AZ EN RU

Tumbultəpə yaşayış yerində arxeoloji tədqiqatlar

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni irsimizin qorunmasına və tədqiqinə yönəlmiş tədbirləri, xüsusilə arxeoloji ekspedisiyaların fəaliyyəti üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ölkəmizdə arxeoloji tədqiqatların və xarici ölkə alimləri ilə əməkdaşlığın genişlənməsinə səbəb olmuşdur. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda beynəlxalq ekspedisiyalarla yanaşı, yerli ekspedisiyalar da səmərəli fəaliyyət göstərirlər.
    AMEA Naxçıvan Bölməsinin Tumbultəpə arxeoloji ekspedisiyası Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən  Tumbultəpə yaşayış yerində tədqiqatları davam etdirməkdədir. Arxeoloji araşdırmalar zamanı yaşayış yerində Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Araşdırmalar göstərir ki, yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalmışdır. Bununla belə tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilmişdir. Eneolit dövrünün son mərhələsinə aid maddi mədəniyyət nümunələri indiyədək Naxçıvan Muxtar Respublikasında Ovçulartəpə, Yeni yol, Şorsu, Zirincli, Sərinbulaq kimi yaşayış yerlərindən, həmçinin Arazdan cənubda Culfa Kültəpəsi Köhnə Pasqah, Şərqi Anadoluda Aştəpə, Sarıgül, Hanaqo və digər abidələrdən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir. Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir. Keramika məmulatı formasına və digər xüsusiyyətlərinə görə Azərbaycanın həmin dövr abidələrində yayılan Leylatəpə mədəniyyətindən fərqlənir. Lakin bu abidələr, həmçinin Leylatəpə və Ovçulartəpə mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələri də öyrənməyə imkan verir. Bu baxımdan Tumbultəpə yaşayış yerinin tədqiqi qədim tariximizin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. 
    Antik dövrə aid qəbir abidəsi və bu abidədən aşkar olunan zəngin tunc bəzəklər və keramika nümunələri də Naxçıvan tarixinin az öyrənilmiş səhifələrini tədqiq etmək baxımından əhəmiyyətlidir. Hazırda tədqiqatlar davam edir. Arxeoloji araşdırmalar Tumbultəpə yaşayış yerinin nə zamandan məskunlaşdırıldığını deməyə imkan verəcəkdir.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

Nəşr edilib : 14.07.2023 17:58