AZ EN RU

Türk Ağsaqqalları Birliyinin sədri və təşkilatın üzvləri "Şərq qapısı" qəzeti redaksiyasında olublar

Görüşdə "Şərq qapısı"nın baş redaktoru Sara Əzimova qəzetin tarixindən danışıb bildirib ki, qəzet 1921-ci ildən "Cavanlar həyatı" adı ilə nəşr olunur. Sonradan müxtəlif adlarla nəşr olunan qəzet 1989-cu ildən fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparıb. Ümummilli Liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanıb, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görüb, bu mövzuda yazılarla çıxış edib, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynayıb.

Akademik Sudeyf İmamverdiyev Ulu Öndərin vətənində dərc olunan bu qəzeti yüksək qiymətləndirib, qəzet haqqında müsbət fikirlər səsləndirib. O, qəzetçiliyin çətin və şərəfli əmək olduğunu bildirərək, bu istiqamətdə qəzetin fəaliyyətinə və kollektivə uğurlar arzulayıb.

Görüşdə Milli Məclisin deputatı Musa Qasımlı, AzTV Akademiyasının rektoru, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Dünya Türkologiya Mərkəzini sədri Güllü Yoloğlu qəzetçilik haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu gün üçün qəzet vacibdir. Çünki elektron resurslardan fotoların, xəbərlərin silinməsi ehtimalı olsa da. nəşr nümunələrinin ömrü uzun və hətta əbədidir.

Sonda baş redaktor Sara Əzimova akademik Sudeyf İmamverdiyevə "Come to Nakhchivan" kitabını hədiyyə edib, xatirə şəkli çəkdirilib.

 

 

Nəşr edilib : 22.02.2024 11:17