AZ EN RU

Torpaqlarımızı qəhrəmancasına azad edən şəhidimiz

Daşqın Elşad oğlu Rzalı

27.05.1993 – 21.10.2020

    Daşqın balaca vaxtından atasını itirib. Əkiztayı idi. Balaca vaxtlarından qardaşı Coşqunun qayğısına qalırdı. Evdar uşaq idi. Sakit və səssiz idi. Məktəbdə oxuduğu dövrdə də bir dəfə müəllimləri ondan narazı olmayıb. Düzdür, Daşqın ali təhsil alacaq qədər yaxşı oxumasa da, tərbiyəsi ilə məktəbin sevimlisi olub.

    İdmana çox maraq göstərirdi. Cüdo idman növü ilə məşğul olurdu. Məktəbdən gələn kimi çantasını evə qoyub cüdoya gedərdi. Naxçıvan birincisi olub mənim balam. Hətta üç medalı da var. Əsgərlikdən sonra da cüdoya davam edirdi. 
     Sonuncu dəfə danışığımızdan mən əmin oldum ki, Daşqın müharibədə deyil. Gedirdim qızımgilə. Qızımın yoldaşı mənə təsəlli verərək deyirdi ki, niyə narahat olursan. Daşqın sərhədçidir. Müharibədə deyil.
    Şəhid olan günü iki dəfə zəng etdi. Bir səhər, bir də axşamüstü. Dedi ki, ana, neyləyirsən. Dedim ki, Daşqın, bacıngildəyəm. Dedi, ana, ver onlarla da danışım. Hamısı ilə danışandan sonra dedi ki, telefonu ver Elnura. Elnur bacısı oğludur. Dedi ki, Elnur, dərslərini yaxşı oxu. Gəlib sənə maşın alacağam. Sağollaşdı. Bu, Daşqınımın sonuncu danışığı oldu.
    Qardaşı Coşquna çox bağlı idi. Birdən deyirdim ki, Coşqun belə elədi. Deyirdi ki, ana, Coşqunun gileyini mənə eləmə. Əgər darıxırsansa, gəl mənimlə yaşa. Amma Coşqundan heç nə demə. O qədər çox sevirdi qardaşını.
    Döyüş yoldaşları deyirdilər ki, biz onun yanında özümüzə şəhidlik arzulayırdıq. Daşqın bizimlə razılaşmırdı. Deyirdi ki, mən şəhid olmaq istəmirəm. Siz də şəhid olmayın. Birlikdə qəhrəmancasına döyüşüb Azərbaycan torpaqlarını azad edək. 
    Bizim şəhid balalarımızın hər biri qəhrəmandır. O qədər mərd, igid idilər ki, Vətəni, xalqı biz analarından üstün tutdular. Mən Daşqınımla fəxr edirəm. Qürurla:  “Mənim balam qəhrəmandır, şəhiddir”, – deyirəm. Vətən sağ olsun! 

Nəşr edilib : 26.03.2024 11:04