AZ EN RU

Turanın ilk carçısı ay-ulduzlu bayrağımız! Sən hər zaman məsud yaşa

    Fəqət bizim bayrağımız ucaları pək seviyor
    Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
    Kölgəsində ay əyilib bir gözəli qucmada,

    Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
    ...Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
    Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Yüz ildən artıq bir müddətdir ki, üçrəngli Dövlət Bayrağımız millətimiz üçün müqəddəs ideallıq rəmzinə çevrilib. Bütün mövcudluğu dövründə şəninə şeirlər yazılan, ətəyində musiqilər bəstələnən ay-ulduzlu bayrağımızı sovetlər dönəmindəki mövcud rejim başımızın üzərində dalğalanmasını, hətta kölgəsini belə qadağan etsə də, onu bütün zamanlarda ürəklərində yaşadan, çiyinlərində daşıyan istiqlal şairlərimiz, repressiya qurbanlarımız və milli öncüllərimiz oldu.
    1918-ci il 28 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. Zaman-zaman bu üçrəngli bayraq milliyyətçi aydınlar tərəfindən qaldırılmanın həsrətini, Azərbaycanı ölkələr içində təmsil etməyin qürurunu, zaman-zaman isə tapdaq altında olan Qarabağda, Xudafərində dalğalandırılmağın həsrətini çəkdi. Üçrəngli, ay-ulduzlu bayrağımız ucaldıqca yaraları sağaltdı. Var oluşunda əbədilik qazandı.Üfüqlərdən baş qaldırıb boylandı! Hər gün anaların, bacıların göz yaşıyla qidalanıb, yüksəldi. Yeri yüksək, sözü yüksək bayrağımız, gələcəyin bələdçilik simvolu oldu. Üstündəki rəngləri, ulduzu və ayı ilə dünyaya meydan oxudu hər zaman!
    Azərbaycan xalqı ürəyində yaşatdığı üçrəngli bayrağı zaman-zaman dalğalandırdı və bütün dünyaya göstərdi ki, Lenin və Stalinin qətliamları müstəqillik arzusunu ürəklərdən silə bilməyib. Belə oyanışlardan biri 1956-cı ildə bir qrup gənc ziyalımızın üçrəngli bayrağımızı Qız qalasının üzərində dalğalandırması ilə nəticələnmişdi. Bu gəncləri zindan həyatı, millətimizi isə oyanışın yeni dalğası gözləyirdi. Milli kimliyin qəbahətə çevrilməsinə etiraz, günahsız insan qırğınına səbəb oldu. Ağlagəlməz, mürəkkəb siyasi ambisiyaların burulğanında Azərbaycan ərazisini və müstəqilliyini ikinci dəfə yenidən itirmək təhlükəsi qarşısında qaldı. Ta ki Azərbaycanın bayraqdarı Heydər Əliyev hakimiyyətə gələnə kimi. Görkəmli dövlət xadimimiz bu konkret problemin həlli üçün bütün yolları düşündü, daşındı. Vaxtın onun xeyrinə işləyə biləcək məchulluğuna qalib gələrək addım atdı. 60-cı illərin əvvəllərində Naxçıvanı özlərinə tarixi vətən sanan mənfur ermənilərin işğal senariləri məhz Ulu Öndər tərəfindən alt-üst edildi. Bu fakta Naxçıvanın 90-cı illərdəki müdafiəsini də əlavə etsək, yəqin ki, ermənilər bunu heç bir zaman unuda bilməyəcəklər. Bu addım onun dəqiq, vaxtında hesabladığı ən böyük və düzgün addım idi. Qardaşın qardaşı döyüş meydanına səslədiyi zamanda O, xalqı köməyə çağırdı. Xilas naminə, qurtuluş naminə. Eynilə Atatürkün Sivasdan Anadolu türkləri ilə coşması və dahi Heydər Əliyevin Naxçıvandan xalqın içindən, xalqın xilası naminə atdığı addım kimi. 
    1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Naxçıvan Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu qətiyyətli tarixi addım qəlbində yurd, dövlət, dil və bayraq sevgisi gəzdirən hər bir Azərbaycan vətəndaşının sevinc müjdəçisi oldu. Dövlət Bayrağı Meydanı Şəhidlər xiyabanı kimi vətən, millət, dövlət, dil və bayraq sevgisi ilə yaşayan Azərbaycan xalqının qürur yeri, and yeri oldu. Hər bir vətən övladı çıxdığı haqq yolunda Şəhidlər xiyabanında şəhidlərin ruhuna, Dövlət Bayrağı Meydanında isə müqəddəs bayrağımıza and içdi. 
    Azərbaycan xalqı uzun illər sonra ilk dəfə 2020-ci ildə bu meydana aşıb-daşan sevinc, qürur hissi ilə yığışdı. Azadlıq meydanı, sözün əsl mənasında, azadlığımıza, bütövlüyümüzə, bərabərliyimizə ev sahibliyi etdi.Vətən müharibəsinin başlandığı ilk gündən etibarən iki dövlət, bir millət olaraq arxamızda dayanan, mənəvi dəstəyini heç zaman əsirgəməyən Türkiyə bu şanlı Zəfər paradımızda da öz ordusu ilə bayramlaşmağa gəldi. Bu birlik üçün hər iki dövlət bir əsr mübarizə apardı və haqq, ədalət gec-tez öz yerini tapdı.     
    1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Nuru Paşanın, Xəlil Paşanın, general Əliağa Şıxlinskinin, polkovnik Həbib bəy Səlimovun birlikdə addımladığı bu meydandan 102 il sonra türk və Azərbaycan Ordusunun mətin addım səsləri duyuldu. Bu qələbələr fonunda Prezident cənab İlham Əliyevin beş il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər xatırlanır: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Və belə də oldu. 2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı işğal olunmuş bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırıldı. Ümumi türk tarixində Bayraq Zəfəri yalnız beş məşhur zəfər ilə yadda qaldı:    

