AZ EN RU

Toxumçuluğun inkişafı diqqət mərkəzində saxlanılır - FOTOLAR

    Bu gün muxtar respublikamızda yaşadığımız sürətli inkişaf, tərəqqi, bütün istiqamətlərdə qazanılan uğurlar kənd təsərrüfatını da əhatə edir, burada nümunəvi təsərrüfat subyektlərinin formalaşmasına şərait yaradır. Bunun nəticəsidir ki, artıq diyarımızda kənd təsərrüfatının ən prioritet istiqamətlərindən sayılan keyfiyyətli toxum sortları yetişdirilir. Bu da sübut edir ki, yerli istehsal məhsullarına olan tələbatın yerinə yetirilməsi üçün hərtərəfli imkanlar təmin olunub. Bu isə muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca şərtlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf, rifah vardır. Ölkəmizdə digər sahələrlə yanaşı, kənd təsərrüfatı da inkişaf edir. Naxçıvan Muxtar Respublikasında qarşıda duran əsas vəzifə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı görülən tədbirlərdir”.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 iyul tarixli Fərmanı ilə yaradılan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə yaxından tanış olmaq üçün həmin ünvana üz tutduq. Müəssisənin direktoru Əbülfət Əhmədov bildirdi ki, muxtar respublikamızda toxumçuluq mərkəzinin əsas fəaliyyəti kənd təsərrüfatı ilə məşğul olan şəxslərin, ailə təsərrüfatçılarının yüksəkkeyfiyyətli toxuma olan tələbatını ödəməkdir. Qeyd etmək yerinə düşər ki, mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikası konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nizamnaməni, digər normativ-hüquqi aktları rəhbər tutur. Bununla yanaşı, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs toxumçuluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edir, muxtar respublikada toxumun istehsalını, tədarükünü, saxlanmasını və satışını yerinə yetirir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması istiqamətində tədbirlər görür, daxili bazarda toxum çatışmazlığının və qiymət artımının qarşısının alınmasında da iştirak edir. Mütəxəssislər müvafiq sahədə xarici təcrübəni öyrənmək və tətbiq etməklə məhsuldarlığın artırılmasına çalışırlar. Qarşıya qoyulan əsas strateji məqsəd taxılçılıqla bağlı toxum sortlarının təmin edilməsidir. Çünki Naxçıvanın əlverişli təbii mühitinə görə burada taxılçılıq sürətlə inkişaf edir, demək olar ki, bütün rayonlarımızda taxılçılıqla məşğul olan iri təsərrüfatçılar var. Ərzaq təhlükəsizliyinin təmin edilməsində isə taxılçılığın mühüm əhəmiyyət daşıması bəlli məsələdir.

  Əbülfət Əhmədovun sözlərinə görə, mərkəzdə növbəli əkin sisteminə uyğun iş rejimi tətbiq edilib. Buradakı toxum anbarları istifadəyə yararlı şəkildə saxlanılır, toxumtəmizləyən texnika və avadanlıqların müasir tələblərə cavab verməsi, toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sahədə müəyyən qədər bilik və təcrübəyə malik olması bu sahədə inkişafın sürətlənməsinə təkan verir. Burada yüksəkkeyfiyyətli toxum sortları muxtar respublikamızın iqlim şəraitinə uyğun şəkildə yetişdirilir. Hazırda torpaq mülkiyyətçiləri mərkəzin yeddi növ taxıl sortundan istifadə edə bilirlər. 

    Mərkəzin laboratoriyasında gedən iş rejimi ilə də yaxından tanış olduq. Laboratoriya şöbəsinin əməkdaşı Günay Əliyeva bildirdi ki, biçimdən sonra buraya gətirilən toxumların təmizlik faizinə baxılır. Sonra onun çəkisi, təsərrüfata yararlılığı və cücərmə enerjisi təyin olunur. Mərkəzdə daha çox yerli taxıl sortlarının yetişdirilməsinə üstünlük verilir. Bunlardan “Fatimə”, “Konya”, “Bayraktar”, “Sönməz”, “Ceyhan”, “Əhmədağa” ən çox tələb olunan taxıl sortlarıdır. Toxumlar laboratoriyada analiz olunduqdan, təmizlik faizi və keyfiyyəti yoxlandıqdan sonra alıcılara təqdim edilir. 

    Onu da qeyd edək ki, toxumçuluğun inkişafı heyvandarlıq sahəsinin inkişafına da öz təsirini göstərir. Ona görə də burada çalışanlar heyvandarlığın inkişafına da dəstək olmaq üçün yüksəkkeyfiyyətli yem istehsalına da töhfələr verirlər. Daha bir vacib məsələ ondadır ki, ölkəmizə geni dəyişdirilmiş toxum sortlarının girişi qadağan olunub. Bu da yerli məhsulların yüksək səviyyədə əhaliyə təqdim olunmasını zəruri edir. Şərur şəhərində inşa olunan Sənaye məhəlləsində yağ istehsalı da həyata keçiriləcək ki, onun da fəaliyyəti yerli istehsalçıların, fermer və fərdi şəxslərin günəbaxan və qarğıdalı yağı istehsalından asılıdır. Ona görə də mərkəzin ərazisində 10 hektara yaxın qarğıdalı, 7 hektara yaxın günəbaxan əkilib. Mərkəzin fəaliyyəti bununla bitmir, muxtar respublika ərazisində əkmək üçün şam, palıd ağacları tinglərinin yetişdirilməsi də həyata keçirilir. Yeniliklərdən biri də odur ki, yaxın vaxtlarda küknar ağaclarının yetişdirilməsinə də başlanılacaq. Mərkəzdə gördüklərimiz belə deməyə əsas verir ki, bu gün muxtar diyarımızda aqrar sektorda istehsal imkanlarının artırılması, o cümlədən ölkə üzrə ərzaq təminatının möhkəmləndirilməsi, təsərrüfatçıların yüksəkkeyfiyyətli toxumlarla təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində toxumçuluğun inkişafına böyük diqqət və qayğı göstərilir. Bu da təsadüfi deyil. Çünki gələcək bol məhsulun əsası torpağa səpilən toxumla qoyulur. Mütəxəssislərin də qənaəti belədir ki, məhsuldarlığın artmasında yüksək reproduksiyalı toxum müstəsna əhəmiyyət daşıyır. Muxtar respublikamızda taxılçılığın inkişafında müstəsna xidmət göstərən “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. 

Bülbül QULİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 06.09.2022 19:48