AZ EN RU

Torpaq uğrunda ölən varsa, Vətəndir

və ya qan yaddaşı unutmağı sevmir

Dünən yaşananlar

Özünün yaşı qədər haqsızlıqlara şahid olub bu qoca dünya. Hər şeyin zirvəsini görüb – insanlığın da, barbarlığın da... 1918-ci ilin mart soyqırımı o günə qədərki dəhşətlərin vəhşəti-zirvəsi kimi yazılıb tarixin qan yaddaşına. O gün yer-göy qan ağlayırdı. Dünya belə qanlı gün görməmişdi. Nə idi bu xalqın günahı? Niyə bu qoca dünya üz çevirmişdi bizdən?
    Düşünürəm ki, bəlkə, insanlığa xas olan ən yüksək, ən ali hisslərə sahib olmağımız idi günahımız?..
    Düz 70 il sonra – 1988-ci ildə bu oyunlar yenidən başlayacaqdı, tarix  yenidən təkrar olunacaqdı. Bu qoca dünyada biz o günləri yenidən yaşayacaqdıq. Hələ o günə 70 il vardı...
    ...İnsan həmişə ucalığa, aliliyə can atır. Bu, İlahi tərəfindən verilmiş hüquqdur. Bəs vəhşətin son həddinə çatmaq necə? Yeri, yurdu olmayan, kökü bu günə kimi araşdırılıb üzə çıxarılmayan, süfrəmizin çörəyi ilə, torpağımızın bərəkəti, suyu ilə böyüyən “gor qonşularımızı” biz niyə tanımadıq? Fil qulağındamı yatmışdıq? 
    Yox! Onların bu riyakarlığını ağlımıza belə yaxın gətirməzdik. Çünki bizim damarlarımızda axan qan Sara xatının qanıdır, Xətai babamızın qanıdır. Bu qan bizə insanlığı öyrədib. 
    ...İnsanlıq və vəhşət. Hər ikisi Allahın yaratdığı varlığın qəlbindədir. Bu da həyatın cavabı tapılmayan suallarından biri deyilmi? 
    ...Qoca dünya bütün bunları görə-görə bərkiyib, ancaq bu suala cavab tapa bilmir. 
    ...O gün ulu tarixə malik olan xalqımızın ah-naləsi ərşə qalxmışdı. Şaumyanlar, androniklər, əmiryanlar at çapırdılar torpaqlarımızda. İnsan qanı sel əvəzi axırdı. Qoca bilmirdilər, qadın tanımırdılar, uşaq saya almırdılar – dünya buna necə dözürdü, İlahi? O gün – martın 30-dan 31-ə keçən gecə bolşevik-daşnak birliyi Bakıda nələr etmədi?
    Xalqımızın böyük oğlu Nəriman Nərimanov sonralar yazacaqdı: “Müsəlman, hətta boşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağı kifayətdir”. 
    Sözə, ifadəyə diqqət kəsilin. Günahımız müsəlman olmağımızmış, bəlkə?.. 
    Allah sənə rəhmət eləsin, “Biçarə Vətən” deyən ulu ustad Mirzə Cəlil!
    ...Bünövrəsi Bakıda qoyulan qırğınlar hələ sentyabrın ortalarınadək çəkəcəkdi. Hələ qarşıda Quba vardı, Kürdəmir vardı, Salyan, Lənkəran, Şamaxı vardı hələ... 
    ...Tükürpədən faktlar bağır çatladır: 42 min soydaşımız öldürülüb. 144 kənd dağıdılıb. “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, “İsmailliyə” binası yandırılıb. “Təzə Pir məscidi” top-tüfəng atəşinə məruz qalıb.
    Tarix dil açıb danışır: “Mən erməni xalqının qəhrəmanı və müdafiəçisiyəm. Mən buraya qayda yaratmaq və sovet hakimiyyəti qurmağa gəlməmişəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazilərdə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Bu sözlər daşnak dəstəsinin komandiri Hamazaspa məxsusdur. 
    Baxın dəhşətin fitrətinə! 
    Baxın “zavallı xalqın” sərkərdəsinin öz iç üzlərini açıb tökən sözlərinə. 
    Baxın onların böyük bolşevik qardaşları ilə birlikdə yeritdikləri anti-Azərbaycan siyasətinə. 
    Yadıma ermənilərin dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyası düşür... Bu da minilliklərin sınağından çıxmış atalar sözüdür: “Yaxşı ki Allah dəvəyə qanad verməyib...” Bütün bunların başında isə ermənilərin torpaqlarımıza göz dikməsi dururdu. Havadarlarının köməyi ilə Zəngəzur və Dərələyəzə sahib ola bildilər. Sonralar iştahaları bir qədər də artdı. Ancaq düşünmürdülər ki, belə işğalçılıq siyasətinə bir gün son qoyulacaq.

