AZ EN RU

Turizm yeganə “məhsuldur” ki, ölkələr onun idxalını ixracından daha çox arzu edirlər

Bu sahəni inkişaf etdirməyin yolu potensial bazaya malik olmaq deyil, 
kiçik biznesi inkişaf etdirməkdir

    İnsanların səyahət etmək istəyi qədim dövrlərdən məlum olsa da, bu istək artıq müasir dövrümüzdə fenomenal bir sahəyə çevrilib. Təsadüfi deyil ki, bu gün fərqli ölkə və regionları, xalqları və mədəniyyətləri əyani öyrənməyin ən münasib yolu turizmdən keçir. Turizm, eyni zamanda ölkələri bir-birinə yaxınlaşdırır, beynəlxalq əlaqələri möhkəmləndirir, iqtisadi və mədəni bağları inkişaf etdirir. Bütün bu tərəfləri ilə yanaşı, turizm həm də ölkələrə valyuta gətirir. Lakin turizmin kütləvi inkişafı o ölkələrdə baş verir ki, orada kiçik biznesin yolu daim açıq olur. Təbii ki, işsizlik əmsalı çox, əməkhaqqı isə az olan ölkələrdə turizmin inkişafı mümkün deyil. Çünki turizm ən çox xidmətlər toplusunu əhatə edir. Xidmət sahələrinin inkişafı isə yalnız kiçik biznesin üzərində qurulur. Kiçik biznes isə çoxşaxəlidir, eyni zamanda ölkə iqtisadiyyatının əsas sütunu sayılır.
    Bu gün dünyanın iqtisadi baxımdan ən güclü ölkələrində büdcə vəsaitlərinin təminatında ən mühüm yeri kiçik biznesin gəlirləri tutur. Bu cür inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun 3-5 faizi böyük şirkətlərə aid olur. Geridə qalan yüz milyardlarla dollar dəyərində məhsul istehsalı və xidmətlər isə məhz kiçik müəssisələrin payına düşür. Turizmin inkişafında kiçik biznesin rolunu ona görə qabardırıq ki, bu biznes turizmin bu gününə və gələcəyinə, sözün həqiqi mənasında, nəzarət edir. Uzağa getməyək, istənilən ölkədə turistlərin istifadə etdiyi bütün xidmət sahələrinin başında kiçik biznesin təmsilçiləri dayanır. Dünyada elə bir nümunə yoxdur ki, hər hansı böyük şirkət bütün bu xidmətləri ödəmək imkanında olsun. Bu, fiziki baxımdan da mümkün deyil. Buradan isə belə nəticə çıxarmaq mümkündür ki, kiçik biznes inkişaf edirsə, turizm də inkişaf edəcək. Bu baxımdan turizmin inkişafı sosial-iqtisadi vəziyyətə öz təsirini göstərir.
    Qeyd etdiyimiz kimi turizm digər ölkələrlə münasibətlərdə mühüm rol oynayır. Çünki beynəlxalq, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir, iqtisadi inteqrasiya yaradır, valyutanın, işçi qüvvəsinin və kapitalın ölkələrarası sərbəst hərəkətinə zəmin yaradır. Digər tərəfdən məlumdur ki, turizm siyasi baxımdan sabit ölkələrdə daha çox uğur qazanır. Eyni zamanda turizm həm də iqtisadi və siyasi sabitliyin qorunmasına şərait yaradır. Çünki turizmdən gələn gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə – görülən işin müqabilində paylanılır. Bundan əlavə, turizm yeni iş yerlərinin yaradılmasına səbəb olur. Çünki turizm məhsulunun hazırlanmasında çox insan iştirak edir. Belə məhsula tələbatın artması isə paralel olaraq sektora yeni işçiləri cəlb edir. Buradan isə o nəticə alınır ki, turizm dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində əhəmiyyətli rol oynayır.
    Turizmin mənfəəti təkcə iqtisadi tərəfləri ilə ölçülmür. Turistlərin gediş-gəlişi nəticəsində xalqlar arasında münasibətlər daha da dərinləşir, insanlar arasında etibar yaranır. Mövcud problemlər, konfliktlər daha real və əyani şəkildə təbliğ olunur. Yəni ölkəyə gələn turistlər getdikdən sonra olduqları yerlərin təbliğatçılarına çevrilirlər. Bu baxımdan beynəlxalq turizm ekspertlərinin dili ilə desək, turistlər sosial-iqtisadi-mədəni inkişafın katalizatoru rolunu oynayırlar. Beləliklə, bütün bu tərəflərini ümumiləşdirsək, belə demək mümkündür ki, turizmin inkişafı üçün əlverişli biznes mühitinin yaradılması ən vacib şərtdir. Təsadüfi deyil ki, ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş 11 prioritet istiqamət üzrə birinci yerdə muxtar respublikada əlverişli biznes mühitinin yaradılması göstərilir. Təbii ki, əlverişli biznes mühiti olan yerdə kiçik biznesin inkişafı qaçılmazdır. Kiçik biznesin mövcudluğu isə turizmin inkişafını təmin edən əsas şərtdir.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 22.08.2023 19:10