AZ EN RU

Turizm sənayesi: vəzifələr və yeni perspektivlər

    Ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi və mövcud resurslardan daha səmərəli istifadə istiqamətində qarşıya qoyulmuş vəzifələr turizmin inkişafını da həmişə ön planda saxlayır. Belə ki, müasir dünyada turizm bütöv bir sənaye halına gəlməklə təkcə xidmət sektoru üçün deyil, digər əksər sahələr üçün də yeni iqtisadi fürsətlər, yeni iş imkanları yaradır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda da mövcud olan turizm ehtiyatları və yaradılmış turizm infrastrukturu güclü turizm sənayesinin formalaşmasında başlıca vasitələrdəndir. Regionda turizmin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahəyə göstərilən dövlət dəstəyi yüksək komfortlu turizm xidmətlərinin ərsəyə gəlməsinə imkan vermişdir ki, bu da, son nəticədə, Naxçıvanın turizm imicinin artması deməkdir. 

    Turizm sənayesi öz xüsusiyyətlərinə görə unikal bir sahədir. Komfort şərtlərinə yüksək dərəcədə həssas olan turizm sənayesi həm turistlərin, həm turist qəbul edən region əhalisinin rifahını artırmaqla bərabər, iqtisadiyyatın digər sahələrinə də güclü təsir edərək, xüsusən ucqarlarda yeni iş yerlərinin yaradılmasında mühüm vasitədir. Dünya təcrübəsində də turizmin kiçik və orta sahibkarlığın inkişafındakı rolu məhz bu sahələrdə onun effektiv təsiri nəticəsində formalaşır ki, bu da ölkəmizin iqtisadi inkişaf problemləri baxımından aktualdır.
    Müasir turizmdən gözlənilən nəticələr çoxdur. Tarixboyu dünya ölkələri gəlmə və daxili turizm vasitəsilə iqtisadiyyatı şaxələndirmək və qazanılmış mədəni nailiyyətləri bölüşməkdə mühüm nailiyyətlər əldə etmişlər. Dünyada  ikiyüzillik bir turizm təcrübəsi göstərir ki, turizm düzgün təşkil olunub idarə edildikdə yalnız müsbət nəticələr verən, hətta ümumi böhran zamanlarında belə yeni iqtisadi dövriyyəni canlandıran bir funksiyaya da malikdir. Ona görə də turizmin inkişafı bir çox ölkələr üçün əsas prioritet, çox sayda ölkələr üçün isə vacib sahələr kimi diqqətdə saxlanılır. Karbohidrogen ehtiyatları ilə zəngin ölkəmizdə isə yeraltı qızılın yerüstü qızıla çevrilməsi üçün turizm qeyri-neft sektorunun mühüm alternativi kimi artıq çoxdan  öz yerini tutub. 2001-ci ildən Ümumdünya Turizm Təşkilatının layiqli üzvü kimi müstəqil ölkəmizin iqtisadi və humanitar-mədəni sahələrdə hərtərəfli inkişafı turizm sahəsinə də öz təbii inikasını göstərmiş, nəticədə, Azərbaycan səyahətsevər insanların sevimli destinasiyasına çevrilmişdir. Belə bir turizm cazibəsinə qovuşmaqda isə, şübhəsiz, ölkəmizdə yaradılmış modern turizm sənayesinin rolu böyükdür.

    Turizm sənayesi turistlərin səyahət müddətində onların ala biləcəyi hər cür xidmətləri hasilə gətirən bütün xidmət və qeyri-xidmət sahələrinin birgə fəaliyyətinin nəticəsidir. Burada ilk baxışda hotel, restoran, nəqliyyat və ekskursiya xidmətləri ön plana çıxsa da, müasir turistlərin artan tələblərini ödəmək üçün turizm sənayesinin daha çox sayda xidmət sahəsi ilə bütünləşməsi zərurəti də  yaranır. Bu isə sahənin fəaliyyətinin daha da mürəkkəb idarəetmə qərarlarından asılı olması deməkdir. Ona görə də turizm sənayesinin uğurlu fəaliyyət göstərə bilməsi üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən mühüm Dövlət proqramlarında turizmə də xüsusi diqqət ayrılmış, bu sahədə tənzimləmə və təşviq yönümlü işlərə mühüm yer verilmişdir. Nəticədə, keçmiş sovet dönəmində sərhədyanı bir region kimi əcnəbi turistlər üçün, demək olar ki, bağlı qalmış Naxçıvan Muxtar Respublikası ölkəmizin dövlət müstəqilliyinin ilk dövrlərindən başlayaraq mötəbər qonaqların və turistlərin ziyarət yerinə çevrilmişdir. Diyarımız düşmən blokadasına düşsə də, bu maraq azalmamış, tam əksinə, Naxçıvana ildən-ilə ölkəmizin digər yerlərindən və dünyanın hər yerindən gələn turistlərin sayı artaraq davam etmişdir. Yerli insanların qonaqpərvərliyi ilə yanaşı, turizm sektorunda əldə olunmuş peşəkarlıq da turistlərin yüksək təəssüratla öz evinə qayıtmasında mühüm amillərdən biri  olmaqdadır. 