Və 70 il sonra

    ...Nə qədər ki Ulu Öndər ölkəmizə rəhbərlik edirdi, tam dəqiqliklə və cəsarətlə demək olar ki, o dövrdə ermənilər Azərbaycandan bir qarış belə torpaq qopara bilmədilər. O vaxt Ermənistan Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyən Dəmirçiyanın Ümummilli Liderimizin böyüklüyünü iki cümlə ilə etiraf etməsi görkəmli dövlət xadiminin Moskvada daha böyük vəzifəyə təyin olunmasına qədər ermənilərin öz işğalçılıq planlarını həyata keçirilməsinə imkan vermədi. Dəmirçiyan demişdi: “Qarşınızdakı Heydər Əliyevdir. Ağlınız əvvəlki katiblərə getməsin...”
    1988-ci ildən – məlum hadisələr başlayandan 2020-ci il sentyabr ayının 27-dək müşahidə etdiyimiz proseslər mənfur erməninin iyrənc simasını, xarakterini (xaraktersizliyini) bir daha ortaya qoydu. Qarabağ ətrafında yerləşən rayonlarımızın işğalı, orada yaşayan azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınması, həmin ünvanlardakı yeraltı və yerüstü sərvətlərimizin talan edilməsi, abidələrimizin dağıdılması, müqəddəs yerlərdən başqa məqsədlər üçün istifadə, saymaqla bitməyən vəhşiliklər və onların bütün insanlığa təhqir sayılan nəticələri...
    ...Artıq bıçaq sümüyə dayanmışdı. Geriyə yol yoxdur. Ölkəmiz özünün yeni tarixini yazdı – silah və qanla. Bu, şərəfli bir tarixdir – illərboyu çörəyimizin artığı ilə böyüyən, əsli-kökü bilinməyən erməni vandalizmi üzərində qazanılan zəfər və şərəf tarixi. Bu tarixi yazmaq cəmi 44 gün çəkdi. Bu 44 gün ərzində bütün Azərbaycan və Azərbaycansevərlər ayaqüstdə durdular. Xalq “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Bu, “Dəmir yumruq” üçün ən böyük birlik idi. Hər gün ölkə başçısının xalqa müraciətlərini dinləməksə hər birimizdə qələbənin uzaqda olmadığı qənaətini daha da gücləndirirdi. Xaricdən gəlmiş muzdlu jurnalistlərin, məntiq etibarilə təmsil etdikləri dövlətlərin ölkəmizə münasibətlərinin şahidi olduq. Onların heç bir tarixi mənbəyə sığmayan sərsəmləmələri cənab İlham Əliyev tərəfindən qəti və tutarlı dəlillərlə və güclü siyasi xadim səviyyəsində rədd edildi. O dövrdə ermənilərin havadarlarının–BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun fəaliyyətini də gördük. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul etsə də, kağız üzərində qaldı – ermənilərin o qətnamələrin heç üzlərinə də baxmamaları belə böyük beynəlxalq təşkilatın özünə ən böyük təhqir idi. Hələ ATƏT-in Minsk qrupu... Bu bədnam təşkilat Azərbaycana, guya, “xeyirxahlıq missiyası yerinə yetirməyə” gələn ilk vaxtlarda xalqımız ona necə inanırdı? O öz səlahiyyətlərindən necə istifadə etdi bəs? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində dediklərini xatırlayıram: “Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün?” Burada 2020-ci il oktyabr ayının 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa daha bir müraciətində gəldiyi qəti bir qənaət yadıma düşür: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik”. Bu, ermənilərə havadarlıq edənlərin ikili standartlarının üstündən birdəfəlik qara xətt çəkmək idi. Ermənilərinsə xəyalları əvvəlki dövrlərə getmişdi. Ona görə də bütün bunlara – nəyin nə vaxt ediləcəyinə inanmırdılar. Qondarma “Dağlıq Qarabağ Respubikası”na “prezident” seçirdilər, iqamətgahı Şuşaya köçürürdülər. Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edirdi. Başları insan ağlına sığmayan cinayətlərə qarışmış erməniləri – bu “məzlum xalqı” isə bəzi beynəlxalq təşkilatların dedikləri “bu münaqişənin hərbi həlli yoxdur” qənaətinə inandıra bilmişdilər.  
    Ancaq o nankorlar ölkəmizin iqtisadi və hərbi qüdrətinin getdikcə güclənməsini, Azərbaycanın dünya siyasi arenasında söz sahibi olmasını da bilirdilər. Görürdülər ki, ölkəmiz böyük iqtisadi səmərə verən qlobal layihələrə qoşulub, Ermənistanın isə bu layihələrdən kənarda qalması ilə razılaşmaqdan başqa çarəsi olmamasını yaxşı dərk edirdilər. 
    Ermənistan onu da görürdü ki, bu gün Azərbaycanın güclü ordusu var. Cənubi Qafqaz regionunda söz sahibi, qüvvə sahibi olan bu ordu Ali Baş Komandanın əmri ilə qısa bir vaxtda torpaqlarımızı azad etmək qüdrətinə malikdir. Elə 2016-cı ilin Aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə keçirilən möhtəşəm paradından da dərs almadı. 
    Və nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı bu xalqın mübarizliyinin, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyinin, hər an mənfur ermənidən qisas almağa hazır olduğunun, haqq işimizin qalib gələcəyinin ifadəsi kimi böyük ictimai-siyasi əhəmiyyət daşıdığını da yaxşı bilirdi. 
    Pişik kimi belini yerə vurmaq istəməyən ermənilər haqq işimizin qalib gələcəyi günün uzaqda olmadığını da bilməmiş deyildilər. Və o günü də gördülər. Hələ də gördüklərindən özlərinə gələ bilməyiblər. Yüz illərdir, Azərbaycana qarşı etdiklərinin əvəzini 44 gündə alan bu barbar millət, çətin ki özünə gələ. Atalarımız yaxşı deyib: “Qozbeli qəbir düzəldər”.

