AZ EN RU

Toxumu fidan, fidanı ağac etməyi bacaranlar

Daha altı yaşındaydım! İlk həyəcanım, ilk qorxum idi məktəbə getmək.... Üzündəki təbəssümlə tutdun əlimdən. Əllərin həyəcandan donan barmaqlarımı isitmişdi, gülüşün cəsarət vermişdi mənə müəllimim! Bizə təkcə oxumağı, yazmağı deyil qorxularımıza qalib gəlməyi,dostluğu, vətən sevgisini də öyrətdin. O qədər mərhəmətli,  o qədər qayğıkeş idin ki, sənə hər baxdığımda ailəmi, atamı, anamı görürdüm. Sənin yanındaykən dünyanın ən güclü insanı mən idim. Səndən vəfanı, sayğını, haqqı, ədaləti də öyrəndim. Sənin öyrətdiklərinlə böyüdüm,  böyüdükcə həyatı anladım.

O vaxtdan bu günə çox illər keçib. Artıq altı yaşında məktəbə ilk qədəmlərimi qoyduğum zaman duyduğum həyəcan və qorxu çoxdan məni tərk edib. Amma həyatımda ömrü boyu təsirli izlər buraxan müəllimlərim yenə də yanımdadır.  Doğulduğum, boya- başa  çatdığım Naxçıvanda əvvəl orta məktəb indi isə təhsil aldığım Naxçıvan Dövlət Universitetinin elmin ləyaqətini layiqincə daşıyan, ətrafımızda olan hadisələrin hikmətli tərəflərini görə bilən müəllimlərin sayəsində həqiqi kamilliyə gedən yolu tapa bildim.

Həyatla kimliyimiz arasında körpü quran müəllimlərim mənə yolum maneələrlə dolu olsa belə onları necəaşa bilməyi öyrətməklə yanaşı,  insanları sevgi məşəlinin ətrafında yığmağı, ayıran deyil qovuşduran, dağıdan deyil quran, yaradan olmağı da öyrətdi.Onlar öyrətmək missiyalarını həyata keçirərkən bəlkə də fərqində belə olmadan ruh dünyamın memarı da olmuşdular.

Mən onların simasında münbit ürək tarlamızı illərlə əkib-biçən usta bir bağbanı görürəm.Elə bir bağban ki, bağında əkdiyi güllər, ağaclar yaz qış demədən hər zaman çiçək açar. Onlar tutduqları əlləri heç bir zaman buraxmayan, ümidsizliyə ümid olan və bir məşəl kimi işıq saçan bütün qaranlıqları aydınladan müqəddəs insanlardır. Yalnız bu fitrətə sahib olanlar toxumu fidan, fidanı ağac etməyi bacarırlar.

Həqiqətin coşğun seli, dilsizlərin danışan dili, əlsizlərin tutan əlidir müəllimlərimiz. Bir toxumu sevgisi və qayğısıyla min eləməyidə, uca çinarlar yetişdirməyi də mən onlarda gördüm. Qazandığım hər uğurda, həyatımın hər səhifəsində onların adı yazılıb.

Əziz müəllimlərim, sizlər ən dözülməz acılara məlhəm kimisiniz.  Solğun dodaqlarımda ilıq bir təbəssüm, vicdanımın heç bir zaman susmayan səsisiniz. Fərhad Əsli üçün dağları necə yardıysa sizdə qələminizlə cəhalətin dağlarını yararaq elmin işığını və qaynağını bizlərə ərməğan etdiniz.Sizlər milli qürurumuzun sarsılmayan qalası, bitib tükənməyən elm çeşməsinin suyusunuz. Sizin ürəklərinizin aynası tər-təmizdir. Siz bir rəssamsınız elm fırçasıyla həyat tablomuza dəyər qatan. Nə yaxşı ki  varsınız və hər zaman var olasınız!

İlahə Allahverdiyeva

                                              Naxçıvan Dövlət UniversitetininUniversitetinin

                                               Jurnalistika  ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 04.10.2022 16:42