AZ EN RU

“Türk Əsri” çağırışı altında Zirvə görüşü türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacaq

    Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanan Prezident cənab İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni Türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır”.
    Bu gün isə Zəngəzur dəhlizinin reallığa çevrilməsi təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan tarixi hadisədir. Prezident cənab İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir. Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib. 
    Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir ərazini əhatə edir. Və TDT-yə üzv olan ölkə­lərin coğrafi mövqeyinə diqqət yetirsək, onların Şərqdən Qərbə uzanan və Orta Dəhliz təşkil edən nəqliyyat marşrutu üzərində yerləşdiyini  aydın şəkildə görmək mümkündür.
    Bu cəhətdən Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü Türk dünyasının birliyinin gücləndirilməsi yolunda və həmçinin çoxşaxəli əməkdaşlıq istiqamətində yeni səhifədir. Astanada baş tutmuş Zirvə görüşü bir çox məqamları ilə diqqət çəkdi. Bir neçə gündür ki, dünya mediasının əsas müzakirə mövzusuna çevrilmiş tədbirdə önə çəkilən məsələlər qarşıdakı zaman üçün mühüm əhəmiyyət kəsb edəcək prioritetlər də sayıla bilər. “Türk Əsri” çağırışı altında keçirilən toplantıda irəli sürülən təşəbbüslər olduqca mühüm məqamları əhatə edir, xüsusilə Prezident cənab İlham Əliyevin çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi yeni dövr Türk Dövlətləri Təşkilatı üçün mühüm perspektiv yaradacağı əminliyini ifadə edir.
    Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının böyük siyasi çəkiyə və nüfuza malik olduğunu qeyd etdi. Onun sözlərinə görə, TDT çərçivəsində baş tutan dialoq və inteqrasiya proseslərinin ümumtürk birliyi üçün yeni imkanlar yaradacağı şəksizdir: “Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir...Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq”.
    Cənab Prezident bu istiqamətdə sıx əməkdaşlığımızın istənilən xarici təhdidlərin qarşısını birlikdə almağımıza imkan verəcəyini, Ermənistanın da beynəlxalq hüququ kobudcasına pozan ölkələrdən biri olduğunu və rəsmi İrəvanın Azərbaycan ərazilərində separatçılığı, terrorizmi dəstəklədiyini Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırdı. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratması, Ermənistanın işğalçı siyasəti və separatçılığı dəstəkləmək üçün atdığı bütün təxribatçı addımlar sonda onun ağır məğlubiyyəti ilə nəticələndi. Ölkəmiz özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.
    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Zirvə görüşündəki çıxışında son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları yüksək dəyərləndirdi.
    Bu gün TDT dünya ölkələri tərəfindən mötəbər struktur kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı və birgə səyləri sayəsində təşkilatın çəkisi hər gün artır. Azərbaycanın həm təşkilat daxilində, həm də ikitərəfli əsasda üzv ölkələrlə sıx əlaqələri var və TDT-yə üzv olan ölkələr arasında sıx dostluq və qardaşlıq münasibətlərinin mövcudluğu və onların bir-birini dəstəkləməsi bu təşkilatın inkişaf perspektivlərini müəyyən edən əsas amillərdən biridir.  
    Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını diqqətə çatdırdı: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq dedi: “Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.
     Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev türkçülük, türk dövlətlərinin birliyi, Türk dünyasının güclənməsi ideyasını sözdə deyil, öz real fəaliyyəti ilə gerçəkləşdirir. 
    Tam əminliklə deyə bilərik ki, ortaq dəyərlər, tarix və mədəniyyət, eləcə də üzv ölkələr arasında qarşılıqlı anlaşma, mövcud reallıqlar və həyata keçirilən layihələr bu təşkilatın rolunu daha da artırır, onu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirir.  Bu baxımdan 10-cu Zirvə görüşü də türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacaq.

Arzu Abdullayev
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 06.11.2023 19:18