AZ EN RU

Türk dünyasının fəxri Əziz Səncəri“Nobel”ə aparan uğur hekayəsi


Azərbaycan Respublikasının Prezidenti İlham Əlİyеv: “...Və gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Və siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”.

    Ey Türk Milləti! Sən kökündən çox uzaqlaşıb Çin dənizindən Roma qapılarına, Aralıq dənizindən Qara dənizə, Avropadan Asiya, Afrika qitələrinə qədər vardığın üçün öz kökün üzərində yenidən qol-budaq atıb cavanlaşan, böyüyən, əbədiyaşar olansan. Ey Türk dünyası! Sənin gələcək istiqbalın Turanın bütövləşməsindədir. Turanın bütövlüyünün açarı isə “Azərbaycan” deyilən bu ən qədim türk yurdunun bütövlüyündədir. Məhz 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində imzalanmış Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsi türk xalqlarının tarixində güclü bir şəcərə yaratdı.

     XXI əsrdə dünya elm və texnologiya sahəsində rəqabət yeni dəyərlərin istehsalına şərait yaratdı. Nobel mükafatı kimi tematik sahədə dünyanın ən nüfuzlu adlarını və əsərlərini tanıdan şəxslər hər kəs tərəfindən qəbul edildi. 2015-ci ildə kimya üzrə Nobel mükafatı alan professor Əziz Səncər də tarixə adını yazdıran, türk xalqlarını təmsil edən ilk türk Nobel mükafatçısı oldu. Nobelə aparan macəranın hər fürsətdə Cümhuriyyət dəyərləri ilə yaxından əlaqəli olduğunu ifadə edən alim: “Bu mükafat göydən gələn mükafat deyil, zəhmətin və yaxşı təhsilin nəticəsidir. Bu, Atatürkün və Cümhuriyyətin medalıdır. Ata adına medal almışam, ona məxsusdur. Atanın yeri Atanın yanındadır”, – deyirdi.
    Alim verdiyi müsahibələrdə vurğulayır ki, əməyinin qiymətləndirilməsi və mükafatlandırılması vacibdir, lakin bəşəriyyətə verdiyin töhfənin zövqü əvəzedilməzdir. Mustafa Kamal Atatürk və yoldaşları Cümhuriyyətin qurulmasına öncüllük edərkən, türk millətinin əbədi və firavan olaraq dünya sivilizasiyaları səviyyəsində yaşamasını təmin etdilər. Cümhuriyyət dəyərləri ilə böyümüş gənclər isə türkləri dünyada təmsil edir və bu dəyərlərin bəşəriyyət üçün əhəmiyyətini ortaya qoyurlar. İndiyə qədər böyüklər gəncləri, indi isə gənclər böyükləri dəyişdirirlər. Bu, dəyərlərdən imtina və ya ənənəyə qarşı çıxmaq deyil, sadəcə olaraq, sosial transformasiyanın yenilənməsidir.

“Nobel” aldığında bütün Türk dünyasını təmsil etdiyini deyən Əziz Səncər qarşımızda…
 
Bəlkə də, bir yuxu idi gördüklərimiz. Haqqında daim eşitdiyimiz, qürurla fərəhləndiyimiz, hətta “Mən həyatda şansa inanmadım, bütün nailiyyətlərimi alın təri ilə qazandım”, – deyən ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Səncər budur qarşımızda.
    Onlayn çıxışına ev sahibliyi edən “Naxçıvan” Universitetində ilk dəfə alimi eşitmək, görmək, dediyi hər sözü ürəyinin ən incə qatına köçürmək üçün sanki bütün auditoriya lal olmuş, hər kəs maraqla dinləyirdi:  


    Azərbaycanın mənim qəlbimdə Türkiyə qədər yeri var. Qarabağda Azərbaycanın suverenliyinin tam şəkildə təmin edilməsi münasibətilə azərbaycanlı qardaşlarımı təbrik edirəm. Bu haqlı zəfər, sadəcə, Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. Bizə bu günləri göstərmək uğrunda həyatını itirmiş bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət təmənna edir, qazilərimizə sağlıq diləyirəm. 

