AZ EN RU

Torpağından qəhrəmanların ətri gələn, bulaqlarının gözündən vətənpərvərlik süzülən cənnətdir Şuşa

Şuşaya şəhid ailələri ilə birlikdə qədəm qoyarkən bir anlıq xalqımızın qəhrəman oğullarının yaxınlarına nəzər salıram. Körpələrin atası, anaların balası, əlinin xınası getməyən gəlinlərin həyat yoldaşları, bacıların qardaşı, qardaşların, ataların arxa-dayağı olan oğulların qanı ilə sulanan bu torpağa baxıram. Dilə gəlir düşüncələrim, səslənirəm Şuşaya, Natəvana, Vaqifə, Üzeyir bəyə:

– Qalx, ellərin sevimli qızı Natəvan, qarşıla sənin ruhunun azadlığı uğrunda canından keçən oğulları  dünyaya gətirən anaları. Axı sən də övlad acısı çəkmisən, ürəyin bala həsrəti ilə yanıb. Halallıq al, Şuşanın hər qarışı uğrunda can verən oğulların analarından. Onlarla bərabər layla de, toy xonçası məzarına düzülən, bəy köynəyini kəfənlə dəyişən oğullara.

– Oyan, Şuşanın əsl sahibi, ürəyi qürbətdə dayanan Pənahəli xan. Oyan ki şəhid ataları səni görüb təsəlli tapsın. Ruhunu şad edən oğulların atalarına onların igidliyindən danış ki, bilsinlər necə qəhrəman oğullar böyütdüklərini. Vətən sevgisini səndən öyrənən Vətəni üçün canını fəda edən igidlərin əzizlərinə bəhs et onların qəhrəmanlığından. Şuşanın hər qarışına qanı tökülən oğulların son dəfə nəfəs aldığı yerləri göstər analarına. Son sözlərin nə olduğunu de şəhid balalarına. Qoy onlar da bilsin atalarının son arzusunun nə olduğunu .

– Hüququndan keçən əsgərlərin qardaşlarına təsəlli ver, Üzeyir bəy. Azərbaycan Himnini Şuşada səsləndirən Oğuz elinin qəhrəman igidlərinin analarına, övladlarına təskinlik ver. Oyan, Vaqif, xalqımızın dövlətçilik tarixini öz qanları ilə dəyişdirən oğulların ata əvəzinə soyuq məzar daşına sarılan övladlarından, yollara dikilən baxışlarına əbədi həsrət çökən xanımlarından halallıq istə. Cıdır düzündə Qarabağ şikəstəsi səslənəndə ruhuna sakitlik gələn Bülbül, səs elə, duysun səsini qəhrəmanların anaları. Cənnət Şuşa, dilə gəl, təşəkkür et, sinəndəki düşmən bayrağını söküb atan oğulları böyüdən atalara. Cıdır düzü, sən də danış, o sıldırım qayalarının çətin keçidlərindən keçib gələn oğullardan. Axı yüz  illər boyu heç kimin ayağı dəyməyən o keçilməz uçurumu kimsə aşa bilməmişdi. Duydunmu ki, gələnlər səni azad etmək üçün canından keçəcək, yol verdin onlara. Qarabağ atının seyrangahında şahə qalxdığı həmin günü gördün axı, danış azad olduğun gündən şəhid anasına. Dil aç, əziz Şuşa, cənnət Şuşa, oğulların son arzusunun nə olduğu de sənin ziyarətinə gəlib, torpağını ovuclayıb balalarının ətrini duyan analara. Axı sən hamıdan yaxşı bilirsən həsrətin nə olduğunu. İllərlə həsrətli baxışların dolanbac yollarında qaldı, sənin gözlərinin yaşı qəlbini yandırdı Azərbaycan anasının. Oğullar böyüdüb sənə qurban dedi axı qadınlarımız. “Sinəndən vurulmasan, südüm sənə haram olar”, – dedilər oğullarına. Toy xonçalarını şəhid məzarlarına düzəndə “Şuşa azaddır” xəbərini eşidib qürurla dayandılar məzar başında. Dilə gəl, Tanrının yer üzündəki ən sevimli şəhəri.

