AZ EN RU

Torpaqların su təminatının yaxşılaşdırılması davam etdirilir

    İyul ayında suvarma mövsümünü mütəşəkkil keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilmiş, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadəyə nəzarət edilmişdir. Mövcud su anbarlarında iyul ayının sonuna 100,31 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə ötən ay 27,21 milyon kubmetr su verilmiş, 22 min 958 hektar torpaq sahəsinin suvarılması təmin olunmuşdur.
    Hesabat ayında 0,08 kilometr istiqamətləndirici bənd tikilmiş, 8 kilometr beton və torpaq kanal, 15,33 kilometr ara arxlar, 1,2 kilometr kollektor lildən təmizlənmişdir. 1,19 kilometr içməli su, 0,21 kilometr kanalizasiya xətti, 8,97 kilometr suvarma, 1,19 kilometr təzyiqli boru xətti çəkilmiş, 0,08 kilometr yeni kaptaj tikilmiş, 3,61 kilometr mövcud içməli su, 0,41 kilometr kanalizasiya, 1,02 kilometr suvarma boru xətlərində, 3,81 kilometr təzyiqli boru xətlərində və 0,97 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, ərazidə 5,26 kilometr paylayıcı xətlər çəkilmiş, 35 supaylayıcı hovuz və hidrant quraşdırılmışdır. Çeşməbasar və Güznüt kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi üçün hamarlanma işləri davam etdirilmiş, boru xətlərinin çəkilməsi üçün qazıntı işləri aparılmışdır.Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Babək rayonunda Qahab selovunda 80 metr seləqarşı istiqamətləndirici bənd tikilmişdir. Uzun­oba gölünün yaxınlığında olan təpədə yaşıllıq sahəyə fasiləsiz su verilməsi üçün su sərfi saatda 65 kubmetr olan yeni subartezian nasosu quraşdırılmış, müxtəlif diametrli borularla 1,24 kilometr yeni xətt çəkilmişdir. Əshabi-kəhf ziyarətgahına gedən avtomobil yolunun kənarındakı yaşıllıqları Araz Su Anbarından verilən su ilə təmin etmək üçün su sərfi saatda 40 kubmetr olan yeni subartezian nasosu quraşdırılmış və müxtəlif diametrli borularla 2,07 kilometr boru xətti çəkilmişdir.
    Şərur rayonunda 13, Sədərək rayonunda 0,9 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi layihəsi çərçivəsində boru xəttinin yerinin hamarlanması və qazıntı işləri davam etdirilmiş, ərazidə 1,19 kilometr təzyiqli boru xətti quraşdırılmışdır. Su anbarlarında mövcud olan su ehtiyatlarından qənaətlə, səmərəli istifadə etmək və su istifadəçilərinin suvarma suyuna olan tələbatının ödənilməsini təmin etmək məqsədilə müvafiq işlər görülmüş, uzun müddət işində fasilə yaranmış Araz çayından qidalanan nasos stansiyaları bərpa olunaraq suvarma suyunun verilməsi təmin edilmişdir.
    Ötən dövrdə 5 kəhrizdə təmir-bərpa işlər davam etdirilmiş, quyularda 53 metr təmizləmə, 30 metr çalagərdan hörgü işləri yerinə yetirilmiş, 590 metr kürə lildən təmizlənmiş, 66 metr saybənd hörülmüşdür. 98 suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyuları təmir olunmuşdur. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi cəmiyyətin Su Təmir-Tikinti İdarəsi tərəfindən davam etdirilir. Ərazidə quyularda təmir-bərpa işləri aparılmış, 35 metr kanalizasiya xətti qurulmuş, nasos stansiyasında nasoslar quraşdırılır. Bundan əlavə, Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 3,08 kilometr içməli su xətti çəkilmiş, 4 siyirtmə quyusu tikilmiş, 32 sayğac və 14 havaburaxıcı quraşdırılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

Nəşr edilib : 22.08.2022 18:54