AZ EN RU

Torpaqlardan istifadəyə və mülkiyyət hüquqlarının qeydiyyatına dövlət nəzarəti gücləndirilib

    Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi fevral ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlərin icrası ardıcıl olaraq davam etdirilib. 

    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planı və “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planına uyğun olaraq Şahbuz rayonunun Daylaqlı, Babək rayonunun Kültəpə, Culfa rayonunun Əbrəqunus kənd­lərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. 
    Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Muğanlı, Həmzəli, Alışar, Şahbulaq və Siyaqut kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülüb. Şərur rayonunun Axura, Gümüşlü, Aşağı Yaycı, Yuxarı Yaycı kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində monitorinqlər davam etdirilib. 
    Şərur rayonunun Tənənəm və Xanlıqlar kəndlərində torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri ilə torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunması və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi barədə maarifləndirici görüşlər keçirilib. Rayonun Yuxarı Yaycı, Gümüşlü və Şahbulaq kəndlərinin həyətyanı torpaq sahələrinin yerquruluşu planları, Naxçıvan şəhəri və rayonlarda yaz mövsümündə yeni salınacaq və bərpa olunacaq yaşıllıq sahələrinin planları hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. 
    Ay ərzində 643 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 429 texniki sənəd hazırlanıb. Yeni yaranmış 23 daşınmaz əmlak obyektinə ünvan verilib, 76 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 127 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün vətəndaşlardan 1522 ərizə qəbul edilərək icra olunub. 12 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar ailə təsərrüfatlarının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
 Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 10.03.2022 20:35