AZ EN RU

Türk Ağsaqqalları Birliyinin sədri və təşkilat komitəsinin üzvləri Naxçıvan Dövlət Universitetində

    Türk Ağsaqqalları Birliyinin sədri və tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.  Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı  muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara 10 may 1999-cu ildən fəaliyyət göstərən muzey haqqında ətraflı məlumat verib. 
    Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev rəhbərlik etdiyi universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqqında danışıb. Çıxış zamanı universitetin beynəlxalq əlaqələri, xarici ölkə universitetləri ilə bağladığı müqavilələr, qardaş Türkiyə universitetləri ilə ikili diplom layihələrinin mövcudluğu haqqında ətraflı məlumat verilib, ali təhsil ocağının qazandığı elmi nailiyyətlər diqqətə çatdırılıb.
    Rektor Britaniya Şurasının universitetdə açdığı IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasını ali təhsil ocağının nailiyyətləri sırasında qeyd edib. Vurğulanıb ki, mərkəzin ilk imtahanı bu ilin iyun ayında keçiriləcək. Əcnəbi tələbələrin sayca üstünlüyü ilə ölkə universitetləri sırasında öz öncüllüyünü qoruyan ali təhsil ocağında 10 ölkədən 1500 tələbə təhsil alır. 
    TAİB sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi, akademik Sudeyif İmamverdiyev təhsilin və tədrisin yüksək səviyyədə təşkilindən, muxtar respublikanın tələbləri nəzərə alınmaqla aparılan kadr potensialından xüsusilə razılığını ifadə edib. 
    Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu universitetin yaranmasının 55 illiyi münasibətilə kollektivi təbrik edib, ali təhsil ocağının inkişaf perspektivləri ilə bağlı müəyyən məqamlara toxunub. Jurnalist, Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, TAİB Təşkilat Komitəsinin üzvü Eyvaz Hümbətov, Missiya Media Qrupunun baş redaktoru, Türk Ağsaqqalları Birliyinin Aparat rəhbəri Nicat Dağlar universitet haqqında xoş təəssüratlarını bölüşüb, görülən işlərdən məmnunluq hisslərini dilə  gətiriblər.
    Sonda TAİB sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi, akademik Sudeyif İmamverdiyev universitetin xatirə kitabına ürək sözlərini yazıb. 
    Qeyd edək ki, Türk Ağsaqqalları Birliyinin sədri və təşkilat komitəsi üzvlərinin iştirakı ilə universitetdə ustad dərsləri təşkil edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 04.05.2022 22:29