AZ EN RU

Torpaq mühitinin qorunması və münbitliyinin artırılması istiqamətində yazılan qiymətli monoqrafiya

Yeni nəşrlər

    Dünyada baş verən səhralaşma və torpaq deqradasiyası prosesləri Naxçıvan Muxtar Respublikasının da torpaqlarının münbitliyinin pozulmasına təsirini göstərir. Ərazidə müxtəlif təbii və antropogen təsirlər nəticəsində torpaqlarda baş verən deqradasiya prosesləri münbitliyin azalmasına, məhsuldarlığın aşağı düşməsinə və əhalinin ərzaq ehtiyatlarının ödənilməsində iqtisadi-sosial çətinliklər yaradır. 
    Bu məqsədlə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Torpaq ehtiyatları” laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların ekologiyası şöbəsinin kiçik elmi işçisi, dissertant, gənc tədqiqatçı Günel Ağazadənin müəllifliyi ilə “Naxçıvan Muxtar Respublikasında torpaq mühitinin qorunması problemləri” adlı monoqrafiya nəşr olunmuşdur. 
    Naxçıvan Muxtar Respublikasının ərazisində torpaqların münbitliyinin qorunması və səmərəli istifadə olunması üçün torpaq-bitki tədqiqatlarının aparılması əsas problemlərdən biridir. Məhz buna görə də  muxtar respublikada torpaqların münbitliyinin qorunması və səmərəli istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali           Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 21 noyabr 2014-cü ildə muxtar respublikada torpaq-iqlim şəraitinə uyğun təsərrüfatların ixtisaslaşdırılmasını aparmaq üçün aidiyyəti müəssisə və təşkilatlara tapşırıqlar verilmişdir. Bu istiqamətdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Torpaq ehtiyatları” laboratoriyasında məqsədyönlü elmi-tədqiqat işləri aparılmışdır.
    Verilmiş tapşırığa əsasən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Torpaq ehtiyatları” laboratoriyasının əməkdaşları tərəfindən 2016-cı ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarında torpaq-kadastr yarımrayonlaşdırılması üzrə aparılan tədqiqat işləri 2020-ci ildə yekunlaşdırılmışdır. Hər bir inzibati rayon üzrə toplanılmış ədəbiyyat, xəritə və çöl materialları təhlil edilərək yekun variantı əsasında torpaq-kadastr yarımrayonlarının xəritə-sxemi tərtib olunmuş və nəticədə, bu mövzuya həsr edilmiş  monoqrafiya  2021-ci ildə işıq üzü görmüşdür.
    Monoqrafiyanın giriş hissəsində son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiyası proseslərinin muxtar respublika ərazisində torpaq mühitinə təsiri haqqında ədəbiyyat məlumatları, mövzunun aktuallığı, məqsəd və vəzifələr öz əksini tapmışdır.
    Üç fəsildən ibarət olan mono­qrafiyanın birinci fəslində muxtar respublikada yayılan torpaqların formalaşmasına təsir göstərən fiziki-coğrafi (relyef, geoloji və geomorfoloji quruluş, iqlim, hidroloji və hidrogeoloji şəraiti, bitki və heyvanlar aləmi və sair) və antropogen amillər haqqında ətraflı  məlumat verilir.
    İkinci fəsildə əkinçiliyin inkişaf tarixi, aparılan torpaq və aqroekoloji tədqiqatlar, ərazidə yayılan deqradasiya proseslərinin torpaq mühitinin formalaşmasına mənfi təsiri, onların aradan qaldırılması yolları öz əksini tapmışdır. 
    Üçüncü fəsildə isə monoqrafiyanın əsas məzmununu təşkil edən və ərazidə torpaq münbitliyinin artırılması məqsədilə onların ekoloji qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılması və muxtar respublikanın inzibati rayonlarında təsərrüfatların daha dəqiq ixtisaslaşdırılması üçün təbii-torpaq kadastr yarımrayonlarına ayrılması problemləri müəyyənləşdirilmişdir.
    Nəticədə, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların mühitinin qorunması və artırılması üçün istiqamətlər müəyyənləşdirilmişdir. Bu baxımdan yeni nəşri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın icrası istiqamətində də atılan uğurlu elmi-nəzəri addım hesab etmək olar. Eyni zamanda monoqrafiyada muxtar respublikanın iqtisadi-sosial inkişafı, aqrar sektorda kənd təsərrüfatı məhsullarının artırılması və keyfiyyətinin yüksəldilməsi məqsədilə bir neçə tövsiyə və təkliflər irəli sürülməklə üç dildə xülasə yazılmışdır.
    Bioresurslar İnstitutu əməkdaşlarının hazırladıqları yeni nəşri muxtar respublikada torpaq-iqlim şəraitinə uyğun təsərrüfatların ixtisaslaşdırılmasını aparmaq, torpaq mühitinin qorunması və münbitliyinin artırılması istiqamətində yazılan qiymətli monoqrafiya hesab etmək olar.

Varis QULİYEV
aqrar elmlər doktoru, dosent

Nəşr edilib : 01.03.2022 19:21