AZ EN RU

Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti: “Naxçıvan Muxtar Respublikasının hər bir sahəsində dövlətçiliyə sədaqət, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə sadiqlik əsas missiyadır. Naxçıvan ulu öndər siyasi xəttinə söykənərək gələcək inkişaf yolunda uğurla irəliləməkdədir”

 

    Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ilə əlaqədar olaraq Türk Ağsaqqalları Birliyinin sədri və tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvanda olublar. Biz də bu fürsətdən istifadə edərək birliyin ölkə ictimaiyyətində tanınmış  bir neçə ziyalı nümayəndəsi ilə həmsöhbət olduq, onların muxtar respublikamız haqqında təəssüratlarını öyrəndik. 

    Sudeyif İmamverdiyev – Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik: – Türk Ağsaqqalları Birliyinin Naxçıvan Dövlət Universiteti ilə birgə keçirdiyi konfrans ulu öndər Heydər Əliyevin Türk dünyası üçün misilsiz siyasi xidmətlərinə həsr olunmuşdu. Naxçıvan ürəkaçan bir şəhər kimi bizə çox müsbət təsir etdi. Burada hər tərəf tərtəmiz, çox gözəl idi və hər cəhətdən düşünülmüş həyat şəraiti qurulub. Naxçıvan Dövlət Universiteti ilə tanış olduq. Onun tədris korpuslarını, tələbə evini, gözəl arxitekturasını, təmizliyini gördük. Burada təşkil edilən konfrans da yüksək səviyyədə idi. Məruzələrdə ulu öndərin fəaliyyəti, Naxçıvanda aparılmış quruculuq, inkişaf mərhələləri, universitetin formalaşması ilə bağlı, Azərbaycanın  çətin dövrlərində Naxçıvan sakinlərini ulu öndərə dəstəyi və digər mövzularda dəyərli  çıxışlar dinlədik. Ulu öndərin Türk dünyasına verdiyi töhfəni çox əhatəli şəkildə auditoriyaya çatdıra bildik. Mənim çıxışım, xüsusən Azərbaycanın ən çətin bir dövründə ulu öndərimizin fəaliyyəti, Azərbaycan xalqının liderinə olan etibarını əhatə etdi. Ümumiyyətlə, buradakı görüşlər, gördüklərimiz heç vaxt yadımızdan çıxmayacaq. Bildirim ki, Naxçıvan şəhəri başdan-başa abadlaşıb. Bütün  bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi genişmiqyaslı işlər sayəsində mümkün olub. Ali Məclis Sədrinin rəhbərliyi ilə bu gün Naxçıvanda baş verən inkişaf prosesləri, dəyişikliklər son dərəcə ürəkaçandır. Bütün Azərbaycan regionları burada idarəçilik sisteminin yüksək səviyyəsindən nümunə götürə bilər. Bu gün Azərbaycanın hər yerində geniş quruculuq işləri gedir. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının yerlərdə ləyaqətlə yerinə yetirilməsinin  nəticəsidir. Muxtar respublikada  ümummilli liderin ideyaları, cənab Prezidentin tapşırıqları yüksək səviyyədə həyata keçirilir. Bu, ürəkaçandır. Biz burada özümüzü çox xoşbəxt saydıq. Çox sağ olun. 

    Hikmət Babaoğlu – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor: – Naxçıvan Dövlət Universitetində Türk Ağsaqqalları Birliyi ilə bərabər “Heydər Əliyev və Türk dünyası” adlı konfrans keçirildi. Mən düşünürəm ki, məhz Naxçıvanda belə  bir konfransın təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Ona görə ki, hazırda regionumuzda yaranan yeni geostrateji reallıqlar, əldə etdiyimiz tarixi Zəfər kontekstində Naxçıvanın 100 il bundan əvvəlki geostrateji əhəmiyyəti, coğrafi mövqeyi, Türk dünyasının bütövlüyü yenidən özünə qaytarılıbdır. Bundan sonra regionumuzda inşa ediləcək mümkün sülh prosesində Naxçıvanın coğrafiyası xüsusi əhəmiyyət kəsb edəcəkdir. Ölkə başçımızın da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi artıq reallığa çevrilməkdədir və sevindirici haldır ki, münaqişə dövründən ötən 30 il müddətində, əslində, Naxçıvan bu gələcəyə hazırlaşıbdır, burada böyük və yeni infrastruktur yaradılıbdır. Bu gün dəmir yolu dəhlizinin xətti işlək vəziyyətdədir. Çox sevindiricidir, Naxçıvan özünün inkişafı, turizm obyektləri, geniş prospektləri, yaraşıqlı binaları ilə Türk dünyasının gələcəyinə hazırdır. Amma biz bütün bu zəfərlərimizi qeyd edərkən bir həqiqətlə üz-üzə gəlirik. Bu həqiqət ondan ibarətdir ki, regionda yaranmış hazırkı reallıqların təməlləri, Naxçıvanın coğrafi mövqeyinin möhkəmləndirilməsinin də əsasları  böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və muxtar respublika rəhbəri tərəfindən uğurla, qətiyyətlə davam etdirilir. Və bu gün, nəhayət, Naxçıvanla bağlı onun arzularının çin olduğu tarixdir həm də. 

