AZ EN RU

“Tudor Logistika və Sənaye Mərkəzi” muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir

İstehsal müəssisələri

    Bu gün muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı fəaliyyətinə və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biri sayılır. Son illər regionumuzda müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

    Sənayenin daha sürətlə və innovativ inkişafını təmin etmək üçün biznes sektoruna müəyyən güzəştli kreditlərin və yardımların edilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili bu sahənin inkişafını daha da sürətləndirir, sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir. Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən yüzlərlə müasir sənaye müəssisələri, sənaye məhəllələri, o cümlədən yeni istehsal sahələri yaradılır. Çoxsaylı belə sənaye müəssisələrindən biri də ötən ilin dekabr ayında fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının “Tudor Logistika və Sənaye Mərkəzi”dir. Bu günlərdə adıçəkilən sənaye obyekti ilə yaxından tanış olmaq üçün biz də həmin ünvanın yolunu tutduq.

    Məlumat üçün qeyd edək ki, ötən il dekabr ayının 17-də “Tudor Logistika və Sənaye Mərkəzi”nin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir: “Ölkəmizdə iqtisadi inkişafın və sabitliyin təmin olunması, ümummilli liderimiz Heydər Əliyev yolunun uğurlu davam etdirilməsi işğal altında olan torpaqlarımızın azad olunmasına imkan verdi. Bu gün həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkəmizin digər bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq sahibkarlıq fəaliyyəti də dövlət siyasətinin əsas istiqaməti kimi dəstəklənir, sahibkarlar dövlətin, dövlət isə sahibkarların mənafeyini qoruyur. Yeni iş yerlərinin açılması isə əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına töhfə verir”.

    Müəssisədə olarkən icraçı direktor Etibar Səfərov bizi mərkəzlə daha yaxından tanış edir. Öyrənirik ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistika və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan regional sənaye müəssisələrindən biridir. İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, ümumilikdə, 57 çeşiddə məhsul istehsal olunacaqdır. Bununla yanaşı, müəssisədə qənd istehsalı və şəkər tozunun, dənli bitkilərin və çayın qablaşdırılması bölmələri də yaradılmışdır. Burada istehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidmət otaqları da mövcuddur. İcraçı direktorun sözlərinə görə, mərkəzdə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanılması təmin edilir. İstehsal olunan məhsulların isə muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarına satışı da nəzərdə tutulur.
    Mövzu ilə bağlı söhbətimizə mərkəzin icraçı direktor köməkçisi Bəxtiyar Hacıyevlə davam edirik. Müsahibimiz ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın və sənayenin uğurlu inkişafından danışaraq deyir ki, bu gün regionumuzun bütün sahələrini əhatə edən iqtisadiyyatın dinamik inkişaf mərhələsi öz yolunda əmin addımlarla irəliləməkdədir. Hər birimizə məlumdur ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Bu sahədə öz uğurlu inkişaf yoluna çıxan “Tudor Logistika və Sənaye Mərkəzi” də inanırıq ki, öz fəaliyyət istiqamətləri ilə muxtar diyarımızda sənayenin inkişafına öz layiqli töhfəsini verəcək. 
    Müsahibimiz müəssisə haqqında məlumat verərək bildirir ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan, ümumilikdə, 11800 kvadratmetrlik sahəni əhatə edən “Tudor Logistika və Sənaye Mərkəzi”ndə 3 istehsal sahəsi fəaliyyət göstərir. Belə ki, burada 1229 kvadratmetrlik bir ərazini qənd istehsalı və şəkər tozu qablaşdırılması, 880 kvadratmetrlik ərazini dənli və paxlalı bitkilərin qablaşdırılması, 1147 kvadratlıq ərazini isə çay qablaşdırma sahəsi əhatə edir. Bununla yanaşı, mərkəzin anbar hissəsi də iki hissədən: xammal anbarı və hazır anbar hissələrindən ibarətdir. İxrac olunan yüksəkkeyfiyyətli məhsullarımızın əsas xammalı yerli məhsullara əsaslansa da, xarici şirkətlərlə etdiyimiz əməkdaşlıq sayəsində mərkəzə kənardan da keyfiyyətli xammal cəlb olunur. Məhz istehsal etdiyimiz iki növdə: ətirli və sadə çayın xammalı da belə əməkdaşlıq əlaqələrinin nəticəsində Şri-Lankadan gətirilir. Burada həmin çayın keyfiyyətinə laboratoriyada uzun illər bu sahədə fəaliyyət göstərmiş çay mütəxəssisləri tərəfindən nəzarət edilir, onların tərkibi yoxlanılır və məqsədəuyğun sayıldıqda istehsal üçün hazır vəziyyətə gətirilir. Mərkəzimizdə tətbiq olunan avadanlıqlar da Avropa standartlarına cavab verən və Türkiyə Respublikasının istehsalı olan avadanlıqlardır. Ümumilikdə isə mərkəzin istehsal gücü aylıq 30-35 tona bərabərdir. 
    Bəxtiyar Hacıyevin sözlərinə görə, istehsal olunan məhsulların qablaşdırma növləri də müxtəlif çəkilərdə və ölçülərdə hazırlanır:
    – Müəssisəmizdə istehsal olunan hər bir məhsul müxtəlif çəkilərdə və ölçülərdə hazırlanmaqdadır. Belə ki, “Tudor” brendində istehsal edilən çaylarımız 100, 250, 500 qramlıq qablaşdırmalarda alıcılarımıza təklif olunur. Bununla yanaşı, müəssisəmizdə qənd və şəkər tozu istehsalı sahəsində də üç növdə – parça qənd, kəllə qənd, sarma qənd istehsal olunur. Qəndlər də müxtəlif çəkidə və ölçüdə olur. Parça qənd 500 qram, 1 kiloqram, 1,5 kiloqram çəkilərdə, kəllə qənd 500 qram, 1 kiloqram çəkilərdə, şəkər tozu 800 qram, 1 kiloqram çəkilərdə, sarma qənd isə aylıq 7-8 ton istehsal olunur. Qeyd etmək yerinə düşər ki, müəssisəmizdə həm də sifarişlər əsasında stik şəkər tozları da istehsal edilməkdədir. Dənli və paxlalı bitkilərin qablaşdırılması və istehsal prosesinə gəldikdə isə bu sahədə 25 çeşiddə, 700 qram və 1 kiloqramlıq çəkilərdə məhsul hazırlanır. 
    Müsahibimiz  deyir ki, fəaliyyətə başladığı bu qısa müddət ərzində müəssisənin istehsal gücü onu göstərir ki, muxtar respublikamızın tələbatını tam şəkildə ödəməyə qadirdir. İnanırıq ki, məhsullarımız yaxın gələcəkdə də region hüdudlarından kənarda da özünə xeyli sayda alıcı kütləsi toplayacaq. 
    Bu gün artıq mövcud reallıqlara, iqtisadiyyat sahəsində əldə edilən uğurlara bir daha nəzər saldıqda deyə bilərik ki, muxtar respublikamızda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşıb. Həyata keçirilən tədbirlər nəticəsində hər il yeni istehsal sahələri yaradılır, daxili bazarda yerli istehsalın payı artır. Bu sahədə “Tudor Logistika və Sənaye Mərkəzi” də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 03.02.2022 20:09