AZ EN RU

Turizmin sürətlə inkişafı üçün dövlət və özəl sektor sıx çalışmalıdır

    Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda turizmin inkişafı prioritet sahələrdən biri kimi ön plana çəkilib. Proqramda sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Muxtar respublikamızın turizm cəlbediciliyinin artırılması və tarixi-memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılacaqdır. Eyni zamanda turizm və rekreasiya zonalarının yaradılması da regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək, turizm sahələrinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi və turizm atlasının hazırlanması təmin ediləcəkdir. Muxtar respublikada əmək bazarının tələblərinə uyğun olaraq xidmət, turizm, informasiya texnologiyaları və digər istiqamətlərdə təlimlərin təşkili həyata keçiriləcək. Naxçıvanda turizm imkanları, zəif və güclü tərəfləri, turizmin inkişafında vacib olan məqamlara yerli və xarici turizm şirkətinin rəhbərləri aydınlıq gətirdi.

    “Naxçıvan Travel” şirkətinin direktoru Natiq Paşayev: – Naxçıvanda turizm imkanları genişdir. Bu sahədə çox işlər görmək olar. Son dövrlərdə şirkətimiz daxili turlarda tarixi, mədəni, müalicə, hiking, quş müşahidəçiliyi və macəra turlarına xüsusi önəm verir. Bölgənin əlverişli relyefə və təbiətə malik olması bu işdə bizə kömək olur. Macəra turlarında qonaqlarımız şəhər həyatından tam uzaqlaşaraq keçilməz və çətin dağ yolları ilə öncədən planlaşdırdığımız destinasiyaya macəra dolu səyahət edirlər (bura daxildir: xüsusi 4x4 nəqliyyat vasitələri, çətin yollar). Turizmdə ən vacib nüanslardan biri insanlara məhsulu tanıtmaq və satmaqdır. Biz şirkət olaraq bunun üzərində daha çox işləyirik.
    Müsahibim deyir ki, turizmdə hər bölgə üçün startap layihələrin, xüsusi tur paketlərinin hazırlanması vacibdir: – Bu gün turizm cəhətdən maraq göstərilən rayon və kəndlərdə açılan restoranlar turizm obyekti sayılmır. Restoranda xidmət səviyyəsinin yüksək olması çox vacibdir, ona görə ki, xidmət sıfır səviyyəsində olarsa, o bölgənin turizm imkanları da sıfırlanır. Turizm istiqamətlərinin düzgün seçilməsi və bu sahədə məlumatlı tur bələdçilərinə ehtiyac var. Bu sahədə kadrların yetişdirilməsi vacibdir. Turizm imkanları yaratmaq üçün ictimai obyektlər, butik otellər açılmalıdır: – Mən bir neçə il bundan əvvəl Əshabi-kəhfdə dini turizm otelinin inşası üçün təklif vermişdim. Artıq orada zəvvarlar üçün otellər və digər infrastruktur qurulacaq. Ağbulaq, Batabat kimi yerlərdə göl ətrafında xüsusi kotteclərin inşa olunması, oranın yerli imkanlarının tanınması vacibdir. İnsanlarda turizm anlayışı formalaşmalı, sosiallaşma önə çıxarılmalıdır. Naxçıvanda turizmin digər bir növü olan kruiz turlarını çıxmaq şərtilə rafting (su idmanı) üçün hətta əlverişli şərait var. Məlum olduğu kimi, muxtar respublika ərazisində ilin müəyyən aylarında bol suyu ilə seçilən çaylar var ki, məhz bu da turizmin bu növü üçün əlavə imkan yaradır. 
    Natiq müəllim turizmin inkişafında düzgün təbliğat aparılmasının önəminə toxunaraq dedi: – Naxçıvana turist axını günü-gündən artır. Sosial şəbəkələrdə düzgün təbliğatın aparılması, veb-sayt üzərindən fəaliyyət əhəmiyyətlidir. Bizim şirkətin iki veb-saytı vardır və məlumatlar izləyicilərə 8 dildə təqdim olunur ki, bu da turizmdə təbliğat baxımından çox əhəmiyyətlidir. Bu il təqdimatı keçirilən 100 səhifəlik, iki dildə dərc edilən “Qafqazın İsveçrəsinə səyahət – Naxçıvan” adlı kitabım Naxçıvana səyahət etmək istəyən hər kəs üçün bələdçi rolunu oynayacaq. Yeni turizm mövsümündə “Hello Nakhchivan” adlı ingiliscə kitabın işıq üzü görməsi üçün çalışırıq. 20 ildir, fəaliyyət göstərən turizm şirkəti kimi dünyanın 70 xarici ölkəsinin vətəndaşlarını Naxçıvanda turist kimi qəbul etmişik. Bunların hamısı Naxçıvanın beynəlxalq aləmdə tanınması üçün xüsusi bir roldur, dəstəkdir.
