri Ərdoğanın “Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik” fikri isə həm ölkəmizə beynəlxalq dəstək, həm də regionun inkişafı baxımından atılmalı olan yeni addımların müəyyənləşdirilməsi və həyata keçirilməsinin vacibliyi baxımından  əhəmiyyətlidir. Çünki Azərbaycanın regionda tranzit mövqeyi bölgədə nəqliyyat və logistika sahələrinin mühüm yer tutması ilə xarakterizə olunur. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. O da qəbuledilən faktdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi artıq özünü çoxdan təsdiqləyib. Eyni zamanda Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyması, birgə sərmayə fondlarının yaradılması prosesinin başlaması ölkəmizin beynəlxalq imicinin formalaşmasında və etibarlı tərəfdaş kimi tanınmasında qarşıya qoyulan tələblərin inamla yerinə yetirilməsi deməkdir.
    Nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin - Orta Dəhlizin yaradılması üzərində iş gedir. Eyni zamanda Orta Asiyadan Avropaya təbii qaz və elektrik enerjisi ixracı da yaxın gələcəyin ən yaxşı perspektivlərindən biri olmaqla Azərbaycanın və onun ayrılmaz parçası olan Naxçıvanın bu istiqamətdə strateji əhəmiyyətini daha da artırır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək” fikri Azərbaycanın bu istiqamətdəki haqlı mövqeyini bir daha təsdiq edir. 
    Bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu, müharibələrin, qanlı münaqişələrin alovlandığı bir zamanda cənab İlham Əliyevin də dediyi kimi: “İlk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Məhz buna görə də əməkdaşlığın müttəfiqlik səviyyəsinə qaldırılması, qarşılıqlı inkişaf proqramlarının həyata keçirilməsi regionda sülhün və sabitliyin daha dayanıqlı şəkildə inkifaşına şərait yaradır. Bu isə cənab Prezidentin “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq” fikirləri kontekstində kifayət qədər əhəmiyyətli mesaj verir. 
    Onu da qeyd etməliyik ki, TDT çərçivəsində baş tutan dialoq inteqrasiya üçün yeni imkanlar yaratmaqla yanaşı, eyni zamanda hazırda böyük transformasiyaların baş verdiyi dünyada böhranlara qarşı birgə mübarizə aparmaq, həmçinin müxtəlif çağırışları birgə qarşılamaq üçün də imkanlar təqdim edir. Xüsusilə etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin daha dərin təməlini təşkil etməklə yanaşı, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığın güclənməsi, türk dövlətlərinin uğurlu inkişaf yolu və təşkilatın beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik olmasını da şərtləndirir. 
    İmzalanan sənədlər isə türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açmaqla yanaşı, qardaş türk xalqlarını iqtisadi potensiallarının artırılması üçün öz səylərini birləşdirməyə, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcək. 

- Məmməd BABAYEV 

Nəşr edilib : 04.11.2023 19:36