    Uzun zaman bir-birindən ayrı düşmüş türklərin bir araya gəlmələri, güclərini birləşdirmələri, özlərinin və dünyanın inkişafına ortaq töhfələri bizi qürurlandırır. Bu səbəbdən  bu gün bütün türk dövlətlərinin təməlinin qoyulduğu Naxçıvanda elm və milli inkişaf üzərinə dediyim aforizmlər kitabının təqdimat mərasimi məni çox məsud edir. 
    Mən Nobel mükafatını alanda, sadəcə, özümü deyil,  Türkiyə Respublikasını deyil, bütün Türk dünyasını təmsil etdiyimi hiss edirdim. Biz qeyri-adi mədəniyyətlər yaratmış böyük bir türk millətiyik.
    Universitet illərində dərslərdə məşhur dünya alimlərinin tədris olduğunu təəssüflə xatırlayan alim söhbətinə belə davam edir: – Uluqbəy, İbn Sina, Əl Biruni, Alparslan, Nəsrəddin Tusi və sair türk alimlərinin isə tədris edilmirdi. İllər sonra Qərb yazıçılarının əsərlərini oxuyanda başa düşdüm ki, həqiqətən, 750-1350-ci illər arasında Türk dünyası elm dünyasının mərkəzi idi. Həqiqətən, biz böyük mədəniyyətlər yaratmışıq. Elmlə məşğul olmaq genetik və yaxud zəka məsələsi deyil, ənənə məsələsidir. Bütün insanlara bərabər ağıl paylanıb. Buna görə biz uşaqlarımıza erkən yaşda elm aşılamalıyıq. Artıq mən türk ölkələrinin texnologiyaya önəm verdiyini görürəm. Əgər dünyada adımızı elan etmək istəyiriksə, əgər tək güc olmaq istəyiriksə, əgər xaricilər tərəfindən idarə olunmaq istəmiriksə, biz elmlə məşğul olmalıyıq və bir elm ortamı yaratmalıyıq. Vaxtı ilə Uluqbəy və Uluqbəy kimi elm adamları Türk dünyasında ortaq çalışaraq elm qazanırdılar. Bu gün artıq görürük ki, bütün Türk dünyasında elm və cəmiyyət inkişaf edər. Nobel mükafatçısı həyat təcrübələrimə dayanaraq və dövrümüzdə qabaqcıl ölkələrin bu kriteriyalara çatdıqlarını izləyərək aşağıdakı tövsiyələri də paylaşdı:
    1. Elm ədalətin, azad düşüncənin, sorğulamanın olduğu mühitdə yaşayaraq qazanırlar. Bunu unutmamaq və övladlarımızı bu ruhla, bu alışqanlıqla böyütmək lazımdır. Onlara bu mühiti təmin etməliyik. Elmdə azad düşüncə çox önəmlidir. Mənim yanımda işləyən uğurlu elm adamları, indiyə qədər yetişdirdiyim ən uğurlu tələbələr mənimlə münaqişə edən tələbələr olub. Bu baxımdan, xüsusilə gənclərimizə azad fikirli olmağı öyrədin. 
    2. Dəqiq elmləri prioritet etməliyik. Türk dünyasının tək güc olması üçün bizim dəqiq elmlərə investisiya qoymağımız lazımdır. Dəqiq elmlə məşğul olan gəncləri dəstəkləməli, onlara özünəinamı təmin etməliyik. 
    3. Qız və ya oğlan uşaqlarına ali təhsil imkanı vermək lazımdır. Bunu həll edə bilməsək, cəmiyyətimizin yarısının tərkibi olan qadınlarımızın potensialından inkişaf yolunda yararlanmaq, bu potensialı gerçəkləşdirən cəmiyyətlə rəqabət apara bilmərik. 
    4. Uşaqlarınıza çox erkən yaşda təcrübə etməyi öyrətməliyik. Mən təcrübə etməklə öyrəndim. Bu, vərdiş halına gəlməlidir. Sadəcə, oxumaqla elm öyrənilməz. 
    5. Siyasət və din bir-birinə qarışdırılır. Bunları mütləq ayrı tutmaq lazımdır. Siyasət və din qurumları məqsəd və üsul baxımından vacib və ayrıcalıq təşkil edir. Bunlar bir-birinə qarışdırılarsa effektivlik itirilər, irəliləyiş olmaz. Elm adamlarını din və siyasətin xaricində saxlamaq lazımdır. Din və siyasət alimin işinə qarışarsa nəticə ortadan qalxar. 
    6. Alimləri təyin etməkdə, ölçməkdə həmişə ədalətli olmaq lazımdır. Amerikada dünən edilənə baxmazlar.  Çalışacaq, inkişaf edəcək və yeni xəyallar quracaqsınız. Elmə investisiya qoymağın tək yolu budur. 
    7. Alimlərə öz elmi məqsədlərinə çatma və reallaşdırma imkanı yaratmaq lazımdır. 
    8. Bütün bunların xaricində mənim qənaətimcə Türk dünyasına bir vəfa borcu olmadan yaxşı bir inqilabçı olmaz. Mən elmlə məşğul olarkən, xüsusilə xarici bir ölkədə elmlə məşğul olarkən ağlımda daim bir şeyi  saxladım və heç vaxt yaddan çıxarmadım. Mən burada, sadəcə, özümü deyil, bütün türk millətini təmsil edirəm deyə düşündüm. Və o mənə həmişə güc verdi, həm də məsuliyyətli olmağı öyrətdi.

Nə gözəl dua idi

Alim 20 dəqiqəlik çıxışına sanki bir dünya sığdırmışdı. Milli-mənəvi dəyərlərdən təhsil strategiyasına qədər bütün detallara toxunan türkün fəxri olan Əziz Səncər sözlərini bu cümlələrlə bitirdi: “Allahdan arzum odur ki, 100 il sonra nəvələrimiz Birləşmiş Türk Dünyasının 100-cü ilini qeyd etsin”.
    Bu dua mənə bir hadisəni xatırlatdı. Azərbaycana səfər zamanı Prezident cənab İlham Əliyevlə görüşən dəyərli alim Əziz Səncər bildirmişdi ki, həyatda ən böyük arzularından biri Şuşaya səfər etməkdir. Və o möhtəşəm dua Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi ilə gerçəkləşdi. Ümid edirik bütün arzularınız da bax, beləcə, yenilməz türk sərkərdələrinin timsalında çin olar.

 Fariz ƏHMƏDOV 
 

Nəşr edilib : 04.11.2023 19:39