AZ EN RU

Torpaqların su təminatı yaxşılaşdırılır - FOTO

    Suvarma mövsümünü uğurla başa çatdırmaq məqsədilə cəmiyyətin tabe təşkilatları tərəfindən cari ilin avqust ayında kanal və arxlarda lildən təmizləmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilmiş, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadəyə nəzarət olunmuşdur.

    Muxtar respublikanın mövcud su anbarlarında avqust ayının sonuna  75,09 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə hesabat ayında 20,38 milyon kubmetr su verilmiş, bunun müqabilində 16 min 971 hektar torpaq sahəsi suvarılmışdır. Ötən ay 6,95 kilometr beton və torpaq kanal, 11,1 kilometr ara arxlar, 1,2 kilometr kollektor lildən təmizlənmiş, 2,76 kilometr içməli su, 0,23 kilometr kanalizasiya xətti, 3,53 kilometr suvarma boru xətti, 0,21 kilometr yeni kaptaj tikilmişdir. 2,19 kilometr mövcud içməli su, 0,5 kilometr kanalizasiya xətlərində, 1,67 kilometr suvarma, 3,3 kilometr təzyiqli boru xətlərində, 0,75 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. 
    Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 1,05 kilometr paylayıcı xətt çəkilmiş, 15 supaylayıcı hovuz və hidrant quraşdırılmışdır. Çeşməbasar və Güznüt kənd­ləri ərazisində 240 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi məqsədilə hamarlanma və boru xətlərinin çəkilişi üçün qazıntı işləri aparılmış, 2,42 kilometr paylayıcı xətlər quraşdırılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 12, Sədərək rayonunda 1 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. 
    Avqust ayında 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir. 
     Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6-na yeni nasos quraşdırılmaqla, 92-si təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Qahab kəndində içməli və suvarma suyu ilə təminatı yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusunun qazıntı işləri başa çatdırılmış, ikinci quyunun tikintisinə başlanılmışdır. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə kanalizasiya və içməli su xətlərinin quyularında təmir-bərpa işləri aparılmış, yeni quyuların tikintisi üçün qazıntı işləri yerinə yetirilmiş, 1,5 kilometr kanalizasiya xətti quraşdırılmışdır. İçməli su xəttini qidalandıracaq subartezian quyularının yuyulması işləri davam etdirilmişdir. Eyni zamanda Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 1,64 kilometr içməli su xətti çəkilmiş, 9 müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Yeni tikilmiş kaptajda əlavə olaraq 36 metr qollar quraşdırılmış, kaptajın ətrafında çəpərləmə, bərkitmə və hamarlanma işləri aparılmışdır. Su anbarlarında və mühafizəçi otağında təmir-tikinti işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 06.09.2022 18:46