AZ EN RU

Turizmin müxtəlif növlərinin inkişafı diqqətdə saxlanılır

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə birlikdə Naxçıvanda turizmin bir çox növləri kimi qastronomiya turizminin də inkişaf etdirilməsi üçün zəruri işlər həyata keçirməkdədir.

Xalqımızın tarix səhifələrində mətbəx mədəniyyəti, qidalanmaq fəlsəfəsi və psixologiyası zaman keçdikcə təkmilləşib, dəyişikliklərə uğrayaraq bu günümüzə qədər gəlib çatmışdır. Azərbaycan qədim tarixə və mədəniyyətə, eyni zamanda rəngarəng və ecazkar mətbəxə malik olan ölkədir. Respublikamızın hər bir bölgəsinə xas olan yüksək mətbəx mədəniyyəti bunun bariz nümunəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası da özünəməxsus mətbəxi ilə fərqlənir.

Milli mətbəximizin təbliği, tədqiqi, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işi bu gün ölkədə uğurla həyata keçirilir. Belə ki, qastronomiya ilə bağlı zəruri qida tərkiblərinin məlumat bazasının hazırlanması üçün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ölkə üzrə "Milli dadlar” layihəsini həyata keçirir. Layihənin məqsədi milli mətbəx nümunələrinin inqrediyentlərini oxuculara təqdim etməklə, ölkənin biomüxtəlifliyini nümayiş etdirmək, müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya turizmini inkişaf etdirmək və bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir.

Hər bir xalqın mədəni irsinin nəsildən-nəsilə ötürülərək yaşadılması, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi həmin xalqın nümayəndələri tərəfindən həyata keçirilir. Xalqımıza məxsus milli mətbəx nümunələrinin hazırlanma qaydaları da orjinallığını saxlamaqla xalqımızın respondentlərinin yaddaşında mühafizə olunaraq, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə gəlib çatmışdır. Qeyd olunanlar nəzərə alınaraq həyata keçirilən sorğu zamanı icma nümayəndələrindən birbaşa sorğunun alınması diqqətə saxlanılır, məlumatlar bilavasitə bu sahədə xalq arasında seçilmiş nümayəndələrdən toplanılır.

Layihənin həyata keçirilməsi zamanı lazımi məlumatların toplanılması üçün müvafiq sorğular hazırlanmışdır. Sorğuda yeməyin adı, resepti, hazırlanma müddəti və mərhələləri, inqrediyentləri, hazırlanma mövsümü, mədəni və sosial, tibbi və sağlamlıq əhəmiyyəti haqqında məlumatların toplanmasıçün suallar öz əksini tapmışdır.

Müvafiq sorğuların Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və 7 inzibati rayonunda keçirilməsi üçün Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarından ibarət işçi qrupu 15 noyabr 2023-cü il tarixdə muxtar respublikaya səfər etmişdir. Layihənin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilati dəstəyi ilə yerli icra hakimiyyətləri ilə əlaqələrin yaradılması və koordinasiyanın təşkili istiqamətində işlər görülmüşdür. Sorğu vasitəsilə lazımi məlumatların toplanılması Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşlarının iştirakı ilə 22 noyabr 2023-cü il tarixədək davam edəcəkdir.

 

Naxçıvan Muxtar Respublikasının

Turizm Departamenti

Nəşr edilib : 20.11.2023 17:24