    1. Səlcuqlu imperatoru Alparslanın 1071-ci ildə zəfər qazandığı Malazgird döyüşü türklərə Anadolunun qapılarını açdı və türk tarixinin yeni dövrü başladı. 
    2. Osmanlı sultanı 21 yaşlı Fateh Sultan Mehmetin (Sultan II Mehmet) komandanlığı ilə 1453-cü ildə İstanbulun fəthi və orta əsrlərin sonu başa çatdı.
    3. 1915-ci il Çanaqqala savaşı.     
    4. 1921-ci il Sakarya müharibəsi. 
    5. Və nəhayət, 2020-ci il Qarabağda Azərbaycanın haqq zəfəri.    

    Bu mənada, cənab İlham Əliyevi yalnız Alparslan, Fateh Sultan Mehmet, Ənvər Paşa və Atatürklə müqayisə etmək olar. Hətta, demək olar ki, savaş üslubları, savaş ritorikaları da çox zaman üst-üstə düşüb. Sakarya müharibəsi zamanı “Səddi-müdafiə yoxdur, səddi vətən vardır”, – deyən Atatürk kimi, cənab İlham Əliyev də “status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik”, – deyir. Dünyanın gözü qarşısında Qori düyününü qılıncla kəsdi, daşnaktsutyun, Andranik mifini darmadağın etdi. Qarabağ savaşını Egey dənizindən Qara dənizə, Qafqazlardan Parisə qədər həsədlə izləyən Paşinyana və onun pərdəarxası müttəfiqlərinə dövlət başçımızın ünvanladığı sözlər bu gün bizə Alparslanın Bizans imperatoru Romanos Diogenisə verdiyi cavabı yada salır. Bizans imperatoru Malazgird savaşından öncə Alparslana xəbər göndərir ki, “Biz İsfahanda qışlayarıq, atlarımız da Həmədanda...” Səlcuq imperatorunun cavabı lakonik olur: “Atlarınız Həmədanda qışlaya bilər, fəqət özünüzün harada qışlayacağınızı yalnız Tanrı bilir”. II Qarabağ müharibəsi nəticəsində Bakıda “şütümək” iddiasında olan düşmən texnikaları Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgiləndi, özləri isə…

    Vətən tarixində ən qiymətli, ən ülvi və ən pak hisslərdən biri bayraq sevgisidir. Bayraq bütün ölkələrdə dövlət başçısından tutmuş sıradan vətəndaşa qədər hər kəsdən öndə və ucada duran müqəddəs varlıqdır. Bayraq Azərbaycan üçün yurd, dövlət və dil qədər müqəddəsdir. Bu səbəbdəndir ki, Prezident Konstitusiyamıza və müqəddəs “Quran”a əl basaraq and içdikdən və diz çöküb bayrağı öpdükdən sonra vəzifəsinin icrasına başlayır. Bayraq unudulmazların baş tacı, zəfər müjdəsi, şəhidlərin məskən yeri, anaların təsəllisidir. Həsrətlə gözlədiyimiz, qucaqlayıb qaldırdığımız, qollarımıza güc olan kimlik təcəssümüdür. Mənlik, həmrəylik simvoludur. Oğulların axıtdığı qan, anaların “oğul”, – deyərək qucaqlayıb-sığal çəkdiyi oğuldu bayraq. Yetim qalan uşaqların öpüb əziz saxladığı min arzu, min xəyaldır. Rəngləriylə gələcəyə ümid çırağıdır. 

    Dövlət Bayrağımızı səciyyələndirən Ulu  Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 
    And yerimiz – bayrağımız. Səndə neçə-neçə oğulların ruhu yatır, yazılan əsərlərin, şeirlərin gücü yatır. Başdan-ayağa haqlanmısan, haqq işığını bütün dünyaya sən salmısan! Zəfərdən doğulmuş, hürr yaşamış, hürr qalacaqsan! Azərbaycan torpağına məskən salan, kök olansan. Düşmənlərə gözdağı, ürək yarasısan! Qulaqlarda cingildəyən “Bir kərə yüksələn,bir daha enməz!” səsisən, Sən şərəf təmsilçimiz, kimliyimizin təcəssümüsən. Günün mübarək olsun! Yaşını yenidən tarixə qatıb, tarix olan, qədimləşən bayrağımız!

 Fariz ƏHMƏDOV

Nəşr edilib : 08.11.2023 19:36