 Həmin an sanki Şuşa dil açıb danışmağa başladı:

Azad Vətən torpağının ürəyinin sədası

Mən Şuşayam, həmin Şuşa ki, hələ 270 il bundan öncə təməlim Pənahəli xan tərəfindən qoyulub. Çəmənlərimdə Vaqifin şux gözəli gəzdi, Natəvanın qəzəli ruhunu məndən aldı. Anam Qarabağın görən gözü, döyünən ürəyiyəm mən. Bərəkətli torpağıma, gözəl hüsnümə, Çətir şəlaləmə, Topxana meşəsinə sahiblənmək istəyənlər az olmayıb. Tarix boyu Azərbaycana göz dikənlərin ilk hədəfi də mən olmuşam. Axı mən Qafqazın cənnəti idim. İran şahlarının, rus imperatorlarının qoşunlarının hücumlarına çox sinə gərmişəm igid oğullarımla bərabər. Onlar Vətəni öz canlarından əziz tutub məni qoruyublar. Çətin günlərim çox olub, ən çətini isə dinimdən, dilimdən olmayan bir tayfanın sinəm üstə köç etməsi idi. Gəldilər, yerləşdilər mənə sahiblənməyə çalışdılar. Oğullarım, qızlarım imkan vermədi onlara amma. Fürsət tapan kimi kök saldılar torpağıma, mən qoymasam da onlar boy atıb böyüsün. Sapı özümüzdən olan baltalar hesabına işğal etdilər məni, əsir aldılar. Düz 28 il 9 ay dərd çəkdim yad tapdaqda, sinəmə düşmən əsgəri ayaq basdıqca nəfəsim kəsildi. Qoynumda uyuyan şəhidlərimin məzarına divan tutulduqca ərşim göyə qalxdı. Tarixboyu sinəm üstə ucalıb düşmənə gözdağına çevrilən minarələr, hamamlar, məscidlər xarabaya çevrildikcə dabanımdan od tutdum. Cıdır düzündə düşmən yallı gedəndə tüstüm göylərə qalxdı. Yandım, kül oldum yad baxışlarda. Bulaqlarımın gözündən axan sular qurudu məscidlərim tövləyə çevriləndə, minarələrdən azan yerinə düşmən musiqisi eşidiləndə. Vaqifimin məzarı dağıdılanda, Natəvanımın, Bülbülümün, tarixə ad salan igid sərkərdələrimin malikanələri xarabaya çevriləndə, dağlarımda düşmən var – gəl edəndə çəmənlərimdə bitən xarıbülbülün ətrini erməni əsgəri almasın deyə solanda:

Əzizim qoşa dağlar,

Gedibdi huşa dağlar,

Öldü bülbül, soldu gül,

Kimsəsiz yaşa, dağlar,

deyib ağladım illərcə. Gözüm uzaq yollarda əzizlərimin getdiyi yerlərdə qaldı. Mən illərlə həsrət çəkdim. 28 qış gəldi, yaz keçdi, yay oldu, amma mənim baharım gəlmədi. Mən burada dondum, od tutdum, sakinlərim isə uzaq diyarlarda. Ümidimi itirmədim, bilirdim ki, Vətəndən pay olmaz, Vətənin oğulları məni azad edib evimə qaytaracaq. Elə düşündüyüm kimi də oldu. Ümidim həqiqətə çevrildi. Ömrünü Vətənə qurban verən oğullar bir payız günündə dumanlı-çənli bir gündə canlarını qurban verdi mənim bir ovuc torpağıma. Onların igidliyi ilə Günəş yenidən illər sonra doğuldu səmamda. Torpağım ərənlərin qanına bələndikcə layla dedim onlara. Qalx Vaqif, oyan Natəvan, Pənahəlim, igid sərkərdəm, baxın görün kim gəlir, dedim. Vətənin əsil oğulları gəlib sizin ruhunuzu azad etməyə, qanları ilə mənə can verməyə. Şəhidlərimin ruhu ağ göyərçin olub səmamda süzüldükcə illərdir, yara olan köksüm sağaldı. Köksümə sancılan, nəfəsimi kəsən düşmən bayrağını söküb ayaqlar altına atan oğullarım ürəyimə fərahlıq, sevinc gətirdi. Payızım yaza döndü həmin ildən sonra. Xarıbülbül solmamışdı həmin payız, o da hiss etmişdi əsl sahibinin gələcəyini. Hər ilin bu vədəsində qar yağardı köksümə, həmin il o da yağmamışdı. Yağıb yolları kəsmək istəməmişdi. Çünki hiss edirdim igidlərimin gəldiyini. Tanrı mənim səsimi duymuşdu. Tanrı oğullarıma elə bir güc vermişdi ki, düşmənin nəfəsini həmişəlik sildilər torpağımdan.

Üzüm gülür daha, qəlbim qan ağlamır. Dincəlirəm mən artıq, dirçəlirəm, xoşbəxt görünürəm. Cıdır düzündən “Qarabağ şikəstəsi”, “Vətəndən pay olmayır” sədaları yüksəlikcə, Şuşa qalasına yaraşıq verən üçrəngli, ay-ulduzlu bayrağım dalğalandıqca ruhuma sakitlik gəlir. İgid oğullarım köksümə yaraşıq verir. İndi mən ilk məhəbbətinə, vüsalına qovuşan Şuşayam. Susuzluqdan, həsrətdən çat verib qanayan dodaqlarıma təbəssüm qonub iki ildir mənim. Mən həmin Şuşayam, artıq Qafqazın cənnəti, Azərbaycanın sənət beşiyi, Qarabağın tacı Şuşa, Azərbaycanın azad Şuşası, xarıbülbülün azad yurdu, abad yurdu. Haqqınızı Vətənin bir parçasına halal edin ata əvəzinə soyuq daşlar qucaqlayan körpələr. Haqqınızı halal edin toy xonçasını məzara aparan analar.

Vətən müharibəsində hər kəndə, hər şəhərə – Suqovuşana, Xudafərinə, Zəngilana, Qubadlıya bayrağımız sancılanda sevincimiz sonsuz oldu. Amma Şuşada bayrağımız dalğalananda sevincimiz ürəyimizdəki həsrətlə, qubarla qarışdı, sevinc göz yaşına çevrildi. Çünki Şuşa qeyrət rəmzimiz, Pənahəli xanın qürbətdə dayanan ürəyi, başqa torpağa kök salmayıb Şuşada düşmən tapdağında solan xarıbülbülün ah-naləsi, başımızın əsarətdə qalan tacı, düşmənə əsir olan Vaqif, Natəvan sözü, Bülbülün səsi idi. Şuşa hünər, zəfər zirvəsi, illərlə könlümüzdə qubar olan dərdimiz idi. Şuşa dağların başında əsir qalan cənnətimiz, düşmən baltasına tuş gələndə tüstüsü ərşə qalxan Topxana meşəsinin harayı, İsa bulağının zümzüməsi, Cıdır düzünə həsrət qalan Qarabağ atının səssiz fəryadı idi. Şuşa yollara dikilən həsrətli baxışlarımız, dilim-dilim olan ürəyimiz hər bir azərbaycanlı üçün əziz olan yurdumuz/ Ulu Öndərin dediyi kimi: “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

 Bu gün oğullarımızın qəhrəmanlığı sayəsində Şuşa qalasında üçrəngli ay-ulduzlu bayrağımız qürurla əbədi olaraq dalğalanır. Bax, bu, həmin bayraqdır. Şuşa uğrunda canından keçən onlarla igidə bəy paltarı olan bayraq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 11.04.2024 09:30