Qan yaddaşı unutmağı sevmir

İkinci Qarabağ müharibəsi yüz illərdir, torpaqlarımıza diş qıcayan ermənilərə öz yerini göstərdi. Mövcudluğu dövründə xalqımıza qarşı həyata keçirdikləri qırğınlarda qurban getmiş azərbaycanlıların qanını döyüş meydanında aldı igid oğullarımız. Şəhadətə yüksələn, sağlamlıqlarını itirib qazi kimi evinə qayıdan qəhrəmanlarımız onların mübarizəsinin haqq işi, ədalətin bərpası olduğunu bir daha dünyaya bəyan etdilər.
    Bunu fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Qafqazda təhlükəsizliyin qorunması” mövzusunda keçirilən plenar iclasda ölkə Prezidenti cənab İlham Əliyevin jurnalistlərin suallarına verdiyi cavabla dilə gətirdi: “Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi”. 
    Ötən dövrün hadisələri bunu bir daha sübut etdi. Azərbaycan dünyanın ən böyük siyasi tribunalarından sülh sazişi ilə bağlı ölkəmizin hər an hazır olduğunu bildirsə də, bu “zavallı millət” yenə də öz havadarlarına arxayın olaraq yenidən müharibəyə başlamaq üçün Qarabağa silah daşımaqdan əl çəkmək istəmir. Ekoloji könüllülərdən qorxaraq alternativ yolla  – əgər buna yol demək mümkündürsə – öz çirkin əməllərini davam etdirir. Ancaq düşünmür ki, sirkə nə qədər tünd olarsa, öz qabını sındırar...
    Son olaraq. Tariximizin bütün ağrılarını, əzablarını qəlbində gəzdirən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Martı Azərbaycanlıların “Soyqırımı Günü” kimi elan etməsi xalqın soyuna, kökünə, özünə qayıdışı idi. Bu özünə, gələcəyə, inam idi. Bu inam doğrultdu özünü. Bu inam yaşatdı Odlar yurdunu. ...Biz böyük olmuşuq. Bu gün də böyüklüyümüzü saxlayırıq. Sabah da böyük olaraq qalacağıq. Çünki bizim qanımızla gəlib bu böyüklük. Qan yaddaşı unutmağı sevmir.  

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 28.03.2023 20:24