    Konfransda bir-birindən maraqlı, çoxsaylı məruzələr dinlənildi. Bunlar “Heydər Əliyev və Türk dünyası” mövzusunun müxtəlif – ideoloji, iqtisadi, siyasi, regional aspektlərini əhatə edirdi. Düşünürəm ki, konfransda səslənən elmi məruzələr, bundan sonrakı mərhələdə də konfrans materialı kimi Naxçıvan Dövlət Universitetində yetişən tələbələr üçün maraqlı mənbə olacaq, onların yaxın siyasi keçmişimizin tarixi ilə bağlı istifadə və xeyli sayda məlumat əldə edəcəkləri bir qaynaq rolunu oynayacaqdır. Naxçıvan Dövlət Universiteti ərazisinə, binalarına və kampustipli olmasına görə Azərbaycanın digər ali təhsil ocaqlarından fərqlənir. Universitetdə yaradılan elmi mühit və təşkilatçılıq olduqca yüksək səviyyədədir. Bu elmi mühit, bu tədris mühiti təqdir olunmalıdır. Ayrıca bir məsələ Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələridir. Qonşu Türkiyənin universitetləri, ölkə universitetləri, eləcə də dünyanın aparıcı universitetləri ilə təcrübə mübadiləsi, kitabxanalarla  əlaqələr tələbələr üçün yeni imkanlar yaradır. Elmin sərhədi yoxdur, yetər ki təşəbbüskarlıq olsun. Naxçıvan Dövlət Universiteti də bu istiqamətdə çox böyük strateji addımlar ata bilib. Şübhəsiz ki, önümüzdəki mərhələdə universitetdə kadrların elmi, siyasi, ideoloji hazırlığı kontekstində də bu faktor öz rolunu oynayacaqdır. 

    Ramil Həsən – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi: –  Gənclik hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə – sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlanıldı. Məlum reallıqdır ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu mənada, qeyd etmək yerinə düşər ki, Prezident cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı  təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. Həmin Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. Bununla yanaşı, vurğulamaq lazımdır ki, bu gün ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da həmin gənclərimiz arasından sayılıb-seçilən mərd igidlərimiz idi. Naxçıvanda da vətənpərvər ruhlu, dövlətçiliyə sadiq, əzmkar və iradəli gənclik yetişir. Bu, bilavasitə gəncliyin inkişafı üçün yaradılan ideal şəraitlə əlaqədardır. Azərbaycan gəncliyi ümummilli lider ideyalarının sadiq davamçıları kimi xalqımızın, dövlətimizin başını indiyədək necə uca tutmuşsa, bundan sonra da bütün canı, qanı bahasına yalnız bu müqəddəs amala xidmət edəcəkdir. 

    Nicat Dağlar – Missiya TV-nin baş redaktoru, Türk Ağsaqqalları Birliyinin aparat rəhbəri, jurnalist: –  Bu mənim artıq Naxçıvan Muxtar Respublikasına ikinci səfərimdir. İlk səfərim ötən il baş tutmuşdu və həmin görüş, yəni Naxçıvan şəhəri ilə ilk tanışlığım məndə böyük təəssüratlar yaratmışdı. İlk səfərimdən geri qayıtdıqdan sonra Naxçıvanda gördüyüm, tanış olduğum hadisələr barədə qələmə aldığım reportajımda keçirdiyim müsbət hissləri əlimdən gəldiyi qədər tamaşaçıya çatdırmağa çalışdım, bunu özümə borc bildim. Bununla belə qeyd etməliyəm ki, Naxçıvan barədə daha əvvəl də məlumatım var idi, naxçıvanlı dostlarımızın söhbətlərini həmişə maraqla dinləyirdik. Hər iki səfərimdə bu vaxta qədər eşitdiklərimin əyani sübutunu gördüm. Gördüm ki, Naxçıvan necə müasir və inkişaf səviyyəsi yüksək olan bir şəhərdir. Tikilən gözəl məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları, salınan abad yollar həmin kəndlərin sakinlərinin rahat yaşayışının təmin olunmasına xidmət edir. Öyrəndik ki, Naxçıvanın etibarlı müdafiə olunan dağ və sərhəd kəndlərinə bu gün fasiləsiz təbii qaz və elektrik enerjisi verilir, rabitə xidməti göstərilir. Yeni yol rahat gediş-gəlişi təmin edir, müasir məktəb binaları şagirdlərin keyfiyyətli təhsil almasına imkan verir, müasir tibbi xidmət sakinlərin sağlamlığını qoruyur, internetə çıxış imkanı isə insanların dünyagörüşünün artmasına şərait yaradır. Bir sözlə, havası, suyu təmiz olan, hərtərəfli şəraitə və özünəməxsus müsbət auraya malik kəndlər, qəsəbələr bir cazibə məkanına çevrilir. Məhz bunun nəticəsidir ki, Naxçıvan muxtar diyarı Azərbaycan regionları arasında bir çox müsbət keyfiyyətlərinə görə lider nöqtədə dayanıb.  

