AZ EN RU

Torpaq alın təri ilə suvarılırsa...

    Şərur rayonunda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. İlin bu fəslində isə ələlxüsus... Ötən günlərdə – növbəti səfərimizdə rayonun Cəlilkənd kənd sakini Yaqub Tağıyevlə söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin kənarında baş tutdu:
    Onun söhbəti: – 2006-cı ildən – əlim iş tutandan əkib-becərməklə məşğul olan böyüklərimizdən məsləhətlər alıb, 13 hektar torpaqda taxıl əkdim. İlk vaxtlar torpağın dilini bir o qədər də yaxşı bilmədiyimiz üçün istədiyimiz qədər məhsula nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. Əbəs yerə atalarımız “Torpaq deyir: – Sən mənə tər ver, mən sənə zər verim”, – deməyiblər. Şükür Allaha, artıq çəkdiyimiz xərcin də, əməyin də qarşılığını ikiqat alırıq. Dükan-bazarlarımızın məhsullarla dolması, bol ruzi-bərəkət məhz torpaqlarımızın üzümüzə gülməsi sayəsindədir. Bu məhsullar zəhmətdən hasilə gəlir, əhalinin rifah halının yaxşılaşmasına öz töhfəsini verir.
    Həmsöhbətim bu günlərdə bütün dünyanı narahat edən su problemindən də danışdı: – İstənilən halda sudan qənaətlə istifadə vacibdir. Bu gün əkin sahələrində müasir suvarma sistemləri quraşdırılmaqla insan əməyinin yüngülləşdirilməsi təmin edilir. Bu suvarma üsuluna yağışyağdırma üsulu da deyilir. Belə suvarmada su nasosların köməyi ilə xüsusi borular vasitəsilə çiləyici aparatlara müəyyən olunmuş təzyiqlə vurulur və yağış şəklində torpağa düşərək torpağı və bitkiləri nəmləndirir, tоrpağın məhsuldarlığının itirilməsinin qarşısı alınır. Suvarmanın kiçik normalarla və tez-tez aparılması hesabına həm də suvarma suyuna qənaət olunur, becərilən bitkilərin məhsuldarlığı yüksəlir. Eyni zamanda sahələrdə hər il əsaslı hamarlama işlərinin aparılmasına, şırım və zolaqların düzəldilməsinə ehtiyac olmur. Daha mürəkkəb relyef şəraitində bu üsulla istənilən kiçik həcmdə suvarmanın aparılması, eləcə də sahələrdə dövri suvarma normalarının həyata keçirilməsi mümkündür. Yağışyağdırma üsulundan müxtəlif növ bitkilərin (yonca, xaşa, qarğıdalı, soya, buğda, arpa, günəbaxan, kartof, çuğundur, kök və sair) becərilməsində geniş istifadə olunur. Çiləmə üsulunun bir üstün cəhəti də odur ki, bu suvarma sistemi vasitəsilə bitkiləri müxtəlif ziyanvericilərdən qorumaq üçün dərmanlama aparmaq asan olur. Belə ki, dərmanın miqdarı sahəyə görə hesablanır və su borularına vurulur. Beləliklə, dərmanlamanın da keyfiyyəti artırılır. Bu il rayonun Cəlilkənd, Mahmudkənd, Şəhriyar yaşayış məntəqələrində, ümumilikdə, 33 hektar ərazidə kartof əkini apardığını deyən müsahibim bildirir ki, həmin sahələrdə bu suvarma sistemindən istifadə edir. Həmin kəndlərin ərazisində 20 hektar ərazidə isə soğan əkdiyini deyən zəhmətkeş bu əkin sahələrində də gələcəkdə damcı suvarma üsulunu tətbiq etməyi planlaşdırır. O deyir ki, hər  bitkinin özünəməxsus xüsusiyyəti olduğu üçün onun suvarılması da özünəuyğun qaydada aparılmalıdır. Əkdiyimiz bitkinin xüsusiyyətlərinə görə suvarma aparsaq, məhsulun həcmi də artar. Həmsöhbətim damcı üsulunun səmərəli olması barədə söhbətinə davam edir:
    – Damcılama üsulunda suvarma suyuna qənaət olunmaqla, daha az su ilə daha çox sahə suvarılır. Bu suvarma üsulunda torpaqda eroziya prosesi baş vermir, qrunt sularının səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şoranlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin edilir. Su ilə birlikdə ehtiyac olan gübrəni də bitkiyə vermək olur. Bu üsul avtomatik idarə olunduğundan əl əməyi azalır. Bu suvarma üsulundan, əsasən, meyvə, tərəvəz, bostan və bir çox tarla bitkilərinin becərilməsində istifadə olunur. Bu zaman borular bitkinin növündən asılı olaraq torpaqaltı və torpaqüstü yerləşdirilə bilər. Bitkinin növünə və əkin sxeminə əsasən müxtəlif növ damcılama boruları və damladıcılardan istifadə edilir. Bu suvarma sisteminin bir üstün cəhəti də ondan ibarətdir ki, xüsusi filtrlər vasitəsilə su tərkibindəki qum, gil, yosun və sair zərərli hissəciklərdən təmizləndikdən sonra bitkiyə verilir. Damcı ilə suvarmanın iki növü vardır: Bağçılığın salınmasında damcı ilə suvarma (daimi sistem) və tərəvəz bitkilərinin damcı ilə suvarılması (mövsümi sistem). Damcı ilə suvarmada adi suvarmaya nisbətən 2-5 dəfə suya qənaət edilir. Bitkinin kök ətrafı suvarıldığından suyun torpaq səthindən buxarlanması ilə itkiyə getməsi baş vermir. Damcılı suvarma tətbiq olunan sahələrdə istənilən vaxt aqrotexniki xidmətlər göstərmək və məhsul yığmaq mümkündür.
    Torpaq sahələrinin bir hissəsini icarəyə götürdüyünü bildirən müsahibim diqqətə çatdırır ki, əkin sahələrində 70-dən artıq işçi çalışır. İşçi sayı mövsümə görə dəyişir. Təsərrüfatımız böyüdükcə artıq ailə təsərrüfatından sahibkarlığa addım-addım yaxınlaşırıq, – deyən Yaqub Tağıyev onu da bildirir ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafına yaradılan münbit şəraitdən istifadə edib. İlk olaraq lizinq yolu ilə bir traktor alıb. Sonra isə tədarük etdikləri məhsulların uzun müddət saxlanılması üçün soyuducu anbar inşa etdirməyə qərar verib. Elə bu məqsədlə 2016-cı ildə Sahibkarlığın İnkişafı Fondundan 50 min manat kredit götürüb. İlk olaraq 600, sonra isə 300 ton tutumu olan soyuducu anbar kompleksi inşa etdirib. Sahibkar onu da bildirir ki, soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər həm də əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. 
    Bu gün həmsöhbət olduğumuz zəhmətkeş Yaqub Tağıyevin dediklərindən belə qənaətə gəlmək olar ki, hazırda muxtar respublikamızda fəaliyyət göstərən onlarla ailə təsərrüfatı artıq sahibkara çevrilib.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 16.05.2023 18:21