AZ EN RU

“Türk Dünyası Dijital Vətəndaşlığı” layihəsinin məlumatlandırma günü olub

    Dünən “Naxçıvan” Universitetində “Türk Dünyası Dijital Vətəndaşlığı” layihəsinin məlumatlandırma günü keçirilib. 
    Görüşdə Qaziantəp Universitetinin professoru Ərdal Bay, layihənin Azərbaycan üzrə koordinatoru Könül Məmmədova, Naxçıvan Dövlət Universitetinin nümayəndələri və universitetin müəllim-tələbə heyəti iştirak edib.
    Universitetin rektoru, dosent Nurlana Əliyeva qonaqları salamlayaraq bildirib ki, “Naxçıvan” Universiteti 2021-ci ilin sentyabr ayından etibarən bu layihənin rəsmi iştirakçılarından biridir. Layihənin əsas məqsədi bölünmələrə baxmayaraq, ərazi baxımından bir inteqrasiya olmasa da, oxşar və bənzər cəhətləri olan eyni soydan gələn gənclərin təhsil, mədəniyyət, tarix və iqtisadiyyat kimi sahələrdə ortaq məxrəcdə hərəkət etmələrini təmin etməkdir. Məhz buna görə də bu layihə Türk dünyasında ortaq bir məxrəcdə hərəkətetmə qabiliyyətinin inkişafına töhfə verəcək bir layihədir.
    Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli tərəfindən layihənin məqsədi, tərəfdaşları, layihə çərçivəsində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib.
    Qaziantəp Universitetinin professoru Ərdal Bay layihənin uzunmüddətli olacağını iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, “Türk Dünyası Dijital Vətəndaşlığı” layihəsi “bənzərliklərimizi tanıma” istiqamətində atılmış əhəmiyyətli bir addımdır.
       Layihənin Azərbaycan üzrə koordinatoru Könül Məmmədova hazırda dünyanın 9 ölkəsindən 67 universitet ilə əməkdaşlıq protokolunun imzalandığını vurğulayıb. Qeyd edib ki, bu layihə Türk dünyasını əhatə etmək və qardaşlıq hüquqlarını inkişaf etdirmək üçün ən vacib fəaliyyətlərdən biridir. 

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 24.02.2022 21:14