AZ EN RU

Turana açılan qapı – Naxçıvan

Bütün türk dünyası üçün əziz olan Vətən torpağı

Naxçıvan Qərblə Şərqi birləşdirən Böyük İpək Yolunun dayanacaq yeri, tarixboyu fatehlərin, qüdrətli dövlətlərin siyasi maraqlarının kəsişdiyi qədim türk diyarıdır. Təkcə 1918-20-ci illərə nəzər salanda görürük ki, qısa müddətdə burada iki xarici dövlətin – ABŞ və İngiltərənin ermənipərəst general-qubernatorluğu fəaliyyət göstərib. Bu o dövr olub ki, Azərbaycan əraziləri hesabına öz dövlətini yaradan ermənilər təkcə əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənməyərək Naxçıvana da sahib çıxmaq istəyiblər. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin şimalda bolşeviklərin, cənubda ermənilərin hərbi təcavüzündən ehtiyatlanaraq barışdırıcı siyasət yeritməsi, qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməsi də “böyük Ermənistan” ideyasını hansı yolla olursa-olsun, gerçəkləşdirmək istəyən daşnakların əl-qolunu daha da açmışdı. Belə ağır və məşəqqətli dövrdə də ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi öz canını fəda edərək Azərbaycandan ayrılmayıb. Türkiyə dövlətinin köməyi ilə naxçıvanlılar həm döyüş, həm də siyasi meydanda öz sözünü deyiblər. Naxçıvan haqq davasını 1921-ci ildə imzalanmış iki beynəlxalq sənədlə – Moskva və Qars müqavilələri ilə qazanıb. Həmin dövrdə qardaş respublika çətin vəziyyətdə olsa belə Mustafa Kamal Atatürk Naxçıvanın yadelli düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. 
Mustafa Kamal Atatürk “Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan Türk dünyasının qapısıdır, onu qorumaq lazımdır...” – deyir və çətinliklərə baxmayaraq, Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərir. Məhz həmin türk hərbçilərinin köməyi ilə Andranikin rəhbərlik etdiyi daşnaklar Naxçıvandan qovulur. 
70 il sovet əsarətində qalan Naxçıvan Türk dünyasının qapısına vurulan böyük bir zənciri xatırladırdı. Ta ki həmin günə kimi, həmin gün 70 illik əsarət zəncirini öz yalın əlləri ilə söküb atan naxçıvanlılar Turanın başı üstündəki qara buludu da dağıtdılar. Amma SSRİ-nin dağılması nəticəsində yaranmış hərc-mərclikdən istifadə edən məkrli düşmənlərimiz yenə öz çirkin əməllərini işə saldılar. Vaxtilə Zəngəzuru işğal edənlər indi də Naxçıvana girişməyə cəhd etdilər. Amma naxçıvanlılar yenə mətanətini itirmədi. Həmin illərdə muxtar respublika ağır sınaqlar, məhrumiyyətlər qarşısında qalsa da, Heydər Əliyev kimi dünya siyasətinin böyük korifeyi Naxçıvanda yaşayırdı və muxtar respublikaya rəhbərlik edirdi. Məhz Heydər Əliyev amili bölgəni labüd fəlakətdən xilas etdi.
“Naxçıvan Türk-İslam dünyasına bir qapıdır” söyləyən Heydər Əliyev Türkiyə Respublikasına ilk rəsmi səfəri 1992-ci ilin martında həyata keçirmiş, Qars müqaviləsini yenidən gündəmə gətirməklə Naxçıvanın düşdüyü ağır vəziyyəti aradan götürmək üçün məsələ qaldırmışdır. Nəticədə, Türkiyənin Baş naziri ilə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev arasında birgə protokol imzalanaraq bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 1992-ci ilin may ayı Azərbaycanın, eləcə də Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü əhatə edib. Ermənilər Qarabağın işğalını başa çatdırdıqdan sonra yaranmış şəraitdən istifadə edərək Naxçıvana qarşı hərbi təcavüzü gücləndirdilər. Yalnız Ulu Öndər Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onların məkrli planlarının qarşısı alındı. Bu dəfə də qardaş Türkiyə dövləti öz sözünü birmənalı dedi. Türkiyə hökuməti xüsusi bəyanatla çıxış edərək 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu yenidən bütün dünyaya bəyan etdi. Məhz bu bəyanatdan sonra dünyanın 57 dövləti Ermənistanın təcavüzkar hərəkətlərini pislədi.
Sonrakı illərdə iki dövlət arasında yerləşən Naxçıvan mühüm görüşlərə şahidlik edir. Bir neçə dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Baş naziri və Prezidentinin Naxçıvanda görüşü olub ki, bu da böyük siyasi məna daşıyır. Bu görüşlərdə və Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə qədim diyarın türk dövlətləri üçün necə önəmli bir bölgə olduğu vurğulanıb.
    

Bizim ailəmiz Türk dünyasıdır
 

Xalqımızın Ümummilli Liderinin “Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” kəlamını dediyi vaxtdan cəmi 20 il ötsə də, zaman bir daha böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə bizə Vətən müharibəsində Böyük Qələbəni bəxş etdi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil yollarının tikintisi Zəngəzur dəhlizinin açılması ilə yanaşı, həm də Naxçıvanı Türk dünyası üçün qapıya çevirəcək.
1923-cü ildə Mustafa Kamal Atatürkə “Paşam, Naxçıvan barədə niyə bu qədər dönməz və qətiyyətlisiniz?” sualı veriləndə Atatürk demişdir: “Çünki əminəm ki, Azərbaycan bir gün haqqı olan müstəqilliyi yenidən qazanacaq və Naxçıvan Türkiyəni Azərbaycanla bağlayacaq, Türkistana qapı olacaq”. 
Bəli, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi həmin günə az qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də artıq gediləcək yolun istiqamətini elan edib: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 17.03.2024 16:40