AZ EN RU

Toxuduqca ilmə-ilmə... - FOTOLAR

    Naxçıvan xalçaçılıq məktəbinin Azərbaycan xalçaçılıq sənəti tarixində özünəməxsus yeri və rolu vardır. Ənənəvi naxış və elementləri, zəngin rəng çalarları, orijinal kompozisiyaları ilə seçilən bu məktəb xalqımızın dünyagörüşünü, mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə yaşadır. 
    Tarixi mənbələr göstərir ki, hələ IX-X əsrlərdə öz xalça və zililəri ilə məşhur olan Naxçıvan XVI əsrdə xalçaçılığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsinə çatıb, burada toxunan zərif xalçalar Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilib. 
    Bu gün də muxtar respublikamızda xalçaçılıq sənəti qorunub yaşadılır, onun inkişafı diqqətdə saxlanılır. 2021-ci il mayın 10-da Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılması, bu sahədə peşə təhsilinin dəstəklənməsi, əllə toxunmuş xalçaların reyestri sisteminin yaradılması, aparılan tədqiqatlar zamanı əldə edilən məlumatlar əsasında yeni elmi nəşrlərin hazırlanması və digər tədbirlər xalça sənətinin yaşadılması və inkişafına böyük təkan verib. 2010-cu ildən yeni binada fəaliyyətə başlayan Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi milli-mənəvi dəyərlərimizi özündə yaşadan Naxçıvan xalçalarını mühafizə edir. Muzeydən aldığımız məlumata görə, burada 4000-ə yaxın eksponat qorunub saxlanılır, ekspozisiyada 460 eksponat nümayiş olunur. Muzeydə bir çox xalça növləri vardır ki, bunların içərisində Ulu Öndərimiz Heydər Əliyevə həsr olunan portret xalça, Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsinin əks olunduğu xalçalar xüsusilə seçilir. 
    Peşəkar xalçaçılarımız tərəfindən bu dekorativ-tətbiqi sənət növü yaşadılır və inkişaf etdirilir. İlk müsahibim uzun illərdir, xalçaçılıq sənəti ilə məşğul olan, bu sahədəki fəaliyyətinə görə 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı, 2017-ci ildə ölkə başçısının müvafiq Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilən Gülsüm Kəngərlidir. O, xalçaçılığın sirlərini böyük bacısından öyrənib və 9 yaşından xalça toxumağa başlayıb: – Doğulub, böyüdüyüm Babək rayonunun Vayxır kəndində qış sərt keçdiyi üçün pambıq iplərlə sıx xalçalar toxunurdu. Onların üzərində müxtəlif gül rəsmləri, nəbati ornamentlər, naxış elementlərindən istifadə olunurdu. Məsələn, göl geniş yayılan naxış elementlərindən biri idi. Xalça sənətində gölü “medalyon”, “xonça” da adlandırırlar. Toxuduğumuz xalçalar xovlu və xovsuz olmaqla, ikiyə ayrılırdı. Xovluya xalça, xalı, gəbə və sair, xovsuza isə palaz, kilim, cecim, zili, şəddə və sair daxil idi. Xalça toxunması zamanı iplərin boyanması əsas işlərdən sayılırdı. Müxtəlif bitkilərin yarpaq, çiçək, meyvə, qabıq və digər hissələrindən boyaq məhsulları hazırlayıb yun, ipək və pambıq ipliklərin boyanmasında istifadə edirdik. 1990-cı ildə Vayxır kəndində açılan xalçaçılıq sexində usta kimi fəaliyyət göstərmişəm. 1999-cu ildə Xan sarayında (o vaxt Xalça Muzeyi orada fəaliyyət göstərirdi) təşkil edilən sərgidə ilk dəfə əl işlərim nümayiş olundu. Ümummilli Liderimiz Heydər Əliyev həmin tədbirdə iştirak edirdi. Ulu Öndər naxçıvanlı qadınların əl işlərini çox bəyənmişdi. O gündən sonra məni də Naxçıvan Dövlət Xalça Muzeyinə işə dəvət etdilər. 2000-ci ildən burada çalışıram. Eyni zamanda Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərə xalçaçılığın sirlərini öyrətmişəm. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin yaşadılması ilə bağlı layihələrdə iştirak edirəm.
    Babək rayonunun Vayxır kəndindən olan Rübabə Əliyeva da gənc yaşlarından bu sənətə könül verənlərdəndir. 15 yaşından xalçatoxuyan və hazırda Xalça Muzeyində tərtibatçı-rəssam kimi fəaliyyət göstərən Rübabə xanım dedi: – Süjetli xalçalar toxuyuram. Azərbaycanda süjetli xalçaların toxunması qədim tarixə malikdir. Əvvəllər rəssamlar xalçalar üzərində müxtəlif ov, savaş, məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar işləyirdilər. Bu xalçalar divardan asılmaqdan ötrü toxunur və onların toxunmasında yüksəkkeyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov Naxçıvanda toxunan süjetli xalçaların əsas xüsusiyyəti idi. Xalçaların naxış-kompozisiyasında yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tuturdu. İndi mənim hazırladığım süjetli xalçalar üzərində Naxçıvan gözəli, Tıq-tıq xanım, dəvə karvanı, buta və sair yer alır. İndiyədək 200-ə yaxın böyük və kiçikölçülü xalça toxumuşam. 
    Bu gün muxtar respublikamızda bu sənətin öyrənilməsi, yaşadılması üçün hər cür şərait mövcuddur. Əl işlərimizi sərgi-satış yarmarkalarında, festivallarda nümayiş etdirir, satışına nail oluruq. Həmçinin bu sahədə əməyimiz dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu mənim üçün böyük stimuldur. Bu sahəyə göstərdiyi qayğıya görə dövlətimizə minnətdaram. 
    1988-ci ildə Culfa rayonunun Ləkətağ kəndində doğulan Türkanə Musayeva 14 ildir, xalçaçılıq sənəti ilə məşğul olduğunu deyir: – 2009-cu ildə peşə məktəbində toxuculuq kursunu bitirdikdən sonra İqtisadiyyat Nazirliyinin nəzdində olan xalçaçılıq emalatxanasında işləmişəm. Orada xalça sənətinin incəliyini daha dərindən Gülsüm və Həcər xanımdan öyrəndim. 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində xalçaçı vəzifəsində çalışıram və 2021-ci ildən birliyin üzvüyəm. Xalçaçılıq mənim üçün başqa bir aləmdir. Hananın arxasına keçib xalçanı toxuduqca, ilmələri vurduqca sanki ruhum dincəlir. Əsasən, qobelen, süjetli xalçalar toxuyuram. Muxtar respublikada keçirilən sərgi və yarmarkalarda iştirak edirəm. Ötən ilin 27-30 oktyabr tarixlərində Türkiyənin Çorum şəhərində keçirilən sərgidə əl işim nümayiş olundu. Xalçaçılıq sənəti bizim tariximiz, milli dəyərimiz, incəsənətimizdir. Biz bu ənənəni qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 10.01.2024 12:47