    “Ölkə başçısı tərəfindən qəbul edilən Dövlət Proqramı turizmin prioritet sahə kimi inkişafına diqqətin nə qədər öndə olduğunu göstərir”, – deyən müsahibim bildirir ki, Naxçıvanda UNESCO-nun maddi-mədəni irs nümunələri siyahısına daxil olmağı gözləyən tarixi-memarlıq abidələri vardır. Qarabağlar türbəsi ornamentləri, duruşu ilə belə abidələrdən biridir. Bu türbənin, eləcə də digər bir çox tarixi abidənin restavrasiyaya ehtiyacı vardır. Hər bir abidənin yanında beynəlxalq standartlara uyğun, ingilis və rus dillərində məlumat lövhələrinin quraşdırılması məqsədəuyğun olardı. Tariximizi önə çıxarmaq üçün əvvəlcə mədəni irsimizə diqqət etməli, bu irsi düzgün qorumalıyıq. Turizm sahəsinin inkişafı üçün isə dövlət və özəl sektor sıx çalışmalı, bu mənada, görüşlər təşkil edilməli, təklif alınmalı, dəyərləndirilməlidir. 
    Dilucu Turizm və Organizasyon Ltd şirkətinin sahibi Serpil Önal: – Şirkətimiz İqdırda daxili və beynəlxalq turizm təşkilatı olaraq (konsert, təlim kimi) xidmətlər göstərir. Turizm hər bir ölkənin inkişafında həm ticarət, həm də mədəni sərvət baxımından mühüm əhəmiyyətə malikdir. Bu sahə bütün dünyaya açıq, lakin ölkə üçün sərfəli pəncərədir. Azərbaycan ən çox üstünlük verdiyimiz ölkədir. Tarixi abidələri ilə zəngin nadir mədəniyyəti, incəsənəti və rəssamları, musiqisi və kulinariya mədəniyyəti ilə dünyanın ən gözəl ölkəsidir. Bu günə qədər gəlib çatan, əsrlərlə zəngin tarixi keçmişi olan nadir ölkələrdən biridir. Məncə, dünyanın incəsənət və mədəniyyət paytaxtıdır. Onun bir hissəsi olan Naxçıvanın da məndə xüsusi yeri və sevgisi var. Naxçıvan Azərbaycandan coğrafi baxımdan ayrı düşsə də, bir çox sahələrdə böyük uğurlar qazanıb, təhsil, mədəniyyət və incəsənətdə inkişaf edib. Batabat, Pəzməri, Göygöl kimi turizm baxımından çox zəngin bir yerə sahib olan bölgələrin daha çox turizmə qazandırılması, burada incəsənət və mədəniyyət fəaliyyətlərinin təşkili, sosial obyektlər ilə xalqın ehtiyaclarını ödəyəcək bir infrastruktur və xidmətin qurulmasına ehtiyac var. İstirahət sahəsi və sosial obyektlər Batabat gölünün ətraf mühitinə zərər verməyəcək şəkildə tikilməli, burada su mühərrikləri, yelkənli qayıqlar və ya kano (ucusivri, təkadamlıq qayıq) tipli fəaliyyətlər təklif edilməlidir.
    Serpil xanım bildirir ki, Naxçıvan 3 ölkənin sərhədində yerləşir və turizm baxımından böyük potensiala malikdir: – 2016-cı ildə Naxçıvana turizm səfərində Haçadağı görəndə, həqiqətən, aşiq oldum. Alpinizm turizminin olmadığını öyrənəndə təəssüfləndim. O vaxt 26 fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə 38 alpinistlə bu dağadırmanma yürüşü təşkil etdik. Bu gün də mühüm günlərdə bir çox yerlərdən alpinistlər Naxçıvana gəlirlər. Bu baxımdan region ölkələrindən alpinist, velosiped, trekinq idmançılarını Naxçıvana cəlb edən tədbirlər həyata keçirmək faydalı olardı. Naxçıvan gəncləri hələ alpinizm, çadır düşərgəsi həyatı, velosiped turlarında tam maraqlı və təcrübəli deyil. Bununla bağlı təlimlər təşkil edilməli, Türkiyədə və dünyada olduğu kimi dövlət tərəfindən dəstəklənən dərnəklər, klublar yaradılmalıdır. Naxçıvanda Əlincə qalası və Gəmiqaya kimi çoxlu dırmanma dağları var və bu dağlar trekinq və kanyoninq, Batabat isə kano idmanı, yamac paraşütü üçün əlverişlidir. 
    Naxçıvan turizmini cəlbedici etmək üçün, ilk növbədə, çox təsir­edici reklam çəkmək, bundan əlavə, qonşu dövlətlərin turizm şirkətlərinin, idman klubları və assosiasiyalarının da dəvət olunduğu tarixi, turistik, bədii və mədəni sahələri əhatə edəcək infotur təşkil etmək əhəmiyyətli olar. İnanırıq ki, Naxçıvan həm idman, həm də sosial-mədəni sahələrdə turizm cənnətinə çevriləcək, turizm bölgələri tarixi əhəmiyyətliliyini qoruyub saxlayaraq ən böyük turizm sərmayəsi olacaqdır, – deyə müsahibim əlavə etdi.
    Biz də əminik ki, Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində muxtar respublikada turizm imkanları daha da genişlənəcək, buraya turist axını artacaq, Naxçıvan turizm baxımından cəlbediciliyi ilə həmişə seçiləcəkdir. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 24.07.2023 19:25