AZ EN RU

Torpağın sehrinə düşdünsə, ondan ayrıla bilmirsən

    Muxtar respublikada mütərəqqi təsərrüfat forması kimi ailə təsərrüfatlarının yaradılmasının tarixi bir neçə ildir və bu gün qədim diyarımızın  iqtisadiyyatında həmin təsərrüfatlar önəmli yerə malikdir. Bunu ötən illərdə qazanılan uğurlar da sübut edir. Hərtərəfli dövlət dəstəyi hesabına günü-gündən sayı artan, iqtisadiyyatımızın gücləndirilməsinə, insanların ailə büdcələrinin yüksəldilməsinə töhfələr verən ailə təsərrüfatlarının bir üstünlüyü də ondadır ki, bu təsərrüfatlar ənənəvi emal və istehsal sahələri ilə yanaşı, həm də unudulmaqda və ya az məşğul olunan sahələrdə fəaliyyət göstərməyə daha çox maraqlıdır. 
    Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da bu gün ailə təsərrüfatları öz səmərəli məşğulluq fəaliyyətləri ilə diqqəti çəkir. Məlumat üçün bildirək ki, bu gün rayonda 425 ailə təsərrüfatı formalaşıb. Belə təsərrüfatlar hərtərəfli dövlət dəstəyindən yararlanaraq bölgədə məhsul bolluğu yaratmağa, münbit torpaqlarımızın hər bir qarışından təyinatı üzrə istifadə etməyə səy göstərir. 
    Söhbətimin əvvəlində də qeyd etdiyim kimi, bu bölgədə də unudulmuş və ya az üz tutulan sahələrin inkişafına maraq getdikcə artır. 
    Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu gün Şərur rayonunda 2022-ci ilin məhsulu üçün 1032 hektar sahə qarğıdalı və 68 hektar sahə günəbaxan üçün ayrılıb. Belə ki, Düdəngə kənd sakinləri Mübariz Şirəliyev 7 hektar sahədə qarğıdalı, 22,5 hektar sahədə günəbaxan, Natiq Vəliyev 4,3 hektar sahədə qarğıdalı, 1,5 hektar sahədə günəbaxan, Püsyan kənd sakini Sultan Tağıyev 21,6 hektar sahədə qarğıdalı, 6 hektar sahədə günəbaxan əkini aparıblar. Onu da qeyd edək ki, bütün ailə təsərrüfatlarında bu sahəyə maraq getdikcə artır. Biz onlar sırasında daha çox əkin aparan ailə təsərrüfatı başçılarının adlarını çəkdik. Onlardan biri ilə şəxsən görüşüb həmsöhbət olduq. Sultan Tağıyevin 65 yaşı var. Əsl torpaq adamıdır. Bu qiymətli sərvətin dilini bilir, onun, necə deyərlər, nazını çəkməyi bacarır. Torpaq da onu sevənlərin, qayğı göstərənlərin zəhmətini əvəzsiz qoymur. Bunu Sultan kişi neçə illərdir ki, görür. Yaşının bu çağında da bütün günü torpaqla sıx təmasdadır, müxtəlif təsərrüfat sahələri ilə məşğul olur:
    – Sovxoz və kolxozlara məxsus torpaqları camaata paylayanda mən də çoxları kimi düşünürdüm ki, texnikasız əkin əkmək olar? Torpağın şumlanması var, ot sahələrinin, taxılın biçilməsi var... sahədən topladığın məhsulun daşınması var... Elə bil dünən idi. Ötən bu müddətdə hər şey öz yerini tapdı. Xüsusilə də texnika sarıdan olan çətinliklər aradan qaldırıldı. İllərlə su getməyən torpaqlara su çəkildi, nasos stansiyaları tikildi, artezian quyuları qazıldı, həmin torpaqlar əkin dövriyyəsinə qatıldı.
    Həmsöhbətim deyir ki, 7 nəfərdən ibarət ailə təsərrüfatı var. Bundan əlavə, heyvandarlıq təsərrüfatına daha 3 nəfər cəlb edib. Öhdəsində 60 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu heyvan var. Pay torpağından əlavə 12 hektar torpaq sahəsi alıb. Bununla yanaşı, hər il icarəyə torpaq götürür. Bu il də 25 hektar sahəni icarəyə götürüb. 
    10 ilə yaxındır ki, həm də qarğıdalı əkib-becərir. Türkiyənin “May” firmasının sırf yağlılıq üçün olan toxumundan istifadə edir. Nəzərdə onu da tutub ki, toxumu öz əkin sahəsindən əldə etsin; toxuma sərf olunan vəsait də özünə qalsın. Qarğıdalı və günəbaxan əkini sahələrində bol məhsul yetişdirib. 
    Müsahibim deyir ki, qarğıdalı və günəbaxan əkini tarixən Şərurda olub. Ancaq çox az səviyyədə. Əhali öz həyətyanı torpaq sahəsində bu məhsulları öz tələbatına görə  əkib-becərib. Ancaq Şərur şəhərində yaradılması davam etdirilən sənaye məhəlləsində bu məhsullardan istifadə olunacağını eşidəndə çoxlu torpaq mülkiyyətçisi onların əkininə başlayıb. Sahələrdə bol məhsul yetişdirilib. Vaxtında aqrotexniki tədbirləri yerinə yetirən ailə təsərrüfatının zəhmətinin hədər getmədiyini dilə gətirən Sultan Tağıyev əkdiyi “Ceyhan 99” taxıl sortunun üstünlüklərindən də danışaraq deyir ki, bu il əkib-becərdiyi taxılın orta məhsuldarlığını 60 sentnerə çatdırıb. Bunu son hədd saymır, məhsuldarlığı əkin sahələrini genişləndirməklə deyil, daha intensiv üsullardan istifadə etməklə artırmağa çalışır.
    Nəhayət, yuxarıda sadaladığımız statistik rəqəmlərin arxasında nə dayanır? Torpağa və zəhmətə bağlılıq, mövcud imkanlar və yaradılan şəraitdən səmərəli istifadəmi?
    Özünün dediklərindən:
    – Elə kolxoz və sovxoz dönəmində də torpaqda çalışmışam. Ailəm də mənimlə bərabər həmin təsərrüfatda işləyib. Ancaq o dövrün çətinliklərini elə o illərdə yaşayanlar daha yaxşı bilirlər. Ona görə də məhz o insanlar bugünkü şəraitdən daha səmərəli istifadə etməklə gəncləri öz arxalarınca aparmağı bacarırlar. Onlara neçə illərdir ki, qazandıqları təcrübəni öyrədirlər.
    Beləcə, torpağı münbit, suyu bol, sakinləri zəhmətkeş olan Şərur rayonundan, ailə təsərrüfatı başçısı Sultan Tağıyevdən ayrılarkən düşünürdüm ki, bir çox əkinçilik sahələrində qazanılmış zəngin təcrübə həm də hansısa peşəyə, sənətə yiyələnməkdir. Torpağın güclü sehri var. Bu sehrə düşdünsə, ondan ayrıla biləməyəcəksən. O isə sənin yaşayışını təmin edəcək, gün-güzəranını daha da yaxşılaşdıracaq. 

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 17.08.2022 18:00