AZ EN RU

“Turizm işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilmişdir

29 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar RespublikasınınTurizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə 29 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb. Sonra Heydər Əliyev Muzeyinə gələn tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, 10 may 1999-cu ildən fəaliyyət göstərən muzeyin fondunda bu gün Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən bir çox eksponat toplanıb. Həmçinin, muzeydə sərgilənən ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, xatirə əşyaları və digər dəyərli eksponatlar haqqında geniş məlumat verilib.
Sonra təbdir Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin iclas zalında davam etmişdir. Tədbirin əvvəlində Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, ölkəmizdə turizmin inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi xətti uğurla davam etdirilir, turizmin inkişafı vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-
iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər prioritet sahələrin inkişafı ilə yanaşı turizmin inkişafı da əsas istiqamətlərdən biri kimi qeyd olunmuşdur. Vurğulanmışdır ki, Dövlət Proqramında qeyd olunan məsələlər bizim, ümumilikdə bütün turizm sektoru nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Proqramının icrası istiqamətində işlərə başlanılmışdır. Naxçıvan Muxtar Respublikasının turizm atlasının hazırlanması istiqamətində işlərə başlanılmış, atlasda öz əksini tapacaq muxtar respublikanın tarixi, coğrafi mövqeyi, iqlimi, fauna və florası, inzibati ərazi bölgüsü, tarixi abidələri, muzeyləri, müalicə mərkəzləri və digər turizm ehtiyyatları və infrastrukturu haqqında məlumatlar sistemləşdirilmişdir. Həmçinin Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının hazırlanması məqsədilə ərazilərin qiymətləndirilməsi istiqamətində iş aparılmışdır. Dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, turizm gəlirlərindən yerli icmaların birbaşa faydalanması, kənd evlərinin kirayə verilməsi, ailə təssərrüfatı məhsullarının satışının həyata keçirilməsi məqsədilə bu turizm növü üçün  potensiallı ərazilərdə GPS izlər götürülmüşdür. Həmçinin investisiya sərgilərində və digər işgüzar görüşlərdə yerli və xarici investorlara təqdim etmək məqsədilə muxtar respublika üçün ənənəvi və qeyri-ənənəvi turizm fəaliyyətləri üzrə investisiya layihələri hazırlanmışdır. Dövlət Proqramının turizmin inkişafı üzrə mühüm bəndlərindən biri də turizm və rekreasiya zonalarının yaradılmasının qeyd olunduğu hissədir. Bu istiqamətdə də Departament tərəfindən qiymətləndirmə işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 773 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun gələn ərazilərə baxış keçirilmiş, əlverişli bölgələr siyahılaşdırılmışdır. Hazırda turizm və rekreasiya zonalarının yaradılması məqsədilə xəritə layihələri hazırlanır. Vurğulanmışdır ki, bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, qədim tarixə malik şərqin qapısı adlandırılan Naxçıvan qısa vaxt ərzində nümunəvi turizm mərkəzinə çevriləcəkdir. Bu istiqamətdə bizim hər birimiz üzərinə düşən ən mühüm vəzifə səylə çalışaraq doğma
Naxçıvanımızda turizmin inkişafına töhfə verməkdir.

Çıxışının sonunda Departamentin direktoru Əkbər Novruzov bütün turizm işçilərini 29 sentyabr Turizm işçiləri günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən “Naxçıvan Palace” hotelinin müdiri Rahib İsmixanov qeyd etmişdir ki, mehmanxana və ya hotel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Vurğulanmışdır ki, turist məmnunluğu hotellərdə və ictimai iaşə obyektlərində xidmətin keyfiyyətindən birbaşa asılıdır. Ən əsası isə qonaqlara göstərilən yerləşdirmə xidməti turizm sahəsində mühüm əhəmiyyət kəsb edən xidmət sahəsidir. Yerləşdirmə xidmətinin keyfiyyətinin və müştərilərin məmnunluq səviyyələrinin yüksək dərəcədə olması mehmanxanaların üzərinə düşən əsas vəzifələrdəndir. Uğurlu bir hotel biznesinin əsas xüsusiyyəti müştərilərin nömrəni əvvəlcədən sifariş verilməsindən tutmuş yerləşməyə qədər hərtərəfli düzgün təqdim edilməsi və keyfiyyətli xidmətlərin davamlı olaraq təkmilləşdirilməsidir. Məruzəçi qeyd etmişdir ki, hər birimiz məsuliyyətini dərk etdiyimiz turizm sahəsində səylə
çalışmalı, bu sahəyə diqqəti daha da artırmalı, turizm sahəsində yeni peşəkar kadrların yetişməsinə dəstək olmalı və şərait yaratmalıyıq.
Sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə Azərbaycan Turizm Bürosunun birgə hazırladığı muxtar respublikanın turizm potensialını özündə əks etdirən “Naxçıvan” broşürünün elektron formasını iştirakçılara slayd vasitəsilə təqdim etmişdir. Məruzəçi broşürdə yer alan Naxçıvana necə səyahət etmək olar, Naxçıvanın tarixi abidələri, mədəniyyət və sənətkarlıq, Naxçıvanda təbiət turizmi, sağlamlıq və rekreasiya, Naxçıvan mətəbəxi və digər bölmələri haqqında geniş məlumat vermişdir. Məruzəçi qeyd etmişdir ki, broşür Azərbaycan dili ilə yanaşı Rus və İngilis dillərinə də tərcümə olunaraq çap etdirilmişdir.
Sonda Naxçıvanın turizm potensialını özündə əks etdirən “Naxçıvan broşürü” turizm sənayesi nümayəndələrinə təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının
Turizm Departamenti

Nəşr edilib : 29.09.2023 18:55