AZ EN RU

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli 1400 nömrəli Fərmanı çərçivəsində hazırlanıb.

Təklif olunan dəyişikliyə əsasən, torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcəkdir. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.

Nəşr edilib : 28.06.2024 12:23