AZ EN RU

Torpaqların su təminatının yaxşılaşdırılması işləri davam edir

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin noyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüş, hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin noyabr ayının sonuna 53,82 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə noyabr ayı ərzində 16,18 milyon kubmetr su verilmiş, bunun müqabilində 13 min 26 hektar torpaq sahəsi suvarılmışdır.
    2023-cü ilin ötən ayı ərzində 23,46 kilometr beton və torpaq kanallar, 10,16 kilometr ara arxlar, 3,8 kilometr kollektor lildən təmizlənmiş, 1,61 kilometr içməli su, 0,12 kilometr kanalizasiya xətləri çəkilmiş, 1,4 kilometr mövcud içməli su xətlərində, 0,01 kilometr kanalizasiya xətlərində, 0,65 kilometr suvarma boru xətlərində, 1,62 kilometr təzyiqli boru xətlərində, 0,57 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Şərur rayonunda Muğanlı kollektorunda 1,5 kilometr, Qorçulu kollektorunda isə 2,3 kilometr olmaqla, ümumilikdə, 3,8 kilometr kollektorda lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunun 45 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2”, “Günəşli”, “Zeyvə-1”, “Zeyvə-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,79 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Hacıvar” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 kilometr, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Şahbuzkənd” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,08 kilometr, Culfa rayonunda Culfa şəhər içməli su təchizatı sisteminin təzyiqli boru xəttində 0,02 kilometr, Ordubad rayonunda “Əylis-1” nasos stansiyasının təzyiqli boru xəttində 0,2 kilometr, Kəngərli rayonunda “Kərki”, “Böyükdüz”, “Qıvraq-1” nasos stansiyalarının və Böyükdüz ərazisindəki qapalı suvarma şəbəkəsinin təzyiqli boru xətlərində 0,37 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,05 kilometr təmir-bərpa işləri aparılmışdır. 
    2023-cü ilin noyabr ayı ərzində                4 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 420 metr kürə lildən təmizlənmiş, 8 metr saybənd hörülmüşdür. 
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla 43 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Sirab kəndində 1 subartezian quyusunun tikinti işləri başa çatdırılmışdır. Cəmiyyətin tabe idarələrinin təmir sexləri tərəfindən 4 ədəd ekskovator, 1 ədəd avtomaşın, 1 ədəd traller, 1 ədəd avtokran, 2 ədəd nasos rotoru, 1 ədəd elektrik mühərriki təmir olunmuş, 17 ədəd nasos hissəsi hazırlanmışdır.
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 54 evin içməli su xəttinə, 194 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və

 Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 13.12.2023 17:46