AZ EN RU

Turistləri valeh edən Naxçıvan təbiəti

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Özünəməxsus xüsusiyyətləri ilə sanki bir harmoniya yaradan bu aləm təbiət adlanır. Bizi qoynunda böyüdüb, bəsləyən təbiət bizim ikinci anamızdır. Ona məxsus gözəlliklərin qorunması isə insanlardan, yəni bizdən asılıdır. Hər bir şəxs təbiəti qorumalı, ona qayğı və məhəbbətlə yanaşmalıdır. Ana təbiət öz çalarları, təzadları ilə gözəldir: istisi-soyuğu, yaxını-uzağı ilə hər kəsi özünə cəlb edir. Nə xoşbəxtik ki, doğma Azərbaycanımızın hər bir guşəsi təbiətin al-əlvan rəngləri ilə bir vəhdət təşkil edir, necə deyərlər, Uca Yaradan sanki heç bir nemətini torpağımızdan əsirgəməyib.

Ana yurdumuzun hər daşı, qayası bizim üçün əzizdir, doğmadır, bir sözlə, Vətənin hər bir yeri gözəldir amma mən sizə təhsil aldığım bir məmləkətdən –  Azərbaycanın ayrılmaz parçası, tarixin, əsrlərin, qərinələrin, hətta, minilliklərin süzgəcindən keçərək elm-irfan ocağı kimi şöhrət tapmış Naxçıvanın əsrarəngiz təbiətindən danışmaq istəyirəm. Yaxşı olar ki, ilk əvvəl bu qədim yurd yerinin geocoğrafi əhəmiyyəti barədə qısaca məlumat verək. Naxçıvan Muxtar Respublikası Qafqaz yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metr olan bu diyarın təbiəti də rəngarəng və maraqlıdır. Öz gözəlliyi, zəngin flora və faunası ilə insanları özünə cəlb edən bu coğrafiyanı Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi isə Azərbaycanın incisi sayılan Ordubad rayonu ərazisində yerləşən Qapıcıq dağıdır. Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Naxçıvanı həm də “mineral sular muzeyi” adlandırırlar. Təsadüfi deyil ki, burada 200-dən çox təbii su qaynağı var. İçdikdə doya bilmədiyimiz suyu, baxdıqda insanın könlünü oxşayan səxavətli təbiəti ilə insanların ruhunu oxşayan Naxçıvanın iqlim tipi, əsasən, quraq və kontinentaldır. Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi flora və faunası zəngin olan bu yurdda 2782 ali bitki növü vardır və zəngin heyvanlar aləminə malikdir. Öz gözəlliyi, füsunkarlığı, zəngin mədəni-tarixi irsi, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri hər il bölgəyə çoxsaylı turistlərin gəlməsinə səbəb olur. Naxçıvan diyarı canlı təbiət abidələrinin zənginliyi ilə də diqqəti cəlb edir. Gələn hər bir turist öncə adı dillər əzbəri olan Batabat yaylağına, ardınca ümidlərin, duaların hasil olduğu Əshabi-Kəhf Dini Mədəni Abidə Kompleksinə ekskursiya edirlər. Elə yazımızın bu məqamında hər misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Arazın doğulduğu doğma məmləkətini vəsf etdiyi şeirlərindən bəhrələnmək yerinə düşər.

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da…

Odlar yurdu Azərbaycanın qədim və ayrılmaz bir hissəsi olan Naxçıvanın özünəməxsus iqlim şəraiti vardır. Muxtar respublika özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi ərazilərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər –  Günəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir. Yəni burada birmənalı şəkildə təbiət elə bir şərait yaradıb ki, yaşıllıqların həcmi azlıq təşkil edir. Amma naxçıvanlılar son 25 ildə təbiətə sanki meydan oxuyublar desək, yəqin ki, yanılmarıq. Çünki muxtar respublika ərazisində təkcə son dövrdə kütləvi şəkildə aparılan yaşıllaşdırma hərəkatı nəticəsində meşə və yaşıllıqların həcmi 20 faizdən çox artırılaraq genişləndirilib. Ən quraqlıq ərazilərə belə, suvarma suyu çəkilərək yaşıllıqlar salınıb və hər il mütəmadi olaraq kütləviliklə yaşıllıqlara qulluq edilir. Bununla yanaşı, diqqətə çatdırmaq lazımdır ki, muxtar respublikanın ərazisi quraq iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi kiçikdir. Lakin mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan Muxtar Respublikası dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Belə ki, Azərbaycanın mineral su ehtiyatının 60 %-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min kvadrat kilometrlik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Onlar kimyəvi tərkibinə görə müxtəliftipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə “Tanrı ocağı”, –  deyə inanmışlar onlara; “Qotur suyu”, “yel suyu”, “mədə suyu”, “dəri suyu”, “şor su”, “Vayxır” və digər adlar vermişlər.

Araz üstə qərar tutan, yaşı əsrlərlə ölçülən doğma Naxçıvanımızın müstəqillik yaşı çox olmasa da, yüksək sürətlə inkişaf etməsi, tarixin yaddaşında əbədi həkk olunan yeni abidələrin tikilməsi, çox qısa zaman müddətində öz müstəqillik donuna bürünməsi haqlı olaraq bir çox qələm sahiblərinin qəlblərini riqqətə gətirir və bir-birindən gözəl əsərlər məhz bu yurd yerinin eşqinə yaranır. O əsərlərin hər birində yurda bağlılıq, torpağa sədaqət, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə ehtiram hissi ən gözəl şəkildə təzahür edir. Ruhumuzu, qəlbimizi, zövqümüzü oxşayan, sanki balasını qucan qayğıkeş ana timsalını gözlərimizdə canlandıran Naxçıvan dağları neçə-neçə şeirlərə mövzu, əsərlərə ideya bəxş edir. Əzəmətli, vüqarlı duruşu ilə hər kəsi özünə valeh edən Naxçıvan dağları haqqında ümumilli lider Heydər Əliyev demişdir: “Naxçıvan dağlarında kişi gözəlliyi var”. Elə mövzumuzu şair Muxtar Qasımzadənin vüqarılı, dəyanətli Naxçıvan dağlarının, ələlxüsus da bu elin simvolu sayılan Haçadağa həsr etdiyi şeirlə tamamlamaq istərdim:

Başında həmişə dumanlar gəzər

Çağlayar, qaynayar, daşar Haçadağ.

Çiçəklər köksündə yazıya bənzər,

Olar ilk bahara şüar Haçadağ.

Səbinə ƏLİYEVA

Jurnalistika ixtisası üzrə lll kurs tələbəsi ​​​​​​​

Nəşr edilib : 06.06.2022 12:32