    Bu gün Naxçıvana istənilən məqsədə və müddətə gələn turistlərə xidmət üçün bitkin turizm sənayesi formalaşıb. Muxtar respublikaya müxtəlif yollarla gəliş-gediş imkanlarından tutmuş, turistlərin gecələməsi üçün müasir standartlara uyğun hotellərin yaradılması,  ən ucqar kəndlərdə belə əhalinin turist qarşılamaq üçün kiçik biznesə başlaması, sürətlə yenilənməkdə olan nəqliyyat xidmətlərinin də turist tələbatına uyğunlaşması, turistlərin dadından doymadığı Naxçıvan nemətləri təklif edən restoranlarda komfort və digər şərtlərə ciddi əməl olunması, turizmin kadr təminatı üçün ali təhsil və peşə hazırlığı səviyyələrində ciddi kadr potensialının yaradılması, asudə vaxtın mənalı keçirilməsi üçün əyləncə məkanlarının və istirahət mərkəzlərinin az qala 24 saat fəaliyyət göstərməsi turizm sənayesinin də qüsursuz fəaliyyəti üçün zəmin yaratmışdır. Naxçıvanın özünəməxsus imicini formalaşdırmış və muxtar respublikaya səfər edən hər bir yerli və əcnəbi turist tərəfindən etiraf olunan təmiz,  səs-küysüz və yüksək asayişli bölgə olması, ümumilikdə, bu həssas geostrateji bölgədəki ölkəmizin ayrılmaz tərkib hissəsi olan diyarımıza dost sevgisini də dərinləşdirmişdir.
    Hazırda Naxçıvana səyahət edən turistlər üçün çox geniş çeşiddə zərf xidmətlər təklif olunur. Regionda fəaliyyət göstərən turizm firmaları turistlərin tipologiyasını əsas götürərək onlara hər cür komfort standartlarına uyğun olaraq xidmətlər təklif edirlər. Hazırda Naxçıvana 1 günlük ekskursiyadan tutmuş 3-5 günlük aktiv turlara  qədər rezervasiyalar mümkündür. Müalicə və işgüzar məqsədlə Naxçıvana gələn turistlər üçün isə 15-30 günlük gecələmə və aktiv istirahət üçün də çox sayda seçim imkanları vardır. Muxtar respublikada yeni turizm marşrutları yaradılıb, onların nəzəri-metodoloji eskizləri praktikada dəstək qazandıqca bu seçimlər də çoxalır. Buna görə də əgər 10-15 il əvvəl Naxçıvana gələn turistlər paytaxt şəhərimizdən başqa müqəddəs Əshabi-kəhf ziyarətgahı, Ordubad şəhəri, Duzdağ və Batabat yaylağı kimi üç-beş istiqamət və ya obyekt tanıdıqları halda indi Şahbulaqdan Dırnısa, Qarabağlardan Küküyə, Əlincəqaladan Ağbulağa qədər az qala hər yerdə turist daşıyan lüks mikroavtobuslara rast gəlmək olar. Naxçıvana gələn turistlər buradakı təbii və tarixi-mədəni ehtiyatlardan istifadə edərək fiziki və zehni sağlamlıq əldə etmək, dünyagörüşünü zənginləşdirmək, elm-mədəniyyət və biznes mühiti ilə tanış olub işgüzar əlaqələr yaratmaq və ya sadəcə, dincəlmək üçün əla fürsət qazanırlar. Bu turistlərin ölkə mənşəyi isə Britaniyadan tutmuş Avstraliyaya, Norveçdən Argentinaya, qardaş Türkiyədən ABŞ-a qədər bütün dünya coğrafiyasıdır.
    Hazırda regionda yeni geostrateji reallıqları diktə edən Azərbaycan Respublikasının bütün vətəndaşları kimi naxçıvanlılar da tarixi torpaqlarımızdan keçəcək olan Zəngəzur koridorunun açılmasını və bu koridor üzərində rahat gediş-gəliş güzərgahının yaradılmasını səbirsizliklə gözləyirlər. Bu, şübhəsiz, regionda turist axını üçün də yeni fürsətlər yaratmaqla turizmin inkişafında da yeni bir mərhələnin başlanğıcı olacaq. Turistlər üçün yolun qısalması və xərclərin azalması, mədəniyyət paytaxtımız Şuşaya və bütün Qarabağa səyahət üçün yeni imkanların yaranması, Naxçıvanın beynəlxalq nəqliyyat-logistika mərkəzi  kimi tranzit keçidlər üçün əlverişli məkana çevrilməsi yaxın gələcəkdə qüdrətli ölkəmizin həyatındakı yeni reallıqlardan olacaq. Bu reallıqların fonunda Naxçıvanın artan nüfuzu, onun unikal coğrafi mövqeyi, təbii və tarixi-mədəni zənginlikləri turizmin daha da genişlənməsinə, regionda sağlamdüşüncəli hər kəs üçün sülh və tərəqqiyə xidmət edəcək. XXI əsrin turizm fenomenindən də gözlənilən məhz bunlardır.  

Əli CABBAROV

Nəşr edilib : 06.10.2022 19:30