AZ EN RU

Torpaq və qadın, yaxud həyat verən, bəsləyən, böyüdən...

Mart ayının bahar təravətli günlərindən birindəyik. Bu gün hava sanki digər günlərə görə daha hərarətlidir. Elə bil, təbiət də hiss edib bu gün xanımların bayramıdır. O sanki öz hərarətini qadın qəlbinin istisindən pay alaraq könülləri ram edir. Quşların cəh-cəhi, hələ yenicə yaşıla boyanan tarlalar, ağaclarda açan rəngarəng çiçəklər, aydın səma insanın ruhunu oxşayır, qanını qaynadır. Dünyamıza işıqsaçan Günəşin mülayim yaz şəfəqləri bu gün həmişəkindən daha parlaqdır. Günəş təpələrin üzərindən boylanaraq sarı saçaqları ilə bu yerləri nura boyayır. Məğrur-məğrur dayanan təpələr qoynunda lalələrin çiçəklənməsini həsrətlə gözləyir. Bar verməyə hazırlaşan ağacların sevinc işartıları ətrafa yayılır. 
Dağı-daşı, torpağı-suyu, səması bizim üçün əziz və doğma Naxçıvanımızın Babək rayonudur bura. Qəlbi riqqətə gətirən bahar təravətli ana təbiəti izlədikcə bu mənzərə insanın könül dünyasına qeyri-adi hökmranlıq edir. Düşünürsən... Bu qüdrəti, əzəməti yaz fəslinə kainatı yaradan Allah bəxş edib. Elə Qadına bəxş etdiyi güc-qüdrət kimi... Bu yerlərin gözəlliyinə daha bir gözəllik qatan zəhmət ətirli qadınlardır. O qadınlar ki sübh tezdən oyanıb, çalmasını çalıb, önlüyünü taxıb, əlinə bel, dırmıq alıb torpağın nazını çəkmək üçün əkin sahələrinə tələsirlər. Axı torpaq onların ruzi təknəsi, yaşam qaynağıdır... 
    Bu fədakar qadınların səhərin gözü açılandan gün batanadək duyulan zəhmət sədaları onların əməksevərliyindən xəbər verir. Siması zəhmətdən naxışlar, əlləri torpaqdan qırışlar alan əməkçi qadınlar torpağın böyük bir xəzinə olduğunu söyləyir. Deyirlər ki, torpağa baş əyəni torpaq başıuca edir, tər verənə zər, bağrını yarana bar-bərəkət verir. 
Şəfayət ana deyir ki, torpaq üçün alın təri axıtmağı bizə analarımız, atalarımız öyrədib. Torpağın bir qarışını belə boş qoymamaq ana nəsihəti, ata öyüdü olub bu yerin insanlarına. Əzəldən bəri bu yerlərdə torpaqda izi olanın camaat arasında nüfuzu da olub. İllərdir ki, əkin-biçin bizim ehtiyacımızı ödəyir, həyatımızın yeganə ruzi qaynağı olmaqla çətinliklərimizi aşmağa kömək edir. Alın açıqlığı ilə halal qazanc əldə etdiyimiz, gözlərimizin tək dikiləcəyi ruzi mənbəyimiz olub bu torpaqlar. 
Birlikdə tərxun yığdığımız Həkimə ana məni az öncəkindən fərqli olaraq daha səmimi baxışlarla, isti təbəssümlə izləyir. Deyəsən, xoş sözlərimlə qəlbini ovsunlaya bilmişəm.  Yanlış anlamayın, əsla xətrinə dəyməmişəm! Az öncə qaşqabaqlı məni süzməyinin səbəbini mən də bilmirdim. Sonra öyrəndim ki, sən demə, Həkimə ana şəkil çəkdirməyi sevmirmiş... Amma bir neçə dəqiqəlik söhbətimizdən sonra özü birlikdə xatirə fotosu çəkdirmək istədi, bərk-bərk də tapşırdı ki,“Tiktok”da paylaşmayın haa... 
Burada tanıdığım qadınlar o qədər səmimi, mehriban, qayğıkeşdirlər ki, sanki illərdir, məni tanıyırlar. Birlikdə göyərti yığıb, dəstələyib, yer kağladıqdan sonra saat 11 olur. Və çay saatı dedikləri həmin an yetişir. Bizi də çay fasiləsinə qonaq edirlər. Deyərdim ki, ana təbiətin qoynunda bu qadınlarla içdiyim çay həyatımdakı ən xoşətirli və dadlı çay idi. Çünki o çayda qadın ürəyinin hərarəti, səmimiyyət ətri vardı. Və yenə hər zamankı kimi, sağollaşmaq anı gəlib çatdı. Bu mehriban insanlardan ayrılmaq istəməsəm də, onlarla keçirdiyim xoş anları qələmə almaq üçün işə yetişməliyəm. Qayğıkeş analarla möhkəm-möhkəm qucaqlaşaraq yenidən görüşmək diləyilə sağollaşırıq. 
 ...Deyirlər, torpaq anadır, axı. Məncə, bu qadınlar da ana torpağın danışdığı dildir. Gözlərindəki səmimiyyət, ürəklərindəki saflıq, insanı iliklərinədək isidən sözlərindəki doğmalıq elə müqəddəs torpaq qədər insanı özünə çəkir. Bu, təbiidir. Axı torpaq da qadın kimidir. Vəfalı və səxavətli... Həyat verir, bəsləyir, böyüdür, eyni qadın kimi!

 
- Gülcamal TAHİROVA

Nəşr edilib : 08.03.2024 11:22