AZ EN RU

Torpaq mülkiyyətçilərinin iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndələri  ilə birlikdə rayonun Sələsüz kəndində təsərrüfat sahiblərinin iştirakı ilə “Aqrar sahənin inkişafı etdirilməsi, qarşıda duran vəzifələr və payızlıq taxıl əkinlərində gübrənin rolu” mövzusunda müşavirə keçiriblər.

Müşavirəni Şahbuz  Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əlizadə açaraq bildirib ki,  rayonumuzun təbiəti kənd təsərrüfatının bütün sahələrinin heyvandarlığın, arıçılığın və bitkiçiliyin inkişaf etdirilməsinə geniş imkanlar açır. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı iri təsərrüfatların yaranmasına və ailə təsərrüfatlarının inkişaf etdirilməsinə öz töhfəsini verib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov aqrar sahənin inkişafından danışaraq qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ailə təsərrüfatlarının rolu mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyətinin dəstəklənməsi sahibkarlığın inkişafına yol açır. Ailə təsərrüfatları bazarı yerli məhsullara təmin etməklə zamanla kiçik və orta sahibkara çevrilirlər. Göstərilən dövlət maliyyə dəstəyi ailə təsərrüfatlarının fəaliyyətində böyük rol oynamaqla yeni təsərrüfatların yaranmasına əlverişli imkanlar açır. Bildirilib ki, 2023-cü ilin təsərrüfat ilində bitkiçilik  sahəsində aqrotexniki tədbirlərin aparılması diqqətdə saxlanılmalıdır. Taxılçılıqda yüksək məhsuldarlığa təsir edən əsas aqrotexniki tədbirlərdən biri olan karbamid gübrəsinin verilməsidir. Gübrənin sahələrə verilməsi iki mərhələdə aparılmalıdır. Birinci yemləmə gübrəsi hava şəraiti nəzərə alınmaqla fevral ayının 20-dən sonra gübrənin 100-150 kq arasında verilməsi məsləhət görülür. 2-ci yemləmə gübrəsi isə mart ayının 15- dən sonra verilməlidir.

Nazirliyinin sektor müdiri Valeh Mehdiyev aqrar sahənin  inkişafında müasir kənd təsərrüfatı texnika və avadanlıqlarının rolundan, onların gücündən səmərəli istifadə edilməsindən danışıb.

Sonda mütəxəssislər təsərrüfat sahiblərini maraqlandıran sualları cavablandırıb

   Kənd Təsrrüfatı Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 01.02.2023 17:13