    Ceyhun Musaoğlu – Jurnalist Ekspert Mərkəzinin rəhbəri:  – Ulu öndər Heydər Əliyevin 99 illik yubileyi münasibətilə Naxçıvana etdiyim bu ilk səfərim mənim üçün yaddaqalan olacaq. Naxçıvan, həqiqətən, çox maraqlı bir diyardır. Təmiz küçələr, abad yollar, geniş park-xiyabanlar ilk görüşdən insanı özünə cəlb edir. Mənim kifayət qədər naxçıvanlı dostlarım var və onlardan bu diyar barədə bir çox məlumatlar öyrənmişik. Amma real şəkildə gəlib görmək, bu gözəlliyə əyani şəkildə tamaşa etmək çox fərqli bir hissdir. Bu diyarın insanları da tamam fərqli bir cazibəyə malikdirlər. Qonaqpərvərlikləri ilə bərabər, həm də çox savadlı və intellektli olurlar. Hər dəfə Naxçıvan mühiti barədə söhbət açıldıqda bu şəhərin insanlarındakı yüksək biliyin, elmin genetik olduğunu dilə gətirirəm. Çünki tanıdığım bütün naxçıvanlı şəxslərin timsalında bunu görmüşəm. Bununla yanaşı, Naxçıvan Dövlət Universiteti ilə tanışlığımız da çox müsbət təəssürat yaratdı. Öyrəndik ki, bu ali təhsil ocağı ölkə miqyasında, o cümlədən beynəlxalq təhsil arenasında da qarşılıqlı əməkdaşlıq sahəsində əldə etdiyi uğurlarla bu gün dünya ölkələrinin diqqət mərkəzindədir. Rektor çıxışında da diqqətə çatdırdı ki, Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin sayına görə ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları içərisində  ilk sıralardadır. Burada Cənubi Koreya, Pakistan, Türkiyə, Özbəkistan, Nigeriya və digər ölkələrin vətəndaşları müvafiq ixtisaslar üzrə təhsil alırlar. Ən böyük üstünlüyü isə qardaş Türkiyə Respublikasının tələbə-gəncləri təşkil edir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin bir çox türk, Avropa ölkələrinin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. Təbii ki, bu cür təhsil müəssisəsində oxumaq hər bir tələbə-gənc üçün əlverişli və gözəldir. Naxçıvana bundan sonra da müntəzəm səfər etmək niyyətindəyəm. 

    Elnur Eltürk – Türk Ağsaqqalları Birliyinin aparat üzvü, Diaspor üzrə araşdırmaçı: – Bakıda böyüsəm də, valideynlərim naxçıvanlıdır. Bu diyar haqqında təəssüratlarım həddindən artıq böyükdür. Bu dəfə Türk Ağsaqqalları Birliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfransda iştirak etmək üçün gəlmişəm. Konfrans çox yüksək səviyyədə hazırlanmışdı. Hesab edirəm ki, Naxçıvanda belə bir tədbirin keçirilməsi Türk dünyası birliyi üçün də böyük töhfə olacaq. Mən bir daha minnətdaram ki, burada bizi çox qonaqpərvərliklə qəbul etdilər. Bildirmək istəyirəm ki, bu gün Naxçıvana olan diqqət, Naxçıvanla bağlı fikirlər çox yüksək səviyyədədir. Konfransda da çox maraqlı bir məsələyə toxunuldu ki, Naxçıvan elə  bil 30 il bundan qabaq dəhlizin açılmasına hazırlaşıb. Bu, muxtar respublikada ümummilli lider Heydər Əliyevin inkişaf və quruculuq siyasətinin dönmədən, inamla davam etdirilməsindən irəli gəlir. Həm də Naxçıvanın yüksək perspektivi, əhəmiyyəti, önəmi və strateji mövqeyi ilə əlaqədardır. Naxçıvanın, demək olar ki, çox yerini gəzmişəm. Bunlar içərisində Möminə xatın türbəsi, Yusif ibn Küseyir oğlu türbəsi, dünyanın ən qədim İslam ibadətgahı hesab edilən Əshabi-kəhf ziyarətgahı və digərləri vardır. Naxçıvan çox qədim tarixə, mədəniyyətə malik  bir diyardır.  Həmçinin Yaxın Şərq tarixində ən qədim şəhər mədəniyyətinə malikdir. Biz öz fikirlərimizi sosial şəbəkələr vasitəsilə ictimaiyyətlə bir daha bölüşəcəyik. Hesab edirəm ki, Türk Ağsaqqalları Birliyinin Naxçıvana səfəri bu tədbirlə yekunlaşmayacaq. Naxçıvan bu birliyin daim diqqət mərkəzində olacaqdır. 

 Güntac ŞAHMƏMMƏDLİ 
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 05.